Ukraynada döyüşən əcnəbi könüllülər – Hansı ölkənin vətəndaşları çoxluq təşkil edir, onlar kimdir?

2022-ci il, fevralın 24-ü, səhər saatlarında Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə hələ də davam edir. Ukraynanın mərkəzi şəhərlərinin dağıdılması, əsgər və sivillərin öldürülməsi beynəlxalq arenada narazılıqla qarşılanıb. 

Məlumdur ki, Zelenski xarici döyüşçüləri Rusiyanın hücumlarına qarşı döyüşmək üçün Ukraynaya dəvət edib. Ukrayna hökumətinin rəsmi saytındakı çağırışda bildirilib ki, Ukraynanın, Avropanın və dünyanın müdafiəsində iştirak etmək istəyən hər kəs gəlib ukraynalılarla çiyin-çiyinə rusiyalı cinayətkarlara qarşı döyüşə bilər. Lakin Rusiya kimi hegemon dövləti qarşısına almaq istəməyən bir çox ölkələr Ukraynanın müdafiəsi uğrunda döyüşmək üçün əsgər göndərmək barədə düşünmür.

Buna baxmayaraq, bir sıra ölkələrdən olan könüllülər artıq Ukraynadadır. Rusiyanın hücumlarına cavab olaraq döyüşmək istəyən əcnəbilər üçün Ukraynada "Legionerlər İttifaqı" yaradılıb. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba yerli mətbuata açıqlamasında bildirib ki, 52 ölkədən 20 minə yaxın insan Ukrayna ordusunda Rusiyaya qarşı döyüşmək üçün müraciət edib.

Gundem.az Ukraynanın müdafiəsində könüllü iştirak edən xarici ölkələrin döyüşçüləri ilə bağlı araşdırma aparıb.

Ukrayna uğrunda könüllü döyüşənlərin ölkə mənsubiyyəti tam açıqlanmasa da, onların arasında keçmiş Britaniya və Amerika xüsusi təyinatlı əsgərlərinin olduğu məlumdur. Bundan əlavə, onların arasında Kanadada təqaüddə olan bir qrup əsgər və snayperin olduğu da bildirilib.

Digər tərəfdən, Yaxın Şərqdəki bir çox müharibə və qarşıdurmalarda istifadə edilən Private Military Company (Şəxsi Hərbi Şirkət) rəsmi ordusunun da Ukraynada fəal iştirak etdiyi bildirilir. Ekspertlərin fikrincə, bir müddət sonra Rusiya Ukraynada döyüşənlərin könüllü döyüşçülər, yoxsa əcnəbi terrorçular olduğuna dair iddia irəli sürəcək. 

Məlumatlara görə, Ukraynada döyüşən əcnəbi döyüşçülər İngiltərə, ABŞ, Portuqaliya, İspaniya və Cənubi Afrika kimi ölkələrin komandolarında və xüsusi təyinatlılarında xidmət etmiş və təqaüdə çıxmış ekspert kadrlardır. Onlar müxtəlif növ silahların istifadə edilməsi, kəşfiyyat və əks-kəşfiyyat, minaların quraşdırılması və təmizlənilməsi və s. məsələlərdə olduqca təcrübəlidirlər. Hazırda Ukraynada döyüşən əcnəbi döyüşçülər şəhər, küçə münaqişələrində faydalı tapşırıqlar yerinə yetirirlər. Küçə münaqişələrində mövqe tutmaq və dəyişmək meydandakı münaqişələrdən fərqli taktika və texnika tələb edir. Binalara daxil olmaq, pəncərələrdən atəş açmaq üçün xüsusi təlim keçmiş ixtisaslı kadrlar tələb olunur. Gələn döyüşçülər bu missiyaları uğurla yerinə yetirirlər. 

Şəhər döyüşlərində vertolyotlara qarşı əsasən qısa lüləli silahlar, çiyindən atılan raketlərdən istifadə edilir. Bu silahlardan səmərəli və peşəkar istifadə etmək üçün təlim keçmiş kadrlara ehtiyac var. Gələn döyüşçülər bu ehtiyacı ödəyə bilir. 

Siyasi ekspertlərin fikrincə, heç bir şəxsi maraq güdmədən Ukraynanın müstəqilliyi uğrunda döyüşməyə gələn əcnəbi döyüşçülərin mütləq şəkildə faydalı olacağı gözlənilir. Lakin xarici döyüşçülər mütləq komandanlıq altında xidmət etməlidirlər. Əks halda problem yarada bilər. Unutmaq olmaz ki, əcnəbi döyüşçülər arasında düşmənin adından casusluq edənlər də ola bilər, şəxsi maraqları üçün qənimət dalınca gedənlər də. 

Məlumat üçün bildirək ki, "American Wall Street Journal"nın 4 yüksək rütbəli amerikalı məmura istinadən yayımladığı məqalədə bildirilib ki, Rusiya Ukraynaya qarşı müharibədə daha əvvəl şəhər döyüşlərində olmuş suriyalı əcnəbi döyüşçülərdən istifadə edir. Xəbərdə Rusiyanın Suriyada şəhər döyüşlərində təcrübəli döyüşçülərinin Kiyevə toplayaraq onlara müəyyən maaş təklif etdiyi qeyd olunub.

Gundem.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31