“Bu sərəncam Azərbaycanda elmə və biliyə dövlət səviyyəsində verilən dəyərin göstəricisidir”-Deputat
28 Fevral 2022 14:59 Siyasət"Prezident İlham Əliyev "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramına əsasən hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil alması nəzərdə tutulur". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin böyük bir hissəsi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək: "Hər bir gəncin mütəxəssis kimi formalaşmasında onun xaricdə aldığı təhsil ciddi rol oynayır. Sözügedən sərəncam gənc nəslin xaricdə yeni bilik və təcrübə qazanmasına öz ciddi töhfəsini verəcək. Prezident İlham Əliyevin bu sərəncamı Azərbaycanda gənc nəslin savadlı və bilikli yetişməsinin dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil etdiyini göstərir. Bu həm də Azərbaycanda elmə və biliyə dövlət səviyyəsində verilən dəyərin və önəmin göstəricisidir".