"Bir vaxtlar vətəndaşı olduğum böyük vətənimin ağ yalanlarını üzə çıxaran..."-Natiq Məmmədli

Olaylar.az xəbər verir ki, jurnalist Natiq Məmmədli facebook hesabında  "Qolodomor" soyqırım abidəsi ilə öz fotosunu paylaşıb. Natiq Məmmədli Qolodomoru 2013-cü ildə ziyarət etsə də, şəkilləri 7 il sonra- bu gün paylaşdığını bildirib. Paylaşımın altına yazdığı sözlər isə oxuculara dərindən təsir edib.

Paylaşımı təqdim edirik: "

Bura Qolodomordu...

Pırtlaşıq hörükləri kürəyinin arxasında qoşalaşmış qızcığaz acından ölüm ayağındadır... Lakin öz doğma torpağında bitən buğdanı dadmağa ixtiyarı yoxdu, çünki taxıl zəmisi tikanlı məftillərlə qəfəsə salınıb, çünki o, ukraynalıdı.

Həmişə bu heykəlin qabağında məktəblilərin gətirdiyi konfetlər, əl boyda çörək parçaları olur.

Uzaqdan adamın qulağına dəyib, tüklərini biz-biz edən ağır musiqi sanki tarixin ac mədəsinin qurultusu kimi səslənir.

Qolodomor soyqırımıdır! İki milyon yarım, bəzi mənbələrə görə beş milyon, təzə gün işığına çıxan arxiv sənədləri isə göstərir ki, on milyondan bir az kəm - Qolodomorda qırılanların acı statistikasını söyləmək o qədər asandır ki, bəzən bu rəqəmlərin gerçək insan taleyini ifadə etdiyini unudursan. 1932-33-cü illərin ağır qaramatında sayı hələ indiyə qədər yenilənməkdə davam edən milyonlarla insan məhz ukraynalı, məhz bu bərəkətli torpağın sahibi olduğu üçün acından ölümə məhkum edilibmiş.

Bura Qolodomordu - bir vaxtlar vətəndaşı olduğum böyük vətənimin ağ yalanlarını üzə çıxaran acından qırılmışların muzeyi... Rus, ukraynalı, azərbaycanlı, gürcü, latış və sairə və ilaxır, bizə vətən kimi təqdim olunan şər imperiyası qaynar qazanında bizi nə qədər qaynatsa da, heç vaxt qarışmamış, həmişə fərqli qalmışdıq. İndi bizim aramızda sərhədlər var, arxamızca sürünməkdən yorulmayan yalanın kölgəsi isə artıq əvvəlki kimi "şirin" uydurmaları, cazibədar vədləriylə başımızı tovlaya bilmir. Çünki artıq inanmırıq. İnana bilmərik. İnansaq uduzarıq. Hər rusun, ukraynalı, azərbaycanlı, gürcü, latışın və sairə və ilaxırın qismətinə Qolodomordan bir pay düşür.

Doğma torpağında bitən sünbüldən dadmaq üçün əlini tikanlı məftillərlə dövrələnmiş zəmiyə sarı uzadan qızcığaz bizə kim olduğumuzu anladır. Yolunuz Kiyevə düşəndə mütləq o qoşa hörüklü mələyin heykəlinə baş çəkin, özünüzlə konfet və bir parça çörək götürməyi unutmayın!". "Sev" romanı, səhifə 293.

P.S. Bura Qolodomordu... 2013-cü ilin payızında orada idim. Yuxarıdakı fikirləri isə 7 il sonra yazdım. İndi 2022-ci ildi, nə birinci, nə axırıncı dəfədi..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31