"Türkiyənin mövqeyi çox əhəmiyyətlidir"

Amerika Birləşmiş Ştatları və onun NATO üzrə müttəfiqlərinin uzun müddətdən bəri xəbərdarlıq etdikləri, amma inanmağın olduqca çətin olduğu Rusiyanın Ukraynaya müdaxiləsi başladı. Putin növbəti dəfə dünya ictimaiyyətinə qeyri adekvat addımı ilə şok yaşada bildi. Dünən Amerika Birləşmiş Ştatlarını müharibə anonsu verərək qarşıdurmanı artırmağa cəhd etməkdə günahlandıran siyasi qüvvələr çox təəssüf ki, yanıldılar. Ukraynanın rus raketləri qarşısında məhv olduğunu seyr edən aparıcı dünya dövlətləri Putin qarşısında necə aciz olduqlarını təsdiq etməkdən başqa yolları olmadığını təsdiq edirlər. Vaxtında Ukraynanı müdafiə etmək və Rusiyanın ambisiyalarının qarşısını almaq üçün zəruri tədbirləri görmədiklərinə görə bu dövlətlər necə də yazıq görünür. Zelenskinin dediyi kimi bundan sonra Avropa və Amerikanın Rusiyaya tətbiq eddəcəkləri sanksiyaların əhəmiyyəti nə olacaq? 

Vəziyyət həqiqətən, olduqca təhlükəli səviyyəyə çatıb. Rusiyanın Ukraynaya müdaxiləsini saxlaya bilməyən Amerika və Avropa sabah Putini öz qarşılarında görəcəklərinə heç şübhə etmir və indiki təlaşlarının səbəbi də sabah Rusiya ilə üz-üzə gəlməkdən çəkindiklərinə görədir, nəinki Ukraynanın məhv olmasına görə. Ukrayna Prezidenti Vladimir Zelenskinin  isə yardım üçün Türkiyəyə müraciət etdiyi haqqında məlumatlar gəlməkdədir. Zelenskinin Amerika və Avropa ölkələrindən daha çox Türkiyəyə səslənməsinin özəl səbəbləri var. Türkiyə Rusiya ilə mövcud münasibətlərinə baxmayaraq hələ Krımın işğalından bəri Kremlin  Ukraynaya təcavüzünü həmişə pisləyib və bu gün də Putinin yanlış yolda oduğunu deməkdən çəkinmir. Amerika Birləşmiş Ştatları Ukraynaya yalnız müdafiə səciyyəli silahlar verdiyi halda Türkiyə ona ən müasir hücum və kəşfiyyat  silahı verməkdən çəkinmədi.  Zelenski Ərdoğan və Türkiyə xalqının  yenə də Ukraynanın yanında olacağını və onlara bütün sahələrdə yardım etmək üçün əllərindən gələni edəcəyini bildiyi üçün ona üz tutdu.

Rəcəb Təyyib Ərdoğan da öz növbəsində Ukraynaya yardım məsələsini müzakirə etmək üçün Təhlükəsizlik Şurasının iclasını çağırıb. Heç şübhəsiz, iclas birmənalı olaraq Rusiyanın müdaxiəsini pisləyəcək və Ukraynaya yardım etmək yollarını müzakirə edəcək. Birmənalı olaraq Türkiyə Zelenskinin müraciətini müsbət cavablandıracaq. Amma bu məsələdə Türkiyənin imkanlarnı da çox yüksək qiymətləndirmək düzgün olmazdı. Türkiyə Ukraynaya yardım məsələsində Amerika və Avropadan daha irəli gedə bilməz və NATO-nun qarşısını ala b ilmədiyi münaqişəni saxlamaqda yetərli gücə malik deyil. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin də Zelenskini qabaqlayaraq Ərdoğanla müvafiq danışığı apardığını  nəzərdən qaçırmaq lazım deyil. Ərdoğan həmişə olduğu kimi bu məsələdə də Türkiyə dövləti və xalqının mənafeyinə uyğun hərəkət edəcək. Bu mənafe mövcud şəraitdə Rusiya ilə bürtün münasibətləri kəsməyi tələb etsə belə. İstənilən halda Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı günün ikinci yarısına qədər Türkiyədən olumlu cavabı eşidəcəyik. Düşünürəm ki, Türkiyənin mövqeyi Amerika və Avropa ölkələrini nəhayət Rusiyaya qarşı daha ciddi qərarlar qəbul etməyə məcbur edəcək.

Əlimusa İbrahimov

politoloq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31