Xocalı faciəsi dünyanın gözü qarşısında baş verdi, amma...
24 Fevral 2022 13:55 Siyasət"26 fevral hadisələri bəşəriyyət tarixinin ən utancverici səhifələrindən biridir". Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
"Təəssüf ki, dünyaya demokratiya və insan hüquqlarından dərs keçən dövlətlər günahsız insanların, qadınların, uşaqların erməni terrorçuları tərəfindən qətl edilməsi ilə bağlı səssizlik nümayiş etdirdilər və bütün dünyanın gözü qabağında Xocalıda dəhşətli hadisələr baş verdi. Təəssüflər olsun ki, Xocalı soyqırımının üzərindən 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də bu soyqırım beynəlxalq hüquq tərəfindən öz ədalətli qiymətini almayıb. Baxmayaraq ki, Xocalı soyqırımını dünyanın bir sıra parlamentləri tanıyıb, amma indiyə qədər qlobal mənada ümumdünya səviyyəsində Xocalı soyqırımı ilə bağlı haqlı səsləri eşitməmişik. Saxta uydurma 1915-cil il hadisələri ilə bağlı Türkiyəyə daim təzyiq edən və erməni lobbisinin maraqlarına xidmət edən qərb dövlətləri və siyasi təşkilatları Xocalı soyqırımı ilə bağlı bu günə qədər real praktiki heç bir qətnamə qəbul etməyib. Eyni zamanda, Xocalı soyqırımının həyata keçməsində birbaşa əli və "əməyi" olan terrorçu siyasi xadimlərin, Robert Köçəryanın, Serj Sarkisyanın və onun timsalında digərlərinin beynəlxalq məhkəmələrə çıxarılması ilə bağlı və yaxud da hansısa ölkələrə girişlərinin qadağan olunması ilə bağlı heç bir addım atılmayıb.
Təəssüflər olsun ki, bu gün insanlara dəyərlərdən, haqq-ədalətdən danışan dövlətlərin, siyasətçilərin və siyasi təşkilatların bu səssizliyi, Xocalı soyqırımına ədalətli mövqeyin göstərilməməsi, daha sonra dünyada digər ədalətsiz qərarlara, siyasi natarazlıqlara və eyni zamanda başqa ölkələrin ərazilərinin zəbt olunması ilə nəticələndi. Vaxtında dünya birliyi Ermənistanın Azərbaycan torpaqlarını işğalına səs çıxartsaydı, Xocalı soyqırımı ilə bağlı real praktiki addımlar atsaydı, ondan sonrakı dövrdə Ermənistanın törətdiyi bu vandallıqdan cəsarətlənən dövlətlər olmayacaq və digər xalqlar da günü bu günə qədər istismar, qəsb və qətliam kimi acı tarixi talelərdən uzaq duracaqdı.
Ümid edirik ki, bundan sonra Xocalı soyqırımı ilə bağlı dünyanın real güclərindən normal səs gələr və bu məsələyə obyektiv qiymət verilər".
Röyalə Xəyal