Moskva Bəyannaməsi xalqımızın milli maraqlarına xidmət edir
24 Fevral 2022 13:26 SiyasətBəyannamə regional təhlükəsizliyə müsbət təsir göstərəcək
Azərbaycanın Rusiya ilə imzaladığı müttəfiqlik müqavilədi ölkəmizin milli maraqlarına tam uyğundur və regional sülhə, sabitliyə, əməkdaşlığa xidmət edir. Bütövlükdə, hazırkı mürəkkəb geosiyasi şəraitdə Rusiya kimi güc mərkəzi, qonşu və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan dövlətlə belə bir Bəyannamənin imzalanması Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin ifadəsidir. Beləliklə, həm Şuşa, həm də Moskva bəyannamələri Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişafına xidmət etməklə yanaşı, ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət baxımından strateji önəm daşıyır. Millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib ki, Azərbaycan Prezidentinin Rusiyaya səfəri, dövlətimizin başçısının özünün də qeyd etdiyi kimi tarixi əhəmiyyət daşıyır: "Azərbaycanla Rusiya arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamənin 2008-ci ildə imzalandığını xatırladan millət vəkili ötən 14 il ərzində iki ölkə arasındakı münasibətlərin dövlət başçılarının səyləri nəticəsində yüksək səviyyəyə çatdırıldığını bildirib. İki ölkə arasındakı əməkdaşlığın səviyyəsi qarşılıqlı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdırılmasını zəruri edirdi. Bu baxımdan, Azərbaycanla Rusiya arasında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannaməni iki dövlət arasındakı etimadlı münasibətlərin obyektiv nəticəsi kimi də dəyərləndirmək olar". Azər Kərimlinin sözlərinə görə, Bəyannamə qarşılıqlı faydalı münasibətlərin inkişafına, regional təhlükəsizliyə müsbət təsir göstərəcək, Azərbaycan-Rusiya münasibətlərinin istər iqtisadi, istərsə də siyasi müstəvidə inkişafına böyük töhfə verəcək: "40-dan çox bənddən ibarət olan Bəyannamə dövlətlərarası münasibətlərin bütün istiqamətlərində əməkdaşlığın strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsinə imkan yaradır. Bu isə öz növbəsində iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı investisiyaların təşviqi, hər iki ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən yeni layihələrun həyata keçirilməsi deməkdir. Rusiya nəhəng təbii resurslara, insan kapitalına sahib olan bir ölkədir. Bu amil, şübhəsiz ki, Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən aqrar sahəsinin inkişafına da öz töhfəsini verəcək". Azər Kərimli Azərbaycan-Rusiya strateji müttəfiqliyinin Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına müsbət təsir göstərəcəyini, Ermənistanın Rusiya ilə münasibətlər və bu ölkə ilə birgə təmsil oldunduqları təsisatlar üzərindən spekulyasiyalarına da son qoyacağını vurğulayıb.
xxx
Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında" Bəyannamənin imzalanması ilə Azərbaycan-Rusiya münasibətləri növbəti mərhələyə qədəm qoyur. Moskva bəyannaməsinin imzalanması Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir: "Bu gün dünyada ciddi proseslər gedir, dünya nizamı yenidən qurulur. Rusiya-Qərb münasibətləri özünün ən gərgin dövrlərini yaşayır. Heç şübhəsiz ki, əlaqələrin gərginləşməsi keçmiş Sovet məkanına da təsirsiz ötüşmür. Rusiya ilə münasibətlərin pozulmasının bir sıra keçmiş Sovet respublikaları üçün hansı problemlər yaratdığının acı nümunələri göz qabağındadır. Unutmamalıyıq ki, Rusiya güclü və böyük dövlətdir, onun bölgədə tarix boyu marağı olub olacaq. Rusiya ilə münasibətlərin gərginləşdirilməsi Azərbaycanın dövlət maraqlarına uyğun deyil. Onu da nəzərə almalıyıq ki, keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçiliyi Rusiya öz üzərinə götürüb. Azərbaycan uzun müddətdir müxtəlif beynəlxalq qurumlar vasitəsilə münaqişənin həllinə çalışdı, ancaq heç bir nəticə olmadı. Bu gün Rusiyanın vasitəçiliyi ilə bu istiqamətdə xeyli məsafə qət etmişik. Hazırda Rusiyanın iştirakı olmadan problemin tam həlli mümkün deyil". Bəyannamənin əhəmiyyətinə gəldikdə isə C.Məmmədov deyib ki, sənəddə təhlükəsizlik, siyasət, iqtisadiyyat, humanitar sahədə əməkdaşlıqla bağlı bir çox vacib məsələlər öz əksini tapıb: "Ən mühüm məsələlərdən biri də dövlətlərin bir-birinin suverenliyinə, müstəqilliyinə hörmət etməsinin, bir dövlətin ərazisindən digər dövlətə qarşı istifadəyə icazə verməməsinin sənəddə əksini tapmasıdır. Yuxarıda qeyd etdiyimiz kimi, sənədin imzalanması ilə Azərbaycan-Rusiya münasibətləri yeni bir mərhələyə qədəm qoyacaq, qarşılıqlı əlaqələr daha da inkişaf edəcək. Son günlər separatçıların Qarabağda təxribatları davamlı xarakter almışdı. Rusiyanın Ukrayna ilə bağlı qəbul etdiyi qərarlardan sonra ermənilərin iştaha və iddiası artmışdı. Bəyannamənin imzalanması Qarabağda cərəyan edən hadisələrə də ciddi təsir edəcək, prosesin uğurla yekunlaşması üçün yeni imkanlar yaradacaq". Rusiya ilə Bəyannamənin "Şuşa Bəyannaməsinə" təsirinə gəldikdə, C.Məmmov belə şərh edib:"Sözügedən sənədlərin hər ikisi Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmlənməsi, təhlükəsizliyinin təmin olunması məqsədilə imzalanıb. Azərbaycan bir çox addımları Türkiyə ilə koordinasiyalı şəkildə atır. Onu da nəzərə almaq lazımdır ki, bu gün Türkiyə ilə Rusiya arasında münasibətlər yüksək səviyyədədir. Bir sıra beynəlxalq və regional layihələrdə hər iki ölkə sıx əməkdaşlıq edir. Yekun olaraq qeyd etmək lazımdır ki, bölgədə yaranmış gərginlik fonunda Prezident İlham Əliyev Azərbaycanı regionda və dünyada baş verə biləcək təhlükələrdən qorumaq üçün növbəti uğurlu diplomatik addım atdı. Bütün addımlar müstəqilliyimizin və qələbəmizin möhkəmlənməsinə, təhlükəsizliyimizin qorunmasına yönəlib".
Alim