Moskva Bəyannaməsi Azərbaycanın növbəti diplomatik uğurudur

Son günlər təkcə Azərbaycan və Rusiya deyil, eləcə də yerləşdiyimiz coğrafiyada, yaxın-uzaq qonşularımızda əsas müzakirə edilən mövzulardan biri Moskva ilə Bakı arasında imzalanmış mütəffiqlik sənədidir. Moskva bəyannaməsi kimi tarixə düşən bu sənəd yalnız Azərbaycan-Rusiya münasibətlərində tamamilə yeni bir mərhələnin başlanğıcı hesab edilir. Elə əksər ekspertlər, siyasilər də bu qənaətdədir.

Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, Moskva Bəyannaməsi ölkəmizin milli maraqlarının yüksək səviyyədə təmin olunduğu, Azərbaycanın təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edən mühüm sənəddir. Onun sözlərinə görə, Moskva Bəyannaməsi Rusiya-Azərbaycan münasibətlərinin hərtərəfli inkşafının, xalqlarımızın daha da təhlükəsiz şəraitində işləməsinin, təhsil almasının, yaşamasının qarantıdır: "Bu Bəyannamə imkan verir ki, Azərbaycanda yaşayan, işləyən rusların, eləcə də Rusiyada yaşayan, işləyən azərbaycanlıların fəaliyyəti tamamilə təhlükəsiz bir şəraitdə baş tutsun, onların hüquqları ən yüksək səviyyədə qorunsun və təmin edilsin. Məhz, bu mənada Moskva Bəyannaməsi Azərbaycanın növbəti diplomatik uğurudur".

Deputat deyib ki, ümumilikdə 43 bənddən ibarət olan Moskva Bəyannaməsində hər iki ölkə bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına hörmət edir, daxili işlərinə qarışmır, bir-birinə qarşı yönəlmiş hərəkətlərdən çəkinir, əksinə olaraq bütün məsələlərdə bir-birinə dəstək olur: "Bu cür öhdəliklərin götürülməsi Azərbacanın qlobal təhlükə və təhdidlərdən qorunmasına da xidmət edir. Eyni zamanda, belə bir Bəyannamənin dünyanın lider ölkələrindən olan Rusiya ilə imzalanması Azərbaycanın dünyadakı mövqeyini daha da gücləndirməklə yanaşı, Prezident İlham Əliyevin dahiliyinin və uzaqgörənliyinin göstəricisinə çevrilir. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın müstəqil və balanslı xarici siyasəti bu gün Heydər Əliyev məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir".

Sədaqət Vəliyeva bildirib ki, bu gün Azərbaycan xarici siyasətində dostluq, sülhsevər, etibarlı tərəfdaş mövqeyi sərgiləyir və bunun da nəticəsi olaraq dünya ölkələri Azərbaycanla müttəfiqlik, dostluq əlaqələri qurmağa çalışır: "Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın xoşbəxt və təhlükəsiz gələcəyinin zəmanətidir".

Millət vəkili Fatma Yıldırım isə qeyd edib ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti, fəal diplomatiyası Azərbaycana daim uğurlar qazandırıb: "Dövlətimizin başçısının siyasətində milli maraqlarımız daim öndədir və bu amil bizi həmişə irəliyə aparır. Müstəqil, öz milli maraqlarına əsaslanan xarici siyasət Azərbaycanın beynəlxalq arenada rolunu və nüfuzunu yüksəldib, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra isə Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu baxımdan, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Təbii ki, bu proseslərdə Prezidentimiz İlham Əliyevin yüksək diplomatik bacarığı və milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi əsas faktorlardan biridir.  Ötən ilin iyun ayında Azərbaycan və Türkiyə ötən il "Şuşa bəyannaməsini" imzaladılar. Bu, hörmətli dövlət başçımız İlham Əliyevin də dediyi kimi iki ölkə arasındakı strateji müttəfiqliyin rəsmiləşdirilməsi idi. Bu Bəyannaməyə görə bundan sonra Ermənistan keçmişdə olduğu kimi işğala baş vurmaq istəyərsə qarşısında Azərbaycanla yanaşı Türkiyəni də görəcək. Türkiyənin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda varlığını böyük dövlətlər, o cümlədən qonuşumuz Rusiya da qəbul edib. Bunu Rusiya prezidentinin müxtəlif açıqlamalarından da aydınlaşdırmaq mümkündür. Azərbaycan Türkiyə ilə yanaşı iki böyük qonşusu - Rusiya və İranla da münasibətlərin inkişafı yolunu tutub. Biz bütün qonşularla qarşılıqlı maraq əsasında əməkdaşlığı genişləndirməyə hazırıq. Türkiyədən sonra Rusiya ilə "müttəfiqlik bəyanatının" imzalanması Qarabağda yerdə qalan problemlərin həllini sürətləndirmək məqsədi daşıyır".   

Deputat onu da diqqətə çatdırıb ki, Qarabağda hələ görəcəyimiz işlər var: "Laçın dəhlizinə alternativ yol tikilməlidir ki, Laçın şəhəri və ətrafındakı kəndlər nəzarətimizə keçsin və bu istiqamətdə çalışmalar artıq başlayıb. Onu da nəzərə almaq lazımdır ki, rusiyalı hərbçilər Qarabağın bir hissəsində hələ 4 il qalacaqlar. Yəni bu məsələlərin həllində Azərbaycan istər-istəməz Rusiya ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir.

Sənəddə digər mühüm bəndlərdən birində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, o cümlədən 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyinin vurğulanmasıdır ki, bu da Azərbaycanın maraqlarına uyğundur. Sənəddə iqtisadiyyat, enerji və humanitar əməkdaşlığın inkişafıyla bağlı da Azərbaycan üçün mühüm bəndlər yer alıb".  

Millət vəkili onu da qeyd edib ki,  Azərbaycan və Rusiya prezidentləri arasında imzalanan bəyannamə daha əvvəl imzalanan bəynatların reallaşdırılmasını - Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsini, Zəngəzur dəhlizinin işə düşməsini və iki ölkə arasında sülh sazişinin imzalanmasını sürətləndirilməlidir. Ermənistan əvvəlki kimi prosesi süni surətdə uzada bilməyəcək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31