Xocalı soyqırımı-Azərbaycan tarixinin ən faciəvi səhifəsi

Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımlara məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ildə Xocalıda üzləşdi. Sovet imperiyasının çöküşü ilə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə müstəqilliyini yenicə qazanan Azərbaycan ərazi itkisi ilə bərabər, tarixinin ən dəhşətli faciələrindən birini yaşamış oldu. Bu günlərdə Azərbaycan müasir tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımından 30 il ötür. Millət vəkili Şahin Seyidzadə qeyd edib ki, bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistanın əzəli və əbədi Azərbaycan torpaqlarını özünə birləşdirmək istəyi, xarici havadarlarının köməyi ilə ölkənin müxtəlif ərazilərində dəfələrlə süni münaqişələr yaradaraq bir növ "zülmə məruz qalmış millət" tipajının yaradılması məlum hadisələrin senarisinin çox əvvədən yazılmasına dəlalət edirdi: "1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan planlı hadisələr, kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, bir milyona qədər azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi məhz Xocalı soyqırımına aparan yolun bir gün və ya bir həftədə deyil, daha əvvəldən planlaşdırıldığının əyani sübutu idi. Xüsusi ilə vurğulamaq lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində müxtəlif zamanlarda erməni millətçilərinin davamlı etnik təmizləmə və soyqırım siyasətinə qurbanı olmuşdur. Dünya tarixində zaman-zaman törədilmiş insanlıq əleyhinə cinayətlərə diqqət yetirsək, Xocalı soyqırımının məhz Holokost, Xatın, Xirosima və Naqasaki kimi dəhşətli faciələr ilə bir sırada dayandığının şahidi olar bilərik.Yüzlərlə faktlara, beynəlxaq və yerli jurnalistlər tərəfindən dünyaya yayılan insanlığa qarşı törədilmiş cinayətlər barədə məlumat və sübutların olmasına baxmayaraq, Xocalı qətliamının zamanında hüquqi-siyasi qiymətini almaması illər boyu Azərbaycanın üzləşdiyi növbəti ən böyük ədalətsizliklərdən biri idi".

Ş.Seyidzadənin sözlərinə görə, yaşanan faciələr, eləcə də Xocalı soyqırımının ətraflı araşdırılması istiqamətində işlər yalnız Ümummilli Lider Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində münkün olmuşdur: "1994-cü ilin fevralında Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələrlə əlaqədar olaraq "Xocalı Soyqırımı Günü haqqında" qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın əsil mahiyyətini açıqlayaraq dünya birliyini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə səsləmişdir. Bu gün ölkə rəhbərliyi tərəfindən Xocalı soyqırımının beynəlxaq aləmdə tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bu günədək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, İordaniya, Meksika, Pakistan, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstan kimi adını çəkmədiyimiz onlarla ölkənin qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Bu gün Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb, hər zaman onların xatirəsi etiramla yad edilir. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının dünyada tanıdılması və Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir. Davamlı olaraq "Xocalıya ədalət!" beynəlxalq kampaniyasına Azərbaycanda və xaricdə fəaliyyət göstərən çoxsaylı vətəndaş cəmiyyəti institutlarının cəlb olunması, ayrı-ayrı ölkələrin, beynəlxalq təşkilatlarının bu faciəyə hüquqi qiymət vermələri istiqamətində davamlı işlər aparılması hər ötən il bir daha öz mübət nəticələrini göstərməkdədir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31