Rusiya ilə müttəfiqlik bəyannaməsində Qarabağla bağlı nələr var?
23 Fevral 2022 10:16 SiyasətAzərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədə Qarabağ məsələsinə aid edə biləcəyimiz 4 bəndi qeyd etmək olar. "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, 1-ci bənd üzrə - tərəflər bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət edir, eləcə də daxili işlərinə qarışmır: Rusiya bununla bir daha Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığını qeyd edir. Bakı bu bəndən istifadə edərək, Xankəndidəki separatçı-terrorçu rejimin Azərbaycanın daxili məsələsi olduğu faktının qəbul edilməsinə nail ola bilər.
9-cu bənd üzrə - İki ölkə müharibədən sonra imzalanmış üçtərəfli razılaşmaların - 10 noyabr, 11 yanvar və 26 noyabr - icrasına dəstək verəcəklər. Bu, 10 noyabr razılaşmasında icra edilməyən bəndlərin həyata keçirilməsini, kommunikasiyanın açılmasını və sərhədin delimitasiya edilməsini özündə ehtiva edir.
10-cu bənd üzrə - tərəflər region dövlətləri arasında uzunmüddətli sülhün yaradılmasında əməkdaşlıq edəcək. Bakı bu iki bəndi əsas götürərək, erməni qoşunların Qarabağdan çıxarılmasında (4-cü bənd), azərbaycanlıların ermənilərin yaşadığı ərazilərə qayıtmasına nail olmaqda (7-ci bənd), kommunikasiyanın açılmasında, sərhədin delimitasiya-demarkasiya edilməsində və yekun olaraq sülh sazişinin imzalanmasından Rusiyadan dəstək ala bilər.
18-ci bənd üzrə - Tərəflər beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə və s. mübarizədə səylərini birləşdirirlər: bəyannaməyə görə, Rusiya Azərbaycanın suverenliyinə hörmətlə yanaşır və bu bəndin məntiqinə görə, Qarabağdakı qondarma rejimi separatçılıq təhdidi kimi qəbul etməlidir; Bakı bu razılaşmadan separatçı-terrorçu rejimin ləğvi üçün istifadə edə bilə. Bu bəyannamə ən azı Rusiyanın Azərbaycan-Ermənistan məsələsində neytral mövqeyinin rəsmiləşməsi hesab oluna bilər. Və Bakının bu razılaşmadan müharibədən sonra hazırladığı gündəliyin qəbul edilməsində yararlanmağa çalışacağı bəllidir.