Azərbaycan qələbəmizin davamını gətirmək yönündə fəaliyyət sərgiləyir
23 Fevral 2022 10:36 Siyasət"Keçmiş sovet məkanında vəziyyət günü-gündən mürəkkəbləşir. Qərb və Rusiyanın region uğrunda mübarizəsi açıq müstəviyə keçib. İndiyə qədər söz duelinə bənzəyən qarşıdurma hərəkətliliklə əvəzlənib. Rusiyanın Qazaxıstanda etdikləri, Qərbin, xüsusən ABŞ-ın Ukraynaya silah daşıması, ardınca Putinin Donetski, Luqanskı dövlət olaraq tanıması prosesin daha da dərinləşməsi və digər ərazilərə sıçraması ehtimalını artırır". "Olaylar" xəbər verir ki, bunu deyən "Cümhuriyət" qəzetinin baş redaktoru Rafail Becanovun sözlərinə görə, Putin və Rusiyanın itirdiklərini bərpa etməyə gücü çatmasa da, indiki statusunu qorumaq, mükün qədər gücləndirmək istəyir. Ona görə də mümkün olmayanı da etməyə hazırdırlar: "Rusiyanın belə gedişləri zatən, birinci dəfə deyil. 2008-ci ildə Gürcüstan, 2014-cü ildə Krımın ilhaqı da bu nümunələrdəndir. Əslində Putin Krım istisna olmaqla, Ukraynanı işğaldan çox NATO-nu, özü demişkən rəqiblərini indiki Rusiya sərhədlərindən kənarda saxlamağa çalışırdı. Nail oldu. Donetsk və Luqanskın müstəqilliyini də məhz buna görə tanıdı. İndi NATO-da, digər rəqiblər yerləşə bilsələr Rusiyanın mövcud sərhəddindən uzaqda, Ukraynanın daxilində yerləşəcək. Hadisələr məcrasından çıxmaqdadır. Dünya siyasəti kim haqlıdır yox, kim güclüdür prinsipi ilə yürüdülür. Azərbaycan proseslərin mərkəzində olmasa da, regionun bir hissəsidir. Proseslər Azərbaycan tərəfindən düzgün qiymətləndirilir və buna uyğun siyasət yürüdülür. İndiki situasiyada bu, vacib şərtdir".
Onun sözlərinə görə, Rusiya regionda faktiki və real güc sahibidir: "Müxtəlif şəbəkələr vasitəsilə bütünlükdə keçmiş Sovet məkanında öz çıxarlarını qorumağı bacarır. Bizim xoşumuza gəlməsə də, hələ "kolonları" iş başındadır. Əsas qayəmiz bu "kolonlardan" birinci xilas olmaqdır. Birini yola salmaqla iş bitmir. Qalanlarını da tək-tək aramalı və göndərməliyik. Ona isə zaman gərəkir. Bu zamana qədər Rusiyanın azğınlığından, "hazırlanmış kolonların" xəyanətindən qorunmalıyıq. ABŞ və digər Qərb dövlətləri regionda real güc mərkəzinə çevrilə bilmir. Təklif etdikləri formalar isə effektiv sayıla bilməz. Qazaxıstanda baş verənlər bunu bir daha sübut etdi. Dünya mediasındakı bəzi məlumatlara görə, Qazaxıstan Rsuiyadan uzaqlaşmaqla, bütünlükdə Mərkəzi Asiyanın Qərbə inteqrasiyasında lokomotiv rolunu oynamalıydı. Hazırlıqların istiqaməti beləydi və nəzərdə tutulanlar yanvarın sonuna planlaşdırılırdı. Amma nə baş verdi? Yanvarın əvvəlində başqa bir oyunla hər şey 180 dərəcə dəyişdi".
Baş redaktor qeyd edib ki, Ukrayna hadisələri də fərqli olsa da, oxşar ssenaridir: "Azərbaycanda bu oyunların iştirakçısı olmaqdan çox qələbələrimizin davamını gətirmək yönündə fəaliyyət sərgilənir. Haqlı və düzgün strategiya budur. 30 illik işğal göstərdi ki, kimdənsə kömək yoxdur. Öz gücümüz - hazırlıqlı ordu, milli birlik, siyasi həmrəylik olmadan Qarabağı bizə kimsə qaytarmayacaqdı.Reallıq hissini itirmək, hay-küy vətənpərvərlik deyil. Vətənpərvərlik işğalın acı nəticələrini dərindən təhlil etmək, qələbəni qorumaq, dövləti düşünmək, etibar və etimaddır".