Prezident: Bu gün tarixi əhəmiyyətli vacib sənəd imzalayırıq

Bu, xüsusi səfərdir. Mən prezident qismində 48-ci dəfə Rusiyadayam. Amma bu, xüsusi haldır, çünki bu gün tarixi əhəmiyyətli vacib sənəd imzalayırıq.

Olaylar.az bildirir ki, bunu Moskvada Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" bəyannamənin planlaşdırılan imzalanması barədə danışarkən deyib.

Dövlət başçısı bildirib:

"Əlbəttə, Siz qeyd etdiyiniz kimi, bu gün bizim regionda vəziyyət, münaqişədən sonrakı vəziyyət barədə danışacağıq. Rusiya Federasiyası Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılmasında və münaqişənin nizamlanmasının qaynar mərhələdən siyasi diplomatik sahəyə keçirilməsində çox mühüm rol oynayıb. 2020-ci ilin noyabrında Sizin fəal iştirakınızla imzalanmış üçtərəfli Bəyanat bu çoxillik münaqişəni nizamlamağımıza imkan verdi. Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk. Ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək.

Beləliklə, gündəliyimiz çox genişdir, bu səfər xüsusi səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyadayam. Lakin bu, xüsusi haldır. Bu gün biz tarixi xarakterli çox mühüm sənəd imzalayacağıq. Dəvətə görə bir daha təşəkkür edirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31