Rusiya davam edəcəkmi?
22 Fevral 2022 15:21 SiyasətRusiyanın Donetsk və Luhansk Xalq Respublikalarının müstəqilliyini tanıması beynəlxalq aləmdə ciddi reaksiya doğursa da müəyyən qədər sakitləşdirici təsir bağışladı. Ən azından ona görə ki, Amerika Birləşmiş Ştatları və onun NATO üzrə Avropadakı müttəfiqlərinin gözlədiklərinin əksinə olaraq Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma keçmədi. Putin çox mürəkkəb siyasi manevr sərgiləyərək NATO üzrə rəqiblərini növbəti dəfə yanlış tərəfə istiqamətləndirdi. Rusiya Ukraynanı işğal etməyə qalxmadı. Bu işğalın çox ciddi nəticələri olacağı bəlkə də çəkindirdi Putini. O, DXR və LXR -ın müstəqilliyini tanımaqla indiki halda Qərb tərəfdən nisbətən yumşaq davranışa məruz qalacağına ümid edir. Amma Rusiyanın daxilində Putindən daha irəli gedərək Ukraynadan yeni ərazilər əldə etməyə təhrik etmək istəyən qüvvələr var. Belə ki, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Andrey Klimov bildirib ki, Rusiya hər iki qurumu onların faktiki sərhədləri əsasında tanıyıb.
Qondarma qurumların "konstitusiya"larında öz əraziləri Ukraynanın eyni adlı əyalətlərinin sərhədləri daxilində elan edilib. Hazırda onlar iddia etdikləri ərazilərin iki dəfə kiçiyinə nəzarət edirlər. Bu isə yaxın vaxtlarda onların, faktiki olaraqsa Rusiyanın Ukraynadan yeni ərazilər qoparmaq üçün müharibəyə başlamağa təhrik etmələrindən xəbər verir.
Rusiya Dövlət Dumasının MDB üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov da bəyan edib ki, qondarma Donetsk və Luqansk "respublikaları" eyni adlı əyalətlərin sərhədləri çərçivəsində tanınır.
Amma həm Dumada , həm də Federasiya Şurasında bir qədər fərqli düşünənlər də var. Onlar Donetsk və Luhanskın indi Rusiya ilə bağlı olan hissəsinin müstəqil olması ilə kifayətlənməyi irəli sürürlər. Əks halda Rusiya Ukraynanın ərazilərini işğal edən ölkə kimi qiymətləndirilə və Amerikanın ciddi sanksiyalarına məruz qalar. Məhz buna görə də Rusiya Dövlət Dumasının Beynəlxalq münasibətlər Komitəsinin sədr müavini Svetlana Jurova Andrey Klimov və Leonid Kalaşnikovdan fərqli olaraq indiki sərhədlərdən kənara çıxmaq fikrində olmadıqlarını, " irəli getmək istəmədiklərini" bidirib. Onun sözlərinə görə sənədlərdə yeni sərhədlərdən söhbət getmir.
Məsələ ilə bağlı Rusiya siyasətçilərinin ziddiyyətli münasibət bildirmələri hakimiyyət dairələrində yekdil qərarın olmaması ilə bağlıdır. Rusiya Ukraynanı daha ciddi cəzalandırmaq üçün istənilən addımı atardı. Amma indiki halda bu ona çox baha başa gələrdi və Putin Qərblə iplərin sona qədər qırılmasında maraqlı deyil. Rusiya Prezidenti ümid edir ki, Donetsk və Luhanskın Rusiya vətəndaşlığını qəbul etmiş sakinlərinin müraciətləri onun üçün xilasedici kəmər rolunu oynayacaq. Məhz elə buna görə də Rusiyada vəziyyətin partlama həddinə gətirmək istəmirlər.
Amma bu arada Ukrayna Prezidenti Zelenskinin davranışı ciddi maraq doğurur. Onun Rusiyanın müstəqillik oyunu ilə müvəqqət və ya uzunmüddətli razılaşa biləcəyindən çox şey asılıdır. Ukrayna Krım hadisəsi zamanı göstərilən mövqe nümayiş etdirsə bu Ukraynaya qısa müddətli sakitlik gətirə bilər. Amma bu slavyan ölkəsində sona qədər Donetsk və Luhanskın indiki statusu ilə barışacaqları mümkün variant kimi səslənmir.
Əlimusa İbrahimov.
Politoloq.