Qarabağ tezliklə dünyanın ən gözəl bölgələrindən birinə çevriləcək
17 Fevral 2022 15:29 Siyasətİstiqamət: İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış
"Böyük Qayıdış" proqramı uğurla həyata keçirilir
44 günlük Vətən müharibəsindəki qələbədən sonra qarşıda duran əsas məsələlərdən biri məcburi köçkünlərin öz doğma dədə-baba yurdlarına qayıtmasından ibarətdir. Məlumat üçün qeyd edək ki, dövlətin bununla bağlı "Böyük Qayıdış" proqramı var və artıq bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Məlum olduğu kimi məcburi köçkünlərin işğaldan azad edilmiş əraziləri qayıdışı üçün ən vacib çərtlərdən biri lazımi infrastrukturun yaradılmasıdır. Artıq bu istiqamətdə də lazımi tədbirlər həyata keçirilməkdədir. Belə ki, hazırda Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilməkdədir. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar Qarabağa səfər edirlər. Paralel olaraq işğaldan azad edilmiş ərazilərin böyük hissəsi minalardan təmizlənib və yaşayış üçün vacib infrastrukturun yaradılması işinə start verilib. Təkcə fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərinə səfəri zamanı inşa olunacaq "Park Forest Otel Ağdam" mehmanxanasının və 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlinin qoyulması mərasimində iştirak ediblər. Dövlət başçısı həmçinin yenidən qurulan 110/35/10 kilovoltluq "Ağcabədi" yarımstansiyasının, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin, Ağcabədi rayonunda Avşar-Salmanbəyli-Aşağı Avşar-Xocavənd avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Eyni zamanda Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulması mərasimində iştirak ediblər. Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoyub. Qeyd edək ki, ümumi sahəsi 1,55 hektar olan ərazidə ilkin mərhələdə 209 mənzildən ibarət 6 yaşayış binası inşa ediləcək. Mənzillərin ümumi yaşayış sahəsi 21 min 921 kvadratmetr olacaq. Kompleksin tikintisinin 2023-cü ilin dekabrında başa çatdırılması nəzərdə tutulub. Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi "Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq" ifadəsi Ağdam rayonunda yeni yaşayış kompleksinin təməlinin qoyulması ilə bir daha təsdiqini tapır. Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan ağdamlılar üçün bu yaşayış kompleksinin təməlinin qoyulması onları bu arzularına daha da yaxınlaşdırır. Bu mərasim, eləcə də növbəti mərhələdə 0,86 hektar ərazidə daha 4 yaşayış binasının inşası ilə bağlı layihələndirmə işləri aparılması ağdamlılarda bu arzularının da olduqca qısa müddətdə reallaşdırılacağına qəti inam yaradır.
Məlum oluğu kimi məcburi köçkünlərin işğaldan azad olunmuş əraziləri qayıdışı üçün infrastrukturla yanaşı, məşğulluq problemi də həllini tapmalıdır. Məhz bu məqsədlə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ən müxtəlif iqtisadi layihələr həyata keçirilir. Bu günlərdə Prezidenti İlham Əliyev Ağdam Sənaye Parkında iki müəssisənin təməlinin qoyulması mərasimində iştirakı buna baruz nümunədir. Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir. Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir. Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı, beton istehsalı, ağır texnikaya texniki xidmətin göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq mebellərin (divan və kresloların), kanalizasiya və içməli su borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas fəaliyyət istiqamətləridir.
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, Qarabağ tezliklə dünyanın ən gözəl bölgələrindən birinə çevriləcək: "Hazırda Azərbaycan xalqı böyük qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə böyük bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənmiş, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilmiş, dəmir və avtomobil yollarının çəkilişinə başlanılmışdir". Onun bildirdiyinə görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu ərazilərə davamlı səfərlər edərək burada həyata keçirilən layihələrlə yaxından tanış olur, prosesi bilavasitə xüsusi diqqət və nəzarətində saxlayırlar: "Prezident İlham Əliyev növbəti belə səfəri Ağdama etdi. O Ağdama səfər çərçivəsində bir sıra mühüm obyektlərin təməlini qoydu. Onlar arasında özünəməxsus yeri olan layihələrdən biri də bölgə əhalisi üçün yaşayış komplekslərinin inşasıdır. Bu cür layihələr işğaldan azad olunmuş ərazilərin sakinləri üçün xüsusi əhəmiyyət daşıyır. 30 il idi ki, insanlarımız səbirsizliklə bu günü gözləyirdilər. Nəhayət həmin gün yetişdi. Artıq yaxın vaxtlarda insanlarımız öz doğma yurdlarına köçəcək, bu yerlərdə həyat yenidən öz axarına qayıdacaq. Burada önəmli məsələlərdən biri də yaşayış binalarının inşası ilə yanaşı yeni zavod və fabriklərin təməlinin qoyulmasıdır. Qarşıda duran mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılmasıdır. Respublikanın müxtəlif bölgələrində məskunlaşan insanlarımız hazırda müxtəlif qurumlarda çalışırlar. Onların öz doğma yurdlarına qayıdan zaman işlə təmin olunması çox önəmlidir. Ona görə bütün işlər paralel aparılır. Prezident İlham Əliyev səfər zamanı xüsusi qeyd etdi ki, iş adamları da proses də fəal olmalıdırlar. Qarabağa qayıdış, bu prosesin iştirakçısı və tərkib hissəsi olmaq həqiqətən çox qürurvericidir. Qarabağdan olan iş adamları bu prosesə töhfə verməyə hazırdırlar. Prezident İlham Əliyevin siyasətinə önəmli yer tutan məsələlərdən biri də milli-mənəvi dəyərlərimizə diqqət və qayğıdır. Bərpa işlərinin tərkib hissəsi olan Ağdam Cümə məscidində yenidənqurma işləri sürətlə aparılır. Tezliklə bu məscid də bərpa olunaraq vətəndaşlarımızın istifadəsinə veriləcək. Proseslərin təhlili göstərir ki, işğaldan azad olunmuş ərazilərdə quruculuq və abadlıq işləri çox sürətlə aparılır. Tezliklə insanlarımız öz doğma yurdlarına qayıdacaq, bu ərazilər dünyanın ən abad və gözəl bölgələrindən birinə çevriləcək. Prezident İlham Əliyevin əsas hədəf və məqsədi də budur".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Media İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir