Separatçılar təxribatlara son qoymalıdır
17 Fevral 2022 11:05 SiyasətƏks halda "Dəmir yumruq" yenidən işə düşəcək
Azərbaycan Respublikasının Baş Prokurorluğu Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın tezliklə həbs edilərək məsuliyyətə cəlb olunacağını açıqlayıb. Rəsmi Bakı Arayik Arutyunyanı 2020-ci ilin oktyabrında Gəncənin mülki əhalisinə qarşı həyata keçirilən dörd terror aktında ittiham edir. Açıqlamada Arayik Arutyunyanın axtarışa verildiyi də qeyd edilir. Rəsmi Bakı əmindir ki, Arayik Arutyunyanın indiyədək məsuliyyətə cəlb edilməməsi sadəcə müvəqqəti vəziyyətdir və yaxın gələcəkdə, ən qısa zamanda o, əməliyyat-istintaq qrupu tərəfindən tutularaq hüquq-mühafizə orqanlarına təhvil veriləcək. Məlumat üçün qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun açıqlaması Xankəndidə təşvişə səbəb olub. Ermənistan KİV-ləri separatçıların rəhbərliyinin məsələni rəsmi İrəvanla müzakirəyə çıxaracağını bildirir. "Joğovurd" qəzetinin yazılarından belə məlum olur ki, Arayik Arutyunyanla bağlı verilən açıqlama separatçıların başçısını ciddi şəkildə həyəcanlandırıb. Qəzet xatırladır ki, Arayik Arutyunyan Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən yeganə şəxs deyil. Belə insanların sayı 300-ü ötür. Beynəlxalq axtarışa verilənlərin əsasən hərbçilər və yüksək vəzifəli şəxslər olduğunu xatırladan qəzet 300 nəfərlik siyahıda kimlərin yer aldığının dəqiq məlum olmadığını vurğulayıb. Məsələ orasındadır ki, Qarabağ mövzusunun bitməsinə baxmayaraq hələ də orada müəyyən tör-töküntülər, terrorçular qalmaqdadır. İndi həmin quldur dəstələri Azərbaycanın Baş Prokurorluğunun verdiyi açıqlamadan təşvişə düşərək müxtəlif təxribatçı əməllərə əl atırlar. Məlmat üçün qeyd edək ki, ermənilər Xankəndi və sülhməramlıların müvəqqəti yerləşdirildiyi digər ərazilərdəki erməni əhalinin suyla təmin olunması məqsədilə Ağdərə istiqamətində yeni su anbarı tikirlər. Həmin su anbarını da Rusiya sülhməramlı qüvvələri qoruyur. Göründüyü kimi, getdikcə Azərbaycan tərəfini bu və digər əməllərlə qıcıqlandırırlar. Bunlar hamısı Azərbaycan tərəfini hövsələdən çıxarıb, hansısa bir lokal müharibə yoluna əl atmağa məcbur etməyə hesablanıb. Azərbaycana qarşı əgər belə təxribat xarakterli addımlar atılacaqsa, şübhəsiz lokal bir anti-terror əməliyyatı baş verəcək. Azərbaycan bu əməliyyatı həyata keçirib birdəfəlik bu məsələyə son qoymalıdır. Əks halda, sülhməramlıların qarşısında çox ciddi tələb qoyulmalıdır.
xxx
Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, son günlər Qarabağda separatçıların təxribatları daha da artmaqdadır. Gah qondarma "işğal haqqında qanun"u olmayan parlamentin müzakirəsinə çıxarır, gah təlim keçirir, gah da öz aləmlərində əhalini baş verə biləcək təxribatlardan qorumağa çalışdıqları görüntüsünü yaratmağa çalışırlar. Burada haqlı olaraq bir neçə sual yaranır. Bu təlimlər kimə qarşı keçirilir? Məqsəd nədir? Separatçılar yenidən müharibəyə hazırlaşırlarmı? 44 günlük onlara yaxşı düşünmək üçün yetərli olmadımı? "Xankəndiyə guya hansısa təhlükənin olması və əhalinin buna hazırlanması yalnız və yalnız avantüradır və erməni propaqandasına xidmət edir. Azərbaycan dəfələrlə bu barədə mövqeyini ifadə edib. Azərbaycan bölgəyə sülhün gəlməsini, yekun sülh müqaviləsinin imzalanmasını, bölgə xalqlarının birgə sülh və əmin-amanlıq şəraitində yaşamasını istəyir. Əgər separatçılar 44 gündə başlarına gələnlərdən nəticə çıxarmayıb müharibə istəyirlərsə Azərbaycan buna hər an hazırdır.

Ermənilər bu təxribatların hansı nəticələrə gətirə biləcəyini yaxşı bilirlər. 44 günlük müharibədə Azərbaycan bunu Ermənistana göstərdi. Bu yaraların sağalması üçün illər lazımdır. Dəfələrlə Prezident İlham Əliyev separatçılara xatırladıb ki, "Dəmir yumruq" hər an yerindədir. Ermənilər bunu unutmamalıdırlar. Belə davam etsə "Dəmir yumruq" yenidən işə düşəcək". Millət vəkili qeyd edib ki, cəmiyyətdə haqlı narazılıq yaradan və düşündürən digər bir sual isə odur ki, bəs Rusiya sülhməramlıları hara baxır, niyə belə təxribatlara yol verirlər, niyə ciddi ölçü götürmürlər? Başları yoxsa humanitar aksiyalara qarışıb: "Onların əsas vəzifəsi belə halların baş verməsinin qarşısını almaqdır. Bölgəyə də bu məqsədlə gəliblər. Əgər onlar bu təxribatların qarşısını almaqda acizdirlərsə Azərbaycan özü təxribatçıları cəzalandırmaq üçün geniş imkanlara malikdir. Bunun üçün əlimizdə kifayət qədər imkan və əsaslar var Separatçılar bu təxribatlara mütləq son qoymalı, sülhməramlılar da belə halların qarşısının qətiyyətlə almalıdırlar. Əks halda məsuliyyəti ermənilər daşıyırlar. Azərbaycanın öz ərazilərində antiterror əməliyyatları keçirmək hüququ var".
Alim