Azərbaycan öz gücü hesabına azad edilmiş ərazilərə yenidən həyatın qaytarılmasını təmin edir
17 Fevral 2022 10:36 SiyasətVətən müharibəsindən keçən bir ildən artıq müddətdə işğaldan azad edilən şəhər və rayonlarımızda geniş quruculuq-abadlıq işləri, infrastruktur layihələri həyata keçirilib. Düşməndən azad edilən hər bir şəhərdə, hər bir rayonda həyata keçirilən bu tədbirlər öz növbəsində Qarabağa qayıdış prosesini də hər ötən gün bir qədər də yaxınlaşdırır, bu prosesi sürətləndirmiş olur. Burada diqqətçəkən məqamlardan ən başlıcası ondan ibarətdir ki, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən quruculuq-abadlıq, yenidənqurma işləri birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəzarəti alttında həyata keçirilir. Dövlət başçısının müntəzəm olaraq azad olunan ərazilərə səfərləri də məhz bu məqsədə xidmət edir. Bu günlərdə Azərbaycan Prezidentinin Ağdama səfəri fonunda bunu aydın görmək mümkündür. Xəbərlərdən də aydın olduğu kimi dövlət başçısı Aödama səfəri zamanı bir sıra mühüm əhəmiyyət kəsb edən obyektlərin, yaşayış komlekslərinin təməlini qoyub. Yuxarıda da qeyd etdiyimiz kimi işğaldan azad edilən ərazilərdə sürətli şəkildə həyata keçirilən quruculuq-abadlıq işləri və bu prosesin birbaşa dövlət başçısı İlham Əliyevin nəzarəti altında olması onu deməyə əsas verir ki, Qarabağa qayıdış prosesi bir qədər də tezləşəcək. Elə ilahiyyat üzrə fəlsəfə doktoru, əslən Qubadlıdan olan Əkrəm Həsənov da bu qənaətdədir. O bildirib ki, işğaldan azad edilmiş doğma torpaqlara qayıdacaqları günü səbrsizliklə gözləyirlər: "Biz hamımız ürəkdən istərdik ki, doğma torpaqlarımıza gedək. Amma hələlik orda işlər gedir. Hələ bizim icazəmiz yoxdur, biz də gedək baba yurdumuza baş çəkək, baxaq, ağaclarımıza su verək, yer təpək, nəsə əkək. Ümid edirik ki, bərpa işləri bitəndən sonra mütləq biz də gedə biləcəyik. Ölkə rəhbərimiz Prezident və birinci xanımın azad olunmuş Ağdam rayonuna səfərini izlədik və əslində bu əlamətdar hadisələrlə yadda qaldı. Səfər çərçivəsində yeni yaradılan Ağdam Sənaye Parkında iki müəssisəsinin təməli qoyulub. Beləliklə bu parkda 5 rezident tikinti işlərinə başlayıb. Sahibkarlarımız bu ərazilərdə investisiya layihələri həyata keçirirlər və bu işlərdə maraqlıdırlar. Bu ərazilərdə investisiya qoyacaq sahibkarlarımız üçün xüsusi güzəştlər tətbiq olunur. Dövlətimizin başçısı öz çıxışında ölkə sahibkarlarına bir daha çağırış edərək işğaldan azad olunmuş ərazilərdə investisiyaların yatırılmasına və yeni müəssisələrin yaradılmasında iştirak etmələrini tövsiyə edib. Ümumiyyətlə, Sənaye Parklarımızın 7-yə çatması ölkəmizin sənayeləşməsi prosesini sürətləndirəcək".
Əkrəm Həsənov diqqətə çatdırıb ki, ermənilərin 30 il ərzində dağıdaraq viran qoyduğu ərazilərimiz hal-hazırda yenidən bərpa edilir: "Azərbaycan öz gücü hesabına işğaldan azad edilmiş ərazilərə yenidən həyatın qaytarılmasını təmin edir. Əsas güc doğma torpaqlarımızı dirçəltməyə yönəldilib. Bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir və bu, Böyük Qayıdışın tezliklə baş verəcəyindən xəbər verir. Şuşanın baş plana uyğun yenidənqurma və bərpası sürətlə aparılır. Tamamilə yeni konsepsiya əsasında inşa olunan Zəngilan rayonunun Ağalı kəndi tezliklə öz sakinlərini qarşılayacaq. Füzuli Beynəlxalq Hava Limanı 8 ayda tikildi və artıq beynəlxalq hava reysləri qəbul etməyə başlayıb. Ümid edirik ki, bərpa işlərinin aparılması sürətlənsə daha da gözəl olar".
Əkrəm Həsənov onu da deyib ki, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənmə işlərinın əhatə dairəsi də genişlənir: "Hansı ərazilərdə təhlükəsiz şərait təmin olunursa, o ərazilərdə işlərə start verilir. Avtomobil yolları şəbəkəsi və dəmir yolların tikintisi sürətlə davam etdirilir. İlk növbədə ərazilər minalardan təmizlənir. Növbəti mərhələdə isə yol infrastrukturu və enerji təminatı məsələləri həll olunur. Elektrik enerjisi ilə fasiləsiz təminatı digər işlərin də sürətini artırır. Çünki, müasir dövrdə elektrik enerjisi ilə dayanıqlı təchizatı təşkil olunmadan nə yeni müəssisələrin qurulmasından, nə də ki, insanların qayıdışından danışmaq mümkün deyil".
Əkrəm Həsənovun sözlərinə görə, görülən işlərin miqyası və sürəti deməyə imkan verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə güclü iqtisadi, texniki və kadr potensialı formalaşıb: "Lüksemburqdan 3 dəfə böyük olan işğaldan azad olunmuş ərazilərimizi heç kimin köməyi, dəstəyi və heç kimdən asılı olmadan təkbaşına sıfırdan yenidən qururuq. Bu həm də bizim uğurumuz deməkdir".
Süleyman