Deputat: “Ramiz Mehdiyevin hərəkətləri dövlətçiliyə xəyantədir”
14 Fevral 2022 19:19 Siyasət"Ramiz Mehdiyevin AMEA prezidenti təyin edildikdən sonra sərgilədiyi mövqe, onun bir YAP üzvü kimi partiya nizamnaməsinə zidd olmaqla yanaşı, nizamnamənin kobud pozuntusu deməkdir. Onun bu davranışı isə Nizamnaməyə görə ciddi məsuliyyət yaradır".
Bunu "Olaylar"a açıqlamasında deputat Əliabbas Salahzadə deyib.
Deputat bildirib ki, Ramiz Mehdiyevin hərəkətləri "oturduğun budağı baltalamağa bənzəyir" və onun əməli belə də dəyərləndirilməlidir. "Çünki o təmsil olunduğu partiyanının nizamnaməsini və prinsiplərini kobud surətdə pozaraq, yürütdüyü siyasətə, xüsusən də cənab Prezidentin genişmiqyaslı inqilabı islahatlarına qarşı çıxmaq, ona kölgə salmaq təkcə YAP üzvlərində deyil, bütövlükdə cəmiyyətdə ikrah hissi oyadır və birmənalı şəkildə qınanılır. Ona görə də, onun bu hərəkəti tutduğu yola xəyanət kimi dəyərləndirilir"- o qeyd edib.
Deputat əlavə edib ki, Mehdiyv son açıqlaması isə lap "yetənə yetib, yetməyənə daş atmaq" məsəlinə bənzəyir. "Onun parlamentin fəaliyyəti və deputatlar haqqında səsləndirdiyi fikirlərə gldikdə isə deyərdim ki, bunun heç bir əsası yoxdur. Bu gün Azərbaycan parlamenti cənab Prezidentin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsinə öz layiqli töhfəsini verib və verməkdədir. Cənab Prezidentin parlamentin fəaliyyətinə verdiyi qiymət bizim üçün yetər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət nəinki deputatlar tərəfindən, bütövlükdə cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir. Məhz cənab Prezident tərəfindən yürüdülən siyasətin nəticəsidir ki, cəmiyyətdə Xalq-Prezident birliyi, həmrəyliyi mövcuddur. Azərbaycan parlamenti də Xalq-Prezident birliyi və həmrəyliyi formulunu dəstəkləyir və bu birliyin qorunub-saxlanması üçün əlindən gələni edir. Cənab Prezidentin yürütdüyü siyasətə dəstək olur. Lakin təəssüflər olsun ki, Ramiz Mehdiyev kimi insanlar cənab Prezident tərəfindən yürüdülən siyasətə kölgə salmaq və onu zədələmək istəyir. Ancaq xalq kimin kim olduğunu yaxşı bilir. Azərbaycan cəmiyyəti Ramiz Mehdiyevin istər yüksək ali dövlət vəzifəsində, istərsə də AMEA kimi müqəddəs elm ocağına rəhbərlik etdiyi zaman fəaliyyətinin nədən ibarət olduğunu yaxşı bilir"- deputat qeyd edib.
Deputat əlavə edib ki, Ramiz Mehdiyev bu gün bir yandan özünü Ulu öndər Heydər Əliyevin yolunun yolçusu və cənab Prezidentin yürütdüyü siyasəti dəstəklədiyini bəyan edir, əməldə isə bunun əksinə çıxır: "Bu hərəkətlərin bir adı var ki, ona da siyasi riyakarlıq deyilər. Cənab Prezident Ramiz Mehdiyevi müqəddəs elm ocağına ona rəhbər təyin etdi ki, Azərbaycan elminin üzləşdiyi problemləri həll etməyə yardımçı olsun. Lakin Mehdiyev nə etdi?! Müqəddəs elm ocağında ona göstərilən etimadı doğrultmaq əvəzinə, oranı siyasi intriqa mərkəzinə çevirdi. Mehdiyevin bu hərəkətləri nə özünü elm adamı adlandıran, nə zamanında dövlətdə ali rütbə tutan şəxsə başucalığı gətirmir. Əksinə, belə bu cür hərəkətlər dövlətçiliyə və milli maraqlara ciddi zərbədir. O özünü Heydər Əliyev yolçusu və cənab Prezidentin yürütdüyü siyasətin sadiq davamçısı hesab edərsə, tutduğu vəzifədən istefa verib, kənara çəkilərək, sədaqətini sübut etməli idi. Lakin onun söylədiklərinin əksinə fəaliyyət göstərməsinin bir adı var- bunun da adı xəyanətdir. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan naminə yorulmadan gördüyü işlərə kölgə salmaq. Amma nə Ramiz Mehdiyev, nə də digrələri buna nail ola bilməycək. İlk növbədə xalq onların cavabını verəcək.
Əgər Mehdiyev bu cür destruktiv fəaliyyətini davam etdirərsə, onun hərəkətlərinə partiya müstəvisində nizamnamə çərçivəsində qiymət verilə bilər".