Deputat Jalə Əhmədova gənclərlə görüşüb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən "Gənc Liderlər üçün Qış Universiteti" layihəsi çərçivəsində Milli Məclisin deputatı Jalə Əhmədova gənclərlə görüşüb. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı millət vəkili özünün facebook sosial şəbəkə hesabında verib. Bildirib ki,  yüksək əhval-ruhiyyədə keçən görüş zamanı "Gənc liderlərin özünü ifadə və etik davranış qaydaları" mövzusu ətrafında gənclərlə fikir mübadiləsi aparılıb: "Hər zaman gənclərin yanında olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycan gənclərinə göstərdiyi dəstəyin, diqqət və qayğının onların inkişafında, intellektual səviyyəli potensial kadr və savadlı nəsil kimi formalaşmasında mühüm rol oynamasından danışdım. Azərbaycan Prezidentinin yanında olduğunu öz əməlləri ilə sübut edən bugünkü Azərbaycan gənclərinin dövlətimizin apardığı daxili və xarici siyasətin icrasında, ölkəmizin tərəqqisi yolunda həyata keçirilən tədbirlərdə fəallığının yüksək dəyərləndirildiyini qeyd edərək onlara, bu yolda uğurlar arzuladım. Görüşün sonunda gənclərimizi maraqlandıran bir çox suallara aydınlıq gətirdim, onların arzu və istəklərini, təkliflərini dinlədim".

Jalə Əhmədova qeyd edib ki, Naftalan şəhərində həyata keçirilən "Gənc Liderlər üçün Qış Universiteti" layihəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən dəstəklənir: "Vətənin etibarlı gələcəyinin təminatçısı olan Azərbaycan gəncliyinin bütün sahələrdə inkişafına istiqamətlənən bu layihənin gerçəkləşməsinə dəstək verən hər iki dövlət qurumunun rəhbərliyinə dərin təşəkkürümü bildirirəm".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31