“YUNESKO Fransasayağı, Birləşmiş Millətlərin Fransız Cəmiyyəti kimi davranır”-Deputat
10 Fevral 2022 12:28 Siyasət"Azərbaycan işğal altındakı torpaqlarını azad edəndən YUNESKO(UNESCO)nun əsl sifəti daha aydın nəzərə çarpmağa başlayıb. Beynəlxalq qurum birtərəfli hərəkət etməməli, xristian irsini digərlərindən üstün tutmamalı, dünyaya sivilizasiyalararsı qarşıdurma prizmasından yanaşmamalıdır. Amma YUNESKO tam onun əksini edir və bu da anlaşılandır. Ona görə anlaşılandır ki, o, Fransanın və xristian fundamentalistlərinin təsiri altındadır. Qərargahı Parisdə yerləşdiyi kimi, bizim regiona yanaşması da Fransa paytaxtının yanaşmasından ya fərqlənmir, ya da çox az fərqlənir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, adamda belə bir təsəvvür yaranır ki, Qərbdə sanki beynəlxalq qurumları öz təsir zonalarına bölüblər və YUNESKO da Fransanın payına düşüb: "Görünür bu da səbəbsiz deyil. Çünki həmən YUNESKO-nun xələfi sayıla biləcək ilk qurum təqribən iki əsr bundan öncə Parisdə fəaliyyətə başlayan Birləşmiş Millətlərin Fransız Cəmiyyəti sayılır. Həmən cəmiyyət sonradan Millətlər Liqasının dəstəyi ilə Beynəlxalq İntellektual Əməkdaşlıq İnstitutuna(1926-1939) çevriləndə də təşəbbüskar rolunda yenə fransızlar çıxış etmişdi və təbii ki, qərargahı Parisdəydi. 1945-ci ildə YUNESKO meydana çıxanda Fransanın dünyada proseslərə təsiri indikindən də az idi, amma görünür, ənənəni və qurumun elə də yüksək geosiyasi çəki daşımadığını nəzərə alaraq yenə onun qərargahını Parisdə yerləşdirdilər. Qərargahın Fransa paytaxtında olması qurumun özünü rəsmi Paris kimi aparması anlamı daşımasa da, yuxarıda qeyd etdiyimiz kimi təssüf ki, elə bu da baş verir- YUNESKO Fransasayağı, Birləşmiş Millətlərin Fransız Cəmiyyəti kimi davranır. Həm də xristian mədəni irsinin digər irslərdən üstün tutulduğu belə ayrı-seçkiliklə birinci dəfə deyil ki, rastlaşırıq. Bu reallıq fikrimcə, müsəlman ölkələrinin də oxşar bir qurum yaratmalarını qaçılmaz edir. Ümi edirəm ki, bu yöndə ilk addımı türk dövlətləri atacaq. Əslində dünyada ən çox mədəni-elmi irsi mənimsənilən, məhv edilən, onun-bunun adına çıxılan da elə türk xalqlarıdır".