Ermənistandan yeni məkirli plan - Paşinyan hər kəsi aldatmaq fikirindədir
10 Fevral 2022 12:08 Siyasət"Ümumiyyətlə, mən Ermənistan rəhbərliyinin qulağa xoş gələn bəyanatlarına inanmıram. Paşinyanın dünən Azərbaycanla dəmir və avtomobil yollarının açılmasına hazır olmasına dair təkliflə çıxış etməsi də bu qəbildəndir".
Bunu açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
O bildirib ki, əslində Paşinyan Azərbaycanla nəqliyyat əlaqələrinin bərpasını istəmir:
"Ermənistan iqtidarı ilk baxışda qulağa xoş gələn bu kimi manipulyativ açıqlamaları ilə beynəlxalq ictimai rəyi aldatmağa çalışır. Nəzərə alaq ki, son vaxtlar Ermənistana kommunikasiyaların açılması ilə bağlı həm Qərbdən, həm də Rusiyadan müxtəlif təzyiqlər edilir. Artıq beynəlxalq dairələr postkonflikt reallıqlarından çıxış edərək Ermənistanın manevr imkanlarını tamamilə daraldıblar. Amma buna baxmayaraq Paşinyan hakimiyyəti yenə də bir yolunu tapıb manipulyasiya etməyə çalışır. Yəni üzdə kommunikasiyaların açılmasına tərəfdar olduğunu bildirir, arxa planda isə məkrli planlar çevirir.
Bildiyimiz kimi, Paşinyanın dünənki məlum bəyanatından bir neçə saat sonra sərhəddə erməni hərbi təxribatları birdən-birə intensivləşdi. Sual yaranır ki, əgər komminikasiyaların açılmasında maraqlı idinsə, sərhəddə hərbi avantüralara əl atmaq hansı məqsədə xidmət edir? Deməli, Ermənistan rəhbərliyi ölkələrimiz arasında nəqliyyat əlaqələrinin bərpasını istəmir, ya da əlavə ön şərtlər irəli sürməyə çalışır. Vaxtaşırı verilən "xoş məramlı" bəyanatlar isə beynəlxalq siyasi dairələri aldatmağa hesablanıb".
Qeyd edək ki, bir yandan dünən Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən Azərbaycanla dəmir və avomobil yolunun açılışına, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib, digər yandan da elə dünən axşam saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Milli.Az