Ermənistan yenə də vədinə xilaf çıxır

Dəmir yumruq yenidən işə düşə bilər

Dövləti, dövlətçiliyi yalan, şər və böhtan üzərində qurulmuş Ermənistan bu gün də ənənəsini davam etdirməkdədir. Uydurma torpaq iddiasında bulunan Ermənistan beynəlxalq ictimaiyyəti aldadaraq  Azərbaycanın 20 faiz torpağını işğal etdi. Azərbaycan 30 illik gərgin siyasi, diplomatik mübarizədən sonra cəmi 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. Məğlubiyyətə uğramış Ermənistan kapituliyasiya aktına imza ataraq beynəlxalq ictimaiyyət qarşısında üzərinə müəyyən öhdəliklər götürdü. Lakin ikiüzlük vərdişindən əl çəkə bilməyən Ermənistan indi ən müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınır. Vəziyyət o həddə çatıb ki, Ermənistanın baş nazirindən tutmuş müdafiə və xarici işlər nazirlərinə qədər bütün dövlət nümayəndələri rəsmi görüşlərdə bir, mətbuata açıqlamalarında tamam başqa söz deyirlər. Bunun bariz nümunəsi kimi Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşü qeyd etmək olar. Görüşdə humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Prezident İlham Əliyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verib. Görüşdə Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin və kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi ilə bağlı Ermənistan baş naziri Nikol Paşinyanın üzərinə götürdüyü öhdəlikləri Fransa prezidenti Emmanuel Makron da dəstəkləyib. Məntiqə görə, N.Paşinyanın öhdəliklərinin olmasını Fransa da şahid duraraq təsdiq edib. Çox təəssüf ki, görüşdən dərhal sonra Erməistan rəsmiləri, xüsusən ayrı-ayrı dövlət qurumları üzərlərinə götürdükləri öhdəlikləri danaraq daxili auditoriyaya hesablanmış açıqlamalar verməkdədirlər. Elə Ermənistan Xarici İşlər Nazirliyinin bu günlərdə verdiyi açıqlama fikrimizi bir daha təsdiq etmiş olur. Məlumat üçün qeyd edək ki, Azərbaycan bu günə qədər Ermənistana 1709 erməni hərbçinin meyitini təhvil verib. Azərbaycandan Ermənistan sərhədinə qədər yolun 24%-i artıb çəkilib. Bu, Azərbaycan tərəfinin üzərinə götürdüyü işlərin yerinə yetirməsinin əyani sübutudur. Ermənistan tərəfinin başı isə "söz oyunu"na qarışıb. Ermənistan tərəfi öhdəlikləri yerinə yetirmək əvəzinə müxtəlif şərtlər irəli sürürlər.

Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Ermənistan XİN sözçüsünün dedikləri və Azərbaycan XİN-in cavabı göstərdi ki, İrəvan 8 erməninin qarşılığında kütləvi məzarlıqların koordinatlarının verilməsi anlaşmasından imtina edir: "Vaan Unanyan deyir ki, bu məsələdə təktərəfli öhdəlik götürməyiblər, lakin 8 erməninin qarşılığında məzarlıqların koordinatının verilməsi razılaşmasını təkzib etmir. Rəsmi Bakının etiraz açıqlaması da razılaşmanın olduğunu təsdiqləyir. İrəvan faktiki 8 ermənini aldıqdan sonra öhdəliyindən imtina edir və bununla Bakıda saxlanılan digər ermənilərin qaytarılması şansını da sıradan çıxarır. Hərçənd, məsələ təkcə bununla yekunlaşmır. Çünki görüşdə Bakıdan başqa digər tərəflər istədiyini praktiki olaraq aldı. Fransa Avropa İttifaqına sədrlik edən ölkə kimi vasitəçilik missiyasını yerinə yetirdi; Ermənistan 8 erməninin qaytarılmasına nail oldu. İrəvan öhdəliyini yerinə yetirməsə, Bakının cavabının diplomatik etirazla məhdudlaşacağı inandırıcı görünmür. Müharibədən sonralı təcrübə də bu ehtimalı güclənidirir".

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, son günlər sülhməramlıların nəzarətindəki ərazilərdə separatçıların təxribatlarının davamlı xarakter aldığı müşahidə olunur. Tərtərin ərazisinin atəşə tutulması, Xocalıda aktiv tikintinin aparılması, Tranşeylərin qazılması, Bakcellin əməkdaşının güllələnməsi, separatçıların davamlı təxribatçı bəyanatlar səsləndirilməsi, "Arsaxın işğalı haqqında" qanun layihəsinin hazırlanması barədə fikirlər və digər təxribat əməlləri bu fikri bir daha təsdiq edir: "Sülhməramlıların bu təxribatlara seyrçi qalması, reaksiya verməməsi, bir sıra hallarda dəstəkləməsi haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur. Sülhməramlıların əsas missiyası atəşkəsə əməl edilməsinə nəzarət etmək, bölgə xalqları arasında sülhü, qarşılıqlı etimadı, birgə yaşayışı təmin etməkdir. Təəssüf ki, sülhməramlıların bu məsələlərlə bağlı hansısa ciddi addımlar atdıqları müşahidə olunmur. Əksinə onların başları burada humanitar aksiyalara qarışıb. Bir gün məktəb, ev tikintisi həyata keçirir, su daşıyır, ərzaq paylayır, o biri gün məktəblərdə şagirdlərlə görüşlər keçirirlər. Ermənilər də bundan istifadə edərək öz xəbis və məkrli niyyətlərini həyata keçirməyə davam edir, yeni təxribatlar törətməyə çalışırlar. Bu təxribatlara mütləq son qoyulmalıdır. Separatçılar unutmasınlar ki, dəmir yumruq hər zaman hazırdır. Əgər belə təxribatlar davam etsə bunun cavabı çox sərt və ağır olacaq".

Onun sözlərinə görə,  Azərbaycan bölgəyə davamlı sülhün gəlməsinə çalışır, bütün addımlar buna hesablanıb. Bölgənin inkişafı davamlı sülhdən çox asılıdır: "Ermənistan konkret mövqe bildirməlidir. Əgər sülh istəyirsə Azərbaycan sülhə hazırdır. Yox məqsəd müharibə, Azərbaycanın səbrini sınağa çəkməkdirsə Azərbaycan müharibəyə hazırdır. Ancaq bunun aqibəti ermənilər üçün heç yaxşı olmayacaq. Görünən odur ki, erməni xalqı hələ də unutqanlıq xəstəliyindən sağalmayıb. Ona görə başlarına gələnləri çox tez unudurlar. Ermənilər Vətən müharibəsində öz çirkin əməlləri ucbatından yaşadıqları acı müsibətlərdən çox ciddi nəticələr çıxarmalıdırlar. Əgər bunu etməsələr dəmir yumruq yenidən işə düşəcək və bu dəfə zərbə daha ağır olacaq, itkilərin sayı bir neçə dəfə artacaq. Azərbaycan 44 günlük müharibədə bunu bütün dünyaya göstərdi. Nə qədər gec deyil separatçılar bu barədə ciddi düşünməlidirlər. Onların bir yolu var o da sülhə razılaşmaq və yekun sülh müqaviləsini imzalamaq. Digər bütün cəhdlərin nəticəsi uğursuz və ağır olacaq. Heç kim Azərbaycanın səbrini zorlamağa cəhd etməsin".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31