Vətəndaş rifahının təmin olunması hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub

Azərbaycan dövləti, xüsusilə də dövlət başçısının hər zaman diqqət yetirdiyi əsas məsələ əhalinin sosial rifahının yaxşılaşdırılması olub. Cənab prezidentin 18 ilə yaxın müddət ərzində ölkəyə rəhbərlik etdiyi dövrdə bunun əyani şahidinə çevrilmişik. Hər il dövlət başçısı tərəfindən imzalanan çoxsaylı fərman və sərəncamlar əhalinin sosial rifah halının yaxşılaşdırılmasına öz müsbət təsirini göstərib desək yanılmarıq. Bu günlərdə Prezident İlham Əliyev tərəfindən imzalanan və əmək pensiyaçılarını əhatə edən növbəti sənəd də bu sahədə atılan mühüm addımlardan və vətəndaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edən tədbirlərdən biri kimi xarakterizə edilə bilər. Elə Milli Məclisin deputatı Sədaqət Vəliyeva da bu qənaətdədir.  Millət vəkili bildirib ki,  vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub.  Onun sözlərinə görə, əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində 2021-ci ildə cəmiyyətin bütün təbəqələrini əhatə edən çoxsaylı sosial qanunlar qəbul olunub, fərman və sərəncamlar imzalanıb, mühüm tədbirlər həyata keçirilib.

Sədaqət Vəliyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2022-ci il 8 fevral tarixində "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalanıb: "İmzalanmış Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Yeni sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə etməklə ümumilikdə 1,1 milyon (92%) pensiyaçıya şamil olunacaq və bu məqsədlər üçün il ərzində əlavə 352 milyon manat vəsait xərclənəcək. İmzalanmış "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam Azərbaycanda həyata keçirilən sosial siyasətin davamı, dövlətin pensiyaçılara növbəti qayğısı olmaqla yanaşı, əmək pensiyaçılarının sosial rifahının mənfi təsirlərdən qorunmasına hesablanıb".

"Azərbaycanda postmüharibə və postpandemiya dövründə imzalanmış çoxsaylı sosial qanunlar, fərman və sərəncamlar bir daha Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş, müdrik, sosial-iqtisadi siyasətin göstəricisidir" - deyən Sədaqət Vəliyeva əlavə edib ki, həyata keçirilən sosial siyasət, vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır, Prezident İlham Əliyev Azərbaycan xalqının daha da xoşbəxt, firavan yaşaması, əhalinin sosial rifahını gücləndirilməsi üçün gecə-gündüz yorulmadan, var gücü ilə çalışır.

Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov isə deyib ki, Prezident İlham Əliyev ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman ciddi addımlar atır: "Elə Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında da əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır. Həmçinin Azərbaycanda əhalinin sosial müdafiəsinə göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır. Hər il dövlət büdcəsində sosialyönümlü xərclər artırılır. Məhz, 2022-ci ilin büdcəsi də bu baxımdan istisna təşkil etmədi və bu ilin büdcəsinin də sosialyönümlü olması bir daha göstərir ki, dövlətin əsas məqsədi xalqın rifahının yaxşılaşdırılmasıdır. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncam da dövlət başçısının yürütdüyü sosial siyasətin növbəti təntənəsi, pensiyaçılara növbəti qayğısıdır".

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin 2022-ci il 8 fevral tarixli "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılması məqsədinə xidmət edir: "Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Eyni zamanda, yeni Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılacaq. Xüsusilə qeyd edilməlidir ki, Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini üstələyir və bu da pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir".

"Yeni Sərəncam pensiyaçıların 92 faizini əhatə edəcək. Nəzərdə tutulmuş məqsədlər üçün il ərzində əlavə olaraq 1,1 milyon nəfərə 352 milyon manat xərclənəcək", - deyən Ramil Vəlibəyov əlavə edib ki, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək: "300 manatadək pensiya alan şəxslərdə bu artım 10 faizədək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8 faizədək olacaq. Eləcə də, 6,7 faizlik indeksləşdirilmə ilə yanaşı, yeni Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Bir sözlə, yeni Sərəncam bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31