"Tarixi ədalət bərpa olunmalıdır ki, erməni faşizmi bir daha baş qaldırmasın"
10 Noyabr 2021 14:11 Siyasət"10 noyabr 2020-ci ildə Ermənistanın baş naziri Azərbaycan və Rusiya prezidentləri arasında üçtərəfli birgə bəyanatın imzalanması regionda yeni geosiyasi reallıqları formalaşdırdı".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Bəzən biz müşahidə edirik ki, Ermənistanda üçtərəfli birgə bəyanatı atəşkəs razılaşmasının kimi qələmə verməyə çalışırlar və yaxud onu təhrif etmək istiqamətində fəaliyyət göstərirlər. Lakin bu təkcə atəşkəs razılaşması və bəyanatı deyil. Xatırlatmaq istəyirəm ki, müharibə dövründə üç dəfə humanitar atəşkəs barədə razılıq əldə olunmuşdu və bu humanitar atəşkəslər ATƏT-in Minsk qrupunun bütün həmsədr dövlətləri tərəfindən qəbul olunmuş, onların vasitəçiliyi ilə həyata keçirilmişdir. Lakin bu atəşkəs razılaşmaları müharibəyə son qoymamışdır. Məhz 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli birgə bəyanat nəticəsində həm müharibəyə son qoyulmuş, həm də yeni reallıqlar haqqında məlumatlar öz əksini tapmışdır. Doqquz maddəlik birgə bəyanat həm regiondakı nəqliyyat və kommunikasiya xətlərinin açılmasını, eləcə də, Ermənistan silahlı qüvvələrinin bütün birləşmələrinin və qalıqlarının Azərbaycan ərazisini tərk etməsini özündə əks etdirir. Təəssüflər olsun ki, hazırkı ana qədər hələ Ermənistan silahlı qüvvələrinə aid birləşmələr, terrorçu qruplar və silahlılar Azərbaycan ərazisini tərk etməyiblər. Eyni zamanda, həm də 10 noyabr tarixində imzalanmış birgə bəyanat əsasında Rusiyanın sülhməramlıları Azərbaycan ərazisinə müvəqqəti olaraq yerləşdirilmişlər və onların fəaliyyət dövrü 5 illə məhdudlaşır. Tərəflərdən birinin bu mövcudluğa etirazı olarsa, 6 ay əvvəldən xəbərdar edilməklə sülhməramlıların regionda qalıb, qalmaması haqqında qərar veriləcək və onlar bölgəni tərk edəcəklər. Hələ ki, sülhməramlıların fəaliyyəti haqqında çoxsaylı narazılıqlar, faktlar vardır və bu faktların aradan qaldırılması istiqamətində sülhməramlıların fəaliyyəti ilə bağlı hüquqi mexanizmlər özündə əks etdirən bir sənəd imzalanmalı və hüquqi müstəvidə bu məsələlər həll olunmalıdır. Digər önəmli məsələ bundan ibarətdir ki, hələ üçtərəfli birgə bəyanatın doqquzuncu maddəsi də icra olunmayıb və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında avtomobil və dəmir yolu əlaqəsi yoxdur və Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlər gündəmdədir, müzakirə olunur. Azərbaycan 3+3 platforması ideyasını dəstəkləyir və biz müşahidə edirik ki, regionun gələcəyi Azərbaycan, Rusiya və Türkiyədən asılıdır. Rusiyanın Ermənistana təzyiqi nəticəsində bu layihəyə Ermənistan da qoşulur. Digər iştirakçılar, Gürcüstan və İranın da layihə ilə bağlı qəti fikri olmasa da, mən düşünürəm ki, gələcək dövrdə İran və Gürcüstan bu layihə ilə bağlı daha israrlı fikirlər irəli sürəcəklər. Əks təqdirdə yalnız 2+2 ideyası öz reallığında mövcud olacaq və həyata keçəcək. Azərbaycanın istəyi bundan ibarətdir ki, bölgədə qalıcı sülh formalaşsın. Bunun üçün bütün iştirakçı dövlətlərin maraqları təmin olunmalıdır, onların iqtisadi prioritetləri sayəsində gələcək inkişaf perspektivləri formalaşmalıdır. Ümumilikdə 10 noyabr birgə bəyanatı Azərbaycanla Ermənistan arasında olan silahlı toqquşmaların, qan tökülməsinin qarşısını alan bir hüquqi sənəddir. Bəzən biz elmi ədəbiyyatda bunun 9 noyabr kimi qeyd olunmasını da müşahidə edirik. Məsələ bundan ibarətdir ki, bu bəyanat Rusiya vaxtilə məhz elə 9 noyabr tarixində imzalanmışdır. Saat fərqinə görə Azərbaycan bu bəyanatı 10 noyabr kimi qələmə verir. Mahiyyətdən asılı olmayaraq bu sənəd eyni sənəddir və eyni hüquqi qüvvəyə və çəkiyə malikdir. Ona görə də, bu sənədin mənə elə gəlir ki, Azərbaycan tarixində önəmli yeri vardır və müzəffər Azərbaycan ordusunun qətiyyətli addımları, zəfər yürüşü bu sənədlə bir qədər də möhkəmləndirildi. Çünki, üçtərəfli birgə bəyanatda göstərilir ki, Ermənistan tərəfi Ağdam, Kəlbəcər və Laçın rayonlarını da boşaltmalıdır. Bu verilmiş zaman kəsiyində də Ermənistan öz məkrli niyyətini nümayiş etdirmişdir və əraziləri boşaltmaq əvəzinə ağacları qırır, meşələri yandırır, heyvanları öldürür və evlərə od vururdu. Bu barbarlıq və vandalizm hərəkətləri bir daha onu göstərir ki, Ermənistan tərəfi maksimum dərəcədə Azərbaycana ziyan vurmaq siyasətini güdür və regionda terrorçu mahiyyətini və xislətini daşıyır. Eyni zamanda, bölgədə böyük ekoloji terror həyata keçirilmişdir. Bir sıra heyvan cinslərinin tamamilə kökü kəsilmiş, çaylar zəhərlənmişdir. Ümumiyyətcə Ermənistanın Azərbaycana vurduğu ziyanla bağlı monitorinq qrupu işləyir, xarici mütəxəssislərin bu işə cəlb olunub və Ermənistandan təzminat tələb olunması ilə bağlı vəsatət qaldırılması haqqında qərar qəbul olunacaq. Mənə elə gəlir ki, bu çox doğru addımdır. Tarixi ədaləti və vurulmuş ziyanın müqabilində təzminatın əldə olunması çox önəmli addımdır və tarixi ədalət bərpa olunmalıdır ki, bir daha erməni faşizmi baş qaldırmasın".
Röyalə Xəyal