NİZAMİ İLİNDƏ NİZAMİ RUHU İLƏ... Əkbər QOŞALI yazır
5 Noyabr 2021 11:33 SiyasətƏkbər QOŞALI

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Nizami İlində düzənlədiyi Vlll Qlobal Bakı Forumu ən yeni dövr mədəniyyət tariximizə düşən, gələcəkdə də haqqında danışılacaq hadisələrdən olacaq. - Tərtibi, tərkibi, təşviqi və Azərbaycan həqiqətlərini təcallası ilə bu haqqı qazanan Forumun zirvə məqamı dövlət başçımızın çıxışı oldu.
9 il +
Öncə vurğulayaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin cəmi 9 yaşı olsa da, 9 ili aşan nüfuzu, zəngin özkeçmişi, gələcəyə aydın baxışı vardır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) - Azərbaycan Respublikası Prezidentinin 23.12.2011-ci il tarixli Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində - 30.09.2012-ci ildə Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda yaradılıb. Beynəlxalq səviyyədə fəaliyyət göstərən, mərkəzi qərargahı Bakıda yerləşir bu QHT-nin həmsədrləri Vayra Vike-Freyberqa (Vaira Vīķe-Freiberga; 01.12.1937, Riqa, Latviya; Latviya Respublikasının VI və ilk qadın prezidenti), İsmayıl Seragəldin (1944, Giza; İsgəndəriyyə kitabxanasının təsisçi direktoru, bir sıra akademik, elmi, beynəlxalq müəssisələrin məşvərətçi komitələrinin sədri), Baş İcraçı direktoru isə Elnur Əliyevdir (1979, Bakı; Mədəniyyət nazirinin I müavini, İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi).
NGBM 9 il kimi qısa müddət içində dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirə edildiyi nadir, fəal beynəlxalq platformaya çevrilməsi ilə, özünəxas tarixi, keçdiyi inkişaf yolu ilə bilik, təcrübə, xeyirxahlıq ünvanına, bir sözlə, müdrikliyi ilə seçilən intellektual dairələrin ocağına çevrilməkdədir. - Bilik, təcrübə, xeyirxahlıq, müdrikliyin ən çox yaraşdığı isimlərdən biri, əlbəttə, Nizami Gəncəvidir. Bu anlamda, Mərkəz ulu Nizaminin adına (necə deyərlər, bu adın kəramətinə) uyğun olaraq, yalnız mədəniyyət üzrə deyil, ümumən bəşəriyyəti rahatsız edən əsas mövzular üzrə görüşlər, müzakirələr keçirir, nəşrlərlə çıxış edir.
Bitən, bitməyən pandemiya...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vlll Qlobal Bakı Forumundakı çıxışında bəşəriyyəti, bölgəmizi, ölkəmizi rahatsız edən mövzulara toxundu, görülmüş, görülməli işlər haqqında öz fikirlərini söylədi.
Son ilyarım içində bəşər pandemiya elanı dövründə davranış mədəniyyətini də önplana çıxardı. Çox şadıq ki, Azərbaycan "COVİD-19" pandemiyası ilə mübarizədə dünyaya örnəklər təqdim etdi. Yada salaq:
-Ölkə içində qısa müddətdə tibbi infrastruktur pandemiya ilə səmərəli mübarizə məqsədlərinə uyğunlaşdırıldı. O cümlədən 13 yeni xəstəxana açıldı;
-Pandemiya ölkə içində nəzarətə götürüldü, təsirli, qabaqlayıcı tədbirlər görüldü və infeksiyanın geniş yayılmasına imkan verilmədi;
-Sosial yardım zərfləri təşkil olundu, dövlət büdcəsindən ayrılan 2.9 milyard dollar həcmində vəsait pandemiyadan əziyyət çəkən vətəndaşların zəruri ehtiyaclarının ödənilməsinə yönəldildi, işadamlarına dövlət dəstəyi həyata keçirildi;
-Azərbaycan vaksinasiya kampaniyasına başlayan və onu uğurla həyata keçirən ilk ölkələrdən oldu. Ölkə əhalisinin 18 yaşdan yuxarı 60 faizi artıq iki doz vaksin qəbul edib və bu dünyada ən yaxşı göstəricilərdən biri sayılır;
-Azərbaycanın pandemiya ilə mübarizəyə beynəlxalq səviyyədə töhfələri, o cümlədən ÜST-ə üst-üstə 10 milyon dollar həcmində yardım ayırması, 30-dan artıq ölkəyə yardım göstərməsi xalqımızın, dövlətimizin xeyirxahlığını, ləyaqətini göstərir;
-Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın təşəbbüsü ilə 03.12.2020-ci ildə Nyu-Yorkda BMT Baş Assambleyasının "COVID-19" ilə mübarizəyə həsr edilmiş (dövlət və hökumət başçıları səviyyəsində) xüsusi sessiyasının keçirilməsi yada salınmalı, qürurverici faktlardandır.
Məhz Azərbaycan Respublikasının vaksin ayrı-seçkiliyinə - "vaksin millətçiliyi"nə qarşı ən fəal mübarizə aparan ölkələrdən biri olması, bu üzüntüyə son qoyulması üçün ardıcıl təşəbbüslərlə çıxış etməsi tarixin ədalətli üzündə həmişə xatırlanacaq. 23.03.2021-ci ildə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın təşəbbüsü ilə ""COVID-19" əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə qəbul edilməsi, ÜST-ün istifadəsində olan "COVİD-19"-la bağlı "tibbi xidmətlərin bilgi bazası"nın yaradılması təşəbbüsünü irəli sürməsi Azərbaycan Ürəyini, Azərbaycan fərqini, ifadə etməkdədir... İfadə etməkdədir ki, ölkələrin, xalqların ləyaqəti onun mövcud ərazisi, əhali sayı, büdcəsi və s. ilə ölçülmür. - Bu parametrlərlə Azərbaycan Respublikasından dəfələrlə irəlidə olan ölkələrin necə miskin, anti-insani davrandığını "COVİD-19" pandemiyası bütün dünyaya əyani şəkildə göstərdi... İnsanlar kimi, xalqların, dövlətlərin də xarakteri ən çətin və ən şad günlərdə (dövrlərdə) üzə çıxır...
Xalqımızla, dövlətimizlə qürur duyuram!
Bir ölkənin iki müharibəsi...
Artıq ümumişlək sözlə desək, pandemiya başlayandan bəri Azərbaycan bir deyil, iki müharibə içindəydi: Ermənistanın Azərbaycan torpaqlarının işğalda saxlaması və bununla da yetinməyib, Qarabağdan uzaq bölgələrdə də üstümüzə diş qıcaması öz başında çatladı. Azərbaycan 27 il kağız üzərindən ötəyə getməyən BMT qətnaəmələrini özü icra etdi. - Demək ki, ləyaqət, dəyanət, mətanət bir xalqda ya var ya yoxdur: pandemiya ilə mübarizədə özünü göstərən bu yüksək keyfiyyətlər gözəgörünməz infeksiyadan daha təhlükəli gözgörəsi "erməni faşizmi" infeksiyası ilə mübarizə də də başarı əldə etməmizi şərtləndirdi.
Heç kəsə sirr deyil ki, respublikamız düşməni öz gücünə qovub çıxarmasaydı, işğal beynəlxalq ictimaiyyətin laqeyd münasibəti ortamında hələ uzun illər davam edəcəkdi.
Yalnız BMT deyil, habelə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulamam Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq qurumlar Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğala son qoyulmasını tələb edən qərar və qətnamələr qəbul etmişdi amma bu, 1 kəndimizin belə azad olunmasına gətirib çıxarmamışdı...
Erməniastanın ziddiyyətli siyasəti, o vaxtkı "status-kvo"nu qoruyub saxlamaq cəhdi, bu da azmış kimi, yeni müharibə və yeni işğal planları, Azərbaycana qarşı ardıcıl hərbi-siyasi, psixoloji təxribatları 27.09.2021-ci ildə Azərbaycanın həlledici əks-hücuma başlamasının əsas səbəblərindən oldu. - Bu əks-hücum əvvəl-axır olmalıydı, oldu da! Yoxsa, uğursuz dövlətin demokrat libaslı diktator Baş naziri başda olmaqla, Ermənistanın bütün rəsmi şəxslərinin tavansız iddiaları - belə iddiaların vaxtaşırı yenilənməsi hər kəsi, ATƏT-in Minsk Qrupunun həmsədrlərini də çıxılmaz duruma saldı. Həmsədrlər "müdrikcəsinə" susur, ən yaxşı halda işğalçı ilə işğala məruz qalan tərəfi eyniləşdirmək üçün yeni "formul"lar aramaq imkanlarının tükənmədiyini nümayiş etdirirdilər. - Belə tarazlıq kimə lazımdı?.. Azərbaycanın dövlət başçısı ən müxtəlif beynəlxalq platformalarda çıxış edərək, Ermənistan rəhbərliyinin qarşısında dəfələrlə şərt qoyurdu ki, işğal edilmiş ərazilərdən qoşunların çıxarılması ilə bağlı müvafiq cədvəl versin, yoxsa, biz öz suveren ərazilərimizi hansı yolla olursa-olsun azad edəcəyik. At kimi (daha doğrusu, qatır kimi) şiniyən işğalçılar 30 ilə qurub-quraşdırdıqlarının 44 gün içində sıradan çıxarılacağına, üst-üstə 10 minə yaxın hərbçisinin ölümünə, bir sözlə, ağır məğlubiyyətədək haqq yola gəlmədi. Əslində, indi də haqq yolda sayılmazlar, bununla belə Dəmir Yumruğun gücünü yaxşı bilirlər. Hər nə qədər, mina xəritələrini verməsələr də, əvəzçıxma cəhdləri ilə silahlanmağa cəhd göstərirlərsə də, bundan zərər çəkən, itirən özləri olacaq. 30 illik işğala son verməyi bacaran iradə üçün bundan sonrakı problemlər təfərrüat misalı olar inşallah.
Qaldı ki, işğaldan azad olunmuş ərazilərin uzun illər talan edilməsi, torpağın altının üstünə çevrilməsi, tipik erməni vandallalıqlarına... bunların da hesabı sorulacaq: heç nə unudulmur, heç kim yaddan çıxmır...
Azərbaycan müharibə etməyi də, sülh yaratmağı da ləyaqətlə bacarır. Qarabağda işğal mədəniyyətsizliyindən quruculuq, abadlıq mədəniyyətinə keçidin, erməni qaramatından Azərbaycan işığına çıxmağın təntənəsi yaşanır: yol-yol, körpü-körpü, ev-ev, ağac-ağac, bulaq-bulaq, işıq-işıq, ürək-ürək... Və Azərbaycan yalnız öz evini tikib, öz yolunu çəkmir, bütün qonum-qonşulatra, yaxın-uzaq ölkələrə əməkdaşlıq təklif edir. Zəngəzur dəhlizi sülh dəhlizi, əməkdaşlıq dəhlizi ola bilər. Sülhə ən çox ehtiyacı olan uğursuz və məğlub Ermənistan isə hələ də astagəlliklə, srünüdürməçiliklə, "bəlkə də qaytardılar" havasındadır, qaliba... O "hava"da havaları çatmayacağını başa düşsələr xüeyir taparlar...
Güneydən gələn enerji...
Vlll Qlobal Bakı Forumunun gündəliyində, daha doğrusu, Azərbaycan Prezidentinin nitqində daha nələr vardı?
Güney Qaz Dəhlizi layihəsinin başa çatmasının, ötən ilin son günündə TAP layihəsinin tamamlanması və istismara verilməsinin Azərbaycan, bölgə və Avropa üçün tarixi uğur olması xatırladıldı. Güney Qaz Dəhlizinin Avropa üçün yeni enerji qaynağı olması, qaynaqların şaxələndirilməsində önəmli rolu, Azərbaycanın göndərdiyi qazın yarısının avropalı istehlaçılar tərəfindən istifadə olunması Avropanın enerji təhlükəsizliyində Azərbaycanın nə dərəcədə önəmə sahib olduğunu göstərir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!