Bunu təkcə İran deyil, digər dövlətlər də nəzərə almalıdırlar- RƏY
14 Oktyabr 2021 09:01 Siyasət"44 günlük Vətən Müharibəsindən sonrakı dövrdə Azərbaycanla İran arasında baş verən hadisə və proseslər müharibədən sonra yeni geosiyasi şəraiti yaradanlarla müharibədən əvvəlki vəziyyəti qoruyub saxlamaq istəyənlərin mübarizəsinin nəticəsidir".
Bu sözləri Olaylar.az-a açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə deyib.
"Məlumdur ki, Azərbaycan Ermənistanı diz üstə çökdürməklə ermənilərdən, o cümlədən, işğal problemindən Azərbaycana qarşı təsir vasitəsi kimi istifadə etmək istəyən ölkələri bu "vasitə"dən məhrum edib. Ərazilərini azad etmiş Azərbaycanın yeni geosiyasi və geoiqtisadi iddiaları var, bununla bağlı regionda müəyyən addımlar atılır. Bu isə müəyyən dövlətlərin mənafeyinə uyğun gələ və yaxud gəlməyə bilər. Müharibədən dərhal sonrakı dövrdə iranlı analitiklərin, tədqiqatçıların əsərlərinə baxsaq, görərik ki, İranın bir çox narahatlıqları o zamandan etibarən ifadə edilirdi.
İranda müəyyən qüvvələr belə hesab edirdilər ki, Zəngəzur dəhlizinin açılması İranı bir çox iqtisadi gəlirlərdən, tranzit keçid haqlarından məhrum edə bilər. İkincisi, perspektivdə Türkiyənin İran qazından tamamilə imtina etməsinə gətirib çıxara bilər. Üçüncü, regionda geosiyasi rəqiblərinin rolunun və nüfuzunun güclənməsini İran qəbul etmir, özünün təhlükəsizlik maraqlarını zidd hesab edir.
Azərbaycanla qardaş Türkiyə arasında imzalanmış müqavilələrə və müvafiq bəyannamələrə, razılaşmalara uyğun olaraq Xəzərdə təlimlərin keçirilməsi də İranı narahat edən başlıca problemlərdən biridir.
Lakin buna qədər də - torpaqların işğalda saxlanıldığı dövrdə, müharibə dönəmində, müharibədən sonra İran Azərbaycanın mənafeyi ilə uyğun gəlməyən bir sıra addımlar atmışdır. Bu addımlar sırasında bəziləri var ki, artıq onlar haqqında mətbuatda müəyyən məlumatlar açıqlanmışdır. Hazırki İran hakimiyyətinin davamlı olaraq səsləndirdiyi, amma heç bir faktla əsaslandıra bilmədiyi işğaldan azad edilmiş ərazilərdə guya hansısa terrorçuların olması iddiaları kökündən yanlışdır.
İddiaların digər bir qismi Azərbaycan-İsrail əməkdaşlığı ilə bağlıdır. İran rəsmilərinin də müxtəlif dövrlərdə danışdıqları dildə desək. Ermənistanla münasibətlər İranın müstəsna hüququ olduğu kimi, İsraillə münasibətlər də Azərbaycan Respublikasının müstəqil dövlət kimi hüququdur. İran bu ölkədəki erməni icmasının mövqeyini nəzərə aldığı kimi, Azərbaycan da öz ərazisindəki yəhudilərin mövqeyini nəzərə alır.
Azərbaycan-İsrail hərbi əməkdaşlığına etiraz etmək üçün isə qonşu dövlət etiraz etməməlidir. Axı İslam Respublikasının özü də 1980-1988-ci illərdə İraqa qarşı mübarizə aparmaq üçün İsraildən müxtəlif silah və təyyarələr üçün hissələr alıb. Necə ola bilər ki, bu silah və texnika İraqa qarşı İran tərəfindən istifadə ediləndə bu haqq uğrunda mübarizə olur, Azərbaycan tərəfindən öz ərazilərinin təhlükəsizliyini təmin etmək, müsəlmanları soyqırıma uğratmış Ermənistan terror dövlətini geri oturtmaq üçün istifadə olunanda haqq uğrunda mübarizə olmur? 1985-1986-cı illər baş vermiş İran-Kontra qalmaqalını axı hər kəs yaxşı xatırlayır.
İrandakı hazırkı hakimiyyət bu cür yanaşmanı kənara qoymalı, iki ölkə arasında tarixi əlaqələrə, qonşuluq münasibətlərə dayanaraq münasibətləri inkişaf etdirməyə çalışmalıdır. Nəzərə almaq lazımdır ki, bu gün İranın bəzi rəsmilərinin səsləndirdiyi əsassız iddialarla İranın dövlət sistemində, İran siyasətində olan bir çox qüvvələrin özləri belə razılaşmırlar, ifadə olunan qeyri-konstruktiv fikirlərə tənqidi yanaşırlar.
İki dövlət arasında vəziyyətin gərginləşməsi istənilən halda nə Azərbaycanın, nə İran İslam Respublikasının mənafelərinə cavab vermir. İran İslam Respublikası nəzərə almalıdır ki, həmsərhəd olduğu digər istiqamətlərdə kifayət qədər təhlükə mənbələri var. Belə bir vəziyyətdə diqqəti sərhədinin ən təhlükəsiz və etibarlı hissəsinə yönəltmək, problemin olmadığı bir yerdən problem çıxartmağa çalışmaq bu dövlətin özünün mənafelərinə ziddir. Halbuki, Azərbaycan İranla münasibətlərin gərginləşməsindən bütün dövrlərdə öz xoşməramlı məqsədlərinə uyğun olaraq yayınmağa çalışmışdır. Müxtəlif vasitələrlə maksimum şəkildə çalışmışdır ki, İran tərəfi ilə münasibətlər pozulmasın, qonşuluq, dostluq münasibətləri davam etsin. Lakin, səslənən iddiaların artıq əndazəni aşması, hətta, bir çox rəsmi şəxslərin dili ilə ifadə olunması təbii ki, Azərbaycanı da bu cür iddialarla adekvat cavab vermək məcburiyyətində qoymuşdur.
Azərbaycan artıq 90-cı illərin Azərbaycanı deyil, bunu təkcə İran deyil, digər dövlətlər də nəzərə almalıdırlar. Azərbaycan iqtisadi cəhətdən səfil vəziyyətinə düşmüş Ermənistan deyil. Cənab Prezidentin çıxışlarında qeyd etdiyi kimi, Azərbaycanla kimsə təhdid dilində danışa bilməz, Azərbaycan bölgədə sülhü, əməkdaşlığı təşviq edən bir ölkədir".
Röyalə Xəyal