ZƏNGƏZURYÖNÜMLÜ QANUN-Əkbər QOŞALI yazır...
8 Oktyabr 2021 14:05 SiyasətƏdədlərdəki anlam
1, 30, 103... - Sizcə, bu ədədlər nəyi ifadə edir? - burada bir riyazi, həndəsi anlam nəzərdə tutulmayıb, əlbəttə. Əlbəttə, bu bir siyasi-ideoloji anlam daşıyır. Riyazi, həndəsi silsilədən fərqli olaraq, siyasi-ideoloji silsilə bəlli bir nizama tabe ardıcıllıq deyil, mövcud hadisələrin xronoloji sıralanması yolu ilə yaradılır.
1 - havadarlarının ciddi siyasi-hərbi dəstəyi ilə bizim torpaqları uzun illər işğal altında saxlamış Ermənistan üzərində tarixi Zəfərimizin birinci ildönümünü,
30 - dövlət müstəqilliyimizi bərpa etməmizin 30-cu ildönümünü,
103 - müstəqil dövlət qurmağımızın (öz milli sınırlarımız içində və ümumən Yaxın Günodğarda ilk Cümhuriyyətin elanının) ildönümünü ifadə edir.
Hər üçü əzizdir.
200 ilə dayalı gedişat...
Bizim dövlət müstəqilliyinin bərpası haqqında qərar qəbul etməyimizlə birgə (hətta, ondan da bir qədər öncədən) bədxah "qonşular"ın ərazilərimizə qarşı açıq, gizli, siyasi, ideoloji, mətbu, silahlı... hücumları da başlamış oldu. Təbii, bu yalnız Ermənistan siyasi-hərbi rəhbərliyinin işi deyildi, bu dünya erməniliyinin, Ermənistanın üzdə, dərində olan bir xeyli havadarının ortaqlaşa aldığı qərardı. Elə bir qərar ki, onun hədəfi Qafqazda müstəqil Azərbaycan dövlətinin mövcudluğunu ya inkar edirdi ya da ancaq şikəst Azərbaycana müsaidə olunurdu. Bu, inkarçılıq və şikəst istəkləri təqribən 200 illik bir keçmişə dayalı olsa da, bu yazı tarixdən çox çağdaş dönəmə indekslənib: 200 illik adıyaman gedişatın durdulumasının birinci ildönümünü bu il qeyd edirik. Bu mübarək gün bizə müstəqillik nemətini, zövqünü almağa imkan verir. Əziz şəhidlərimizin ruhu qarşısında dərin sayğı ilə əyilir, onların ruhuna alqış söyləyirik! Ocaqları sönməsin! Müstəqillik nədir, istiqlal necə olur, qutsal Bayrağımız dalğalanan Şuşalı Azərbaycan necə bir qürur qaynağıdır - onlar bizə yaşatdı, öyrətdi! Yaralı qazilərimizə möhkəm can sağlığı, itkinlərimizə mümkün olan ən qısa zamanda tapılmalarını, bütün müharibə iştirakçılarımıza əmin-amanlıq, rifah diləyirəm. Bir sözlə, Müzəffər Azərbaycan Silahlı Qüvvələri, Ali Baş Komandanın başçılığı ilə - dövlət-xalq birliyi ilə müstəqilliyi müstəqillik kimi yaşamağımıza, yaşatmağımıza gerçək imkanlar vermiş oldu.
Təsdiq, təsbit və təcalla
Əlbəttə, milli ordu quruculuğu, mili müdafiə sənayesi qurmağımız, regional, beynəlxalq iqtisadi-siyasi münasibətlər sistemində özünəməxsus yerə, rola malik olmağımız da müstəqilliyimizin nemətləridir; lakin neçə ki bu nemətlər, imkanlar və quruculuqlar Şuşayadək gedib çıxmamışdı, natamamdıq...
Vətən Müharibəsindəki Zəfərlə Azərbaycan Respublikası dünyada öz layiqli yerini, nüfuzunu təsdiq, təsbit və təcalla etdirmiş oldu. Şuşaya sancılan bayrağımız ölkəmizin suverenliyi, dövlət müstəqilliyimiz və milli kimliyimizlə bağlı rəmzi hadisələrə yenidən və sistemli baxış doğurdu. Və Şuşaya aparan iradə, Şuşadan sonranın yollarını da cızır: Zəngəzur, Göyçə, İrəvan...
Tarixi ədalət
44 gün içində işğalçıların 30 illik istibdadının intiqamını ağır şəkildə almağımız tarixi ədaləti bərpa olunması deməkdir. Bu, Sovetlər dövründə ortaya atılmış süni "Dağlıq Qarabağ" ifadəsinin siyasi leksikonumuzdan çıxarılmasına, o da öz növbəsində, tarixi torpaqlarımızda qurulmuş "Ermənistan Respublikası"ndakı yaşayış məntəqələrimizin əsl adları (Azərbaycanın milli toponimləri) ilə təqdim olunması və b. məsələləri güncəlləşdirdi. Mənim kimi bir neçə yazar zatən erməniləşdirilmiş adlardan istifadə etməməyə özən göstərirdik lakin bunun ümumxalq səviyyəsində təzahür etməsi lazımdı və indi bunu görmək çox xoşdur.
Yeni dönəm: 2021-dən 1991-ə və 1918-ə yeni baxış
Vətən Müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində həmçinin dövlətçilik tariximizdə müstəsna önəmə malik tarixi günlərin mahiyyətcə, məzmunca daha dəqiq təsbit olunması zərurəti yaranıb.
Bəli, 30 il öncə tarixi hadisə baş verib: Azərbaycan Respublikasının Ali Soveti 30 avqust 1991-ci ildə "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə, 18 oktyabr 1991-ci ildə isə həmin Bəyannaməni rəhbər tutaraq, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edən" Konstitusiya Aktı qəbul edib. Azərbaycan Ali Sovetinin 1991-ci ilin oktyabrındakı növbədənkənar sessiyası 4 gün müzakirələr apararaq, nəhayət, oktyabrın 18-də tarixi sənədi qəbul edib. (Həmin vaxt Aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib, bir qismi sessiyaya qatılmayıb, az bir qismi əleyhinə və bitərəf olarq səs verib). "Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında oxuyuruq: "Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, ...Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və BMT tərəfindən tanınmasına ümid bəsləyərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir".
Milli Məclisin qarşı günlərdəki iclasında 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin bərpası Günü adlandırılması ilə bağlı Qanun layihəsinin müzakirəsi gözlənilir. Əslində, bizim dövlətqurma tariximiz çox qədimlərə gedib çıxır lakin milli sınırlarımızın bir hissəsində də olsa, milli əsaslı dünyəvi dövlət - Cümhuriyyət qurmağımız 103 il öncə baş verib. Doğrusu, hər il avqust-oktyabr ayları gəlincə, öz-özümə deyirdim, keçmiş müttəfiq respublikaların bir çoxu öz dövlət müstəqilliyi tarixini bizdən öncə qeyd edir, əslində müstəqiilik uğrunda biz daha çox mübarizə aparmış, daha çox qurban vermişik və dövlət müstəqilliyi bayramımız da onlardan öncə olmalıdır. Nəzərə alsaq ki, keçmiş müttəfiq respublikaların heç də hamısı ötən yüzilliyin 10-cu illərində dövlət müstəqilliyinə malik olmayıb; ona görə də, 18 oktyabrdansa, 30 avqust, 30 avqust və 18 oktyabrdansa, 28 may dövlət Müstəqilliyinin bayram edilməsi üçün daha uyğundur deyə düşünməmiş deyildim.
Təvafüqlük
28 may 1918-ci ildə Azərbaycan Milli Şurası "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın quzey torpaqlarında Azərbaycan Cümhuriyyətinin yarandığını elan edib. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaq müstəqil Azərbaycan dövlətinin idarəetmə şəkli xalq cümhuriyyətidir.
Göründüyü kimi, əsl dövlət müstəqilliyi günümüz 28 maydır. Aydın görünür ki, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının məzmunu və başlığı arasında (texniki) uyğunsuzluğa yol verilib, bununla da Aktın adı "Müstəqilliyin bərpası aktı" əvəzinə, "Müstəqillik aktı" kimi qəbul edilib. İndi nəzərdə tutulan düzəliş məhz bu uyğunsuzluğu aradan qaldıracaq deyə ümid edirəm.
Nə təvafüqdür ki, bu düzəlişlər Azərbaycanın dövlət müstəqilliyini nə 30 il, nə də 103 il öncə ürəklə qəbul etməyən İran siyasi-hərbi rəhbərliyinin antiazərbaycan açıqlamaları fonunda baş verəcək. İran da, başqaları da Azərbaycanda Cümhuriyyət qurulanda hələ başqa üsul-idarədəydi - bu bir; ikincisi, antiazərbaycan qüvvələrin əcdadları yüzillər boyu bizim əcdadların ədalətli idarəçiliyi altında olub, biz onların yox. İran adlanan ərazidə hakimiyyət Azərbaycan xanədanlığından çıxdıqdan sonra İran dövlət idarəçiliyi azərbaycanlıları xor görməyə başladı və bu siyasət günümüzədək davam və inkişaf etdirilir. Dolayısı ilə də, birbaşa da, Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı irəli atılan hər addım, tarixi ədaləti bərpa edən hər hadisə, milli birliyimizə xidmət edən hər qərar müdafiə olunmalıdır. İran dursun bir yana, adı üstündə "uğursuz dövlət" olan Ermənistan belə bizə "DQMV" mövzusunda qondarma iradlarda bulunur, bu düzəlişlərlə onu da sıfırlamış olacağıq. - Ermənilərin "arqument"lərindən biri odur ki, bəs deməzsənmi keçmiş DQMV heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmayıb və Sovet qanunvericiliyinə "uyğun olaraq" 02 sentyabr 1991-ci il tarixli "referendum"la Azərbaycan SSR-nin tərkibindən ayrılmışdır. Bu "arqument" yeni düzəlişlərlə tam sıradan çıxarılmış olacaq. İndi buyurub, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktına deyil, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" akta istinad edə-edə dursunlar.
Əziz miraslarımız: Bayraq, gerb, himn
Bizim Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himnimiz çağdaş Azərbaycan dövlətinin rəmzləridir. Azərbaycanımızın dövlət suverenliyini tərənnüm edən həmin bayraq, gerb, himn Xalq Cümhuriyyətimizin əziz mirasıdır.
Sözügedən düzəlişlər əziz Cümhuriyyətimiz və çağdaş dövlətimiz arasında siyasi-hüquqi varisliyin daha qabarıq və dəqiq ifadə olunmasını təmin edəcək. Təsadüfi deyil ki, qonşu Gürcüstanda da milli dövlətin elan oldunduğu 26 may günü məhz "Müstəqillik Günü" adlandırılır; ABŞ da öz yaranma tarixini "İstiqlaliyyət Günü" olaraq bayram edir.
Zəngəzura qayıdış...
Beləliklə, 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin bərpası Günü kimi təsbit olunması dövlət suverenliyimizin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş çağdaş Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu dəqiq ifadə edir. Uzunmüddətli perspektivdə isə soydaşlarımızın öz tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdışı perspektivi üçün əsasları daha da gücləndirəcəkdir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!