"Şuşa səfərində baxışından asılı olmayaraq, siyasi partiya rəhbərləri dinlənilib" - Politoloq

"90-cı illərin əvvələrindən başlayaraq Azərbaycan daxilində sabitliyi pozmaq üçün bir çox xarici qüvvələr fəal iş görüblər".

Olaylar.az xəbəör verir ki, bunu sfera.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Politoloq ölkə qarşısında təkcə Ermənistan, erməni diasporunun yox, eyni zamanda Azərbaycanın güclənməsini istəməyən qüvvələrin olduğunu da bildirib: 

"Hər kəsə məlumdur ki, hər bir cəmiyyət üçün ölkə daxilində vahid ideologiyanın, milli birliyin və həmrəyliyin olması vacibdir. Biz son 30 il ərzində həm də daxili sabitliyi əldə etdik, müxalifət-iqtidar birliyini yaradıb, dövlət və xalq arasında sarsılmaz əlaqənin olduğunu nümayiş etdirdik. 44 günlük müharibənin ilk günündə prezidentin çıxışından sonra bir-iki siyasi partiyanı çıxmaq şərtilə, bütün partiyalar prezidentə öz dəstəklərini ifadə etdilər. Həmin zaman bu, bir çox dairələr üçün narahatverici məqam oldu ki, Azərbaycan cəmiyyəti yekdil olaraq prezidentin ətrafında toplaşaraq, qalibiyyət üçün düşmənlərə qarşı  həmrəy olaraq mübarizə aparır".

Politoloq əksər ölkələrinin regionda cari vəziyətlə barışmaq istəmədiyini və Zəngəzur dəhlizinin icrasına mane olmaq istədiyini vurğulayıb:

"Postmüharibə dövründə də ölkəmiz bir çox çağırışlarla qarşı-qarşıyadır. Əksər ölkələr Azərbaycanın regionda  200 il ərzində status-kvonun dəyişməsi, geosiyasi konfiqurasiyanı dağıtması ilə barışmaq istəmirlər. Onlar son zamanlar Azərbaycan və Ermənistan arasında proseslərə müdaxilə edirlər, Azərbaycanın Dağlıq Qarabağ hissəsindəki vəziyyətin nizama salınmaması üçün əllərindən gələni edib, Zəngəzur dəhlizinin reallaşmaması üçün mübarizə aparırlar. Təəssüflər olsun ki, bu qüvvələrin içərisində tək Qərb ölkələri yox, bəzi qonşu ölkələr də var".

Politoloq ötən gün siyasi partiya üzvlərinin Şuşaya səfərindən bəhs edib. Z.Məmmədov səfər zamanı partiya sədrlərinin ayrıseçkiliyə məruz qalmadan aidiyyatı şəxslər tərəfindən dinlənildiyini deyib:

"Ötən gün Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin  iştirakı ilə 45-dən çox siyasi partiyanın sədrləri və bir sıra aktiv şəxslər, politoloqlar, millət vəkilləri işğaldan azad olunmuş Şuşa şəhərinə ziyarət etdilər. Bu səfərdə də siyasi partiyalar baxışından asılı olmayaraq, dinlənildi. Bununla da bir daha xaricdə və daxildə sabitliyi pozmaq istəyən qüvvələrə göstərilmiş oldu ki, siyasi partiyalar bütün çağırışlarda dövləti yanında olmağa hazırdırlar.

Əlbəttə, biz bilirik ki, istər Şuşa, istərsə də o istiqamətdə olan ərazilərin geri qaytarılması xüsusi qəhrəmanlıq tələb edirdi. Biz Şuşanı ziyarət edərkən də buranın necə çətin mövqedə yerləşməsini və mübarizənin hansı çətinlikdə olduğunu başa düşdük. Səfər çərçivəsində şəhərlə, tarixi abidələrlə tanış olarakən Azərbaycan tarixinin nə qədər kəşməkeşli və zəngin olduğunu gördük. Bundan sonra Azərbaycan bütün məqsədlərinə çatacaq. Coğrafi böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bütün dövlətlər biləcək ki, Azərbaycanla hansı dildə danışmaq lazımdır. Azərbaycan bundan sonra da mehriban qonşuluq əlaqələrinə üstünlük verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31