“Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsi silahlı qüvvələrimizin böyük uğurudur”

Prezident İlham Əliyevin 2021-ci il 3 oktyabr tarixində Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı ilə əlaqədar Olaylar.az-a açıqlama verən politoloq Nəsimi Məmmədli bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilən bütün yaşayış məskənlərimizə ardıcıl səfər etməsi, xüsusilə də işğaldan azad olunan ərazilərin ildönümünü həmin ərazilərdə qeyd etməsi müsbət addımdır.

"Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsi silahlı qüvvələrimizin böyük uğurudur. Bu ərazilərdə Ermənistan ordusu çox möhkəm istehkamlara, müdafiə səngərlərinə malik idi. Eyni zamanda həmin bölgənin coğrafi baxımdan ən əlverişli hissəsinə də Ermənistan silahlı qüvvələri nəzarət edirdi. Hətta düşmən elə bir fikir yaratmışdı ki, Azərbaycan ordusu bu əraziləri azad etmək istəsə minlərlə canlı qüvvə itirəcək və geri çəkiləcək. 

Bu döyüşlərin ən şiddətli vaxtında mən özüm də Qarabağda idim və artelleriya döyüşünü canlı izləmək imkanım var idi. Azərbaycanın hərbi mövqelərinə və yaşayış məntəqələrimizə saatlar içərisində yüzlərlə dağıdıcı mərmilər atılmışdı. Ermənistan silahlı qüvvələri çox ciddi müqavimət göstərirdi. Amma ordumuz bu müqaviməti qırdı və onları ərazidən təmizlədi.

Dövlət başçısının Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsinin ildönümünü də orada qeyd etməsi və olduqca mühüm mesajlar verməsi əhəmiyyətlidir. Burada həm beynəlxalq ictimaiyyətə, həm Ermənistan cəmiyyətinə, həm də Azərbaycan xalqına yönələn mesajları qeyd edə bilərik. Xüsusilə də, Ermənistanın istənilən revanşist addımlarına çox kəskin cavab veriləcəyi, ərazilərimizdə sülhün bərqərar olması üçün zəruri addımların atılacağını bildirməsi önəmli mesajlar idi.

Ümumiyyətlə, ölkə başçısının Qarabağla bağlı səsləndirdiyi əsaslı və qətiyyətli fikirlər, apardığı diplomatik siyasət cəmiyyətdə rəğbətlə qarşılanır və əsasən dəstəklənir. 

Ermənistan Azərbaycana qarşı başladığı münaqişənin ilk günündən Ermənistanda və Qarabağda yaşayan azərbaycanlılara qarşı saysız-hesabsız dəhşətli cinayətlər törədib. Bəşər tarixində insanlıq əleyhinə törədilmiş amansız cinayətlər içərisində erməni qəddarlığına bərabər olan çox az cinayətlər tapmaq olar.

Rəsmi Yerevanın hərbi cinayətlərini, onların illərlə ölkəmizə qarşı apardığı ekoloji terrora son qoyulmasını ölkə başçısının səsləndirməsi milli maraqlarımıza tamamilə uyğundur və dövlətin rəsmi siyasətinə çevrilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31