Türkiyə və Rusiya heç kimə imkan verməyəcək- Regiondakı yeni reallıqları pozmağa

İranın təxribatçı addımları və antiAzərbaycan mövqeyi səbəbindən gərginləşən Tehran-Bakı münasibətləri fonunda ötən gün gözlər Moskvaya yönəlmişdi. Səbəb İranın xarici siyasət idarəsi rəhbərinin Rusiyaya çağırılması idi. Daha dəqiq desək Tehranın son aylar atdığı təxribatçı addımlar Kremli də ciddi narahat etdiyi üçün Moskva cənub qonşumuzla müzakirəyə zərurət görürdü. Beləliklə, İranın xarici işlər naziri Abdullahiyanın  rusiyalı həmkarıLavrovla  Moskva görüşü oldu. Sözügedən görüş və onun nəticələri barədə danışan beynəlxalq məsələlər üzrə ekspert Yeganə Hacıyeva deyib ki, İran XİN-i Abdullahiyan  dünən Moskvada görüşdən öncə bildirdi ki, "Tehran Moskvadan regionda "sionistlər və terrorçular"ın mövcudluğuna reaksiya gözləyir: "Lavrovla görüşdə biz Cənubi Qafqazdakı proseslər haqqında mövqelərimizi çatdırmaq niyyətindəyik.  Gözləyirik ki, Rusiya regionda sərhədlərin mümkün dəyişikliyinə həssas reaksiya versin". Dedi. İran bu görüşdə öz istəklərini - Zəngəzur dəhlizinin açılmasının maraqlarına zidd olduğunu, əgər açılacaqsa, İranın bölgədəki maraqlarının necə olacağını - çatdırıb.

Rusiyanın cavabı isə belə oldu: "Qarabağ münaqişəsi Rusiyanın iştirakı ilə  həll olunub, regionun gələcəyi Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş üçtərəfli razılaşmalar çərçivəsində formalaşır. Rusiya üçün "altılıq platforması"nın yaradılması vacibdir, kommunikasiyalar açılacaq, Zəngəzur dəhlizi olacaq, İrəvanın Bakı və Ankara ilə münasibətləri normallaşacaq". Yəni İranın Ermənistanı necə yönləndirilmə cəhdlərindən asılı olmayaraq Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini normalaşdırmağa məhkumdur. Aydın məsələdir ki, regionda yeni reallıqların formalaşmasında iştirak edən , regionda stabilliyə müştərək nəzarət edən Türkiyə və Rusiya bu reallıqları pozmağa heç kimə imkan verməyəcəklər".

Yeganə Hacıyeva onu da diqqətə şatdırıb ki, bunlar hələ gözlə görünənlərdir: "Hər halda, qlobal siyasi-iqtisadi, hərb-strateji əhəmiyyətə malik , Mərkəzi Asiyadan Yaxın Şərqə unikal mineral ehtiyatların daşınmasında, qlobal iqtisadiyyatın normal fəaliyyətinin əsasını təşkil edən karbohidrogen daşınmalarında  Avropa, Asiya və Afrikanı birləşdirən strateji yolların keçdiyi bu regionda stabilliyə, yəni bu daşınmaların təhlükəsizliyinə cəmi iki dövlət nəzarət etmir. Məntiqi olaraq sual yaranır ki, bu ölü döğulmuş təşəbbüs üçün İran, Cənubi Qafqazda dünya iqtisadi əlaqələrində mühüm rol oynayan dəniz, quru və hava nəqliyyatı xətlərini özündə cəmləyən Azərbaycanla münasibətləri nəyin uğrunda korlayır ?  İranın  hakim dairələrinin Ermənistanda əyləncə biznesi və  sərgüzəştlərinin uğrunda ?  Və ya  İran Azərbaycanla pisləşən münasibətlərin İrana necə baha başa gələcəyini dəyərləndirməyəcək qədər uzaq görən deyil ?  Əlbəttə xeyr".

Ekspert bildirib ki, İranın Azərbaycanla münasibətləri gərginləşdirməsinin "sifarişi" İrandan kənar sifariş deyil, İran daxili sifarişdir: "Əslində İran özünü "Qarabağa qaçaqmalçı yük daşıyan İran tırlarının sürücülərinin Azərbaycanca danışması ilə" ələ vermişdi. İran, əhalisinin əksəriyyəti gənc olan, gəncliyi müasir dünyanın bir hissəsi olmağına can atan bir Şərq dövlətidir. Başının üstündə dronlar uçan  bu gəncliyi, uçan ələm nağılları ilə idarə etmək hər gün daha çətindir. İran fərqindədir ki, 30 ildən sonra Qarabağda torpaqlarımızı işğaldan azad etməyimiz İran azərbaycanlılarının milli şuürunda bir tərpəniş edib.  Müharibə günlərində və sonralar Azərbaycan prezidentinin ekspansiv ritorikası İranın etnik azərbaycanlılarında hüsn-rəğbət yaradıb". Yeganə Hacıyeva onu da diqqətə çatdırıb ki, bu gün İran azərbaycanlılarının fikir lideri Makronun, Paşınyanın terrorçularla bağlı, sərhədlə bağlı bleflərini təkrarlayan, xaricdə heç kimin qəbul etmədiyi İran rəsmiləri, hətta Xamnei özü də deyil: "Bu müasir gəncliyin lideri, nümunə olaraq qəbul etdiyi, can atdığı müasir dünyanın qəbul edilən siyasətçisi Azərbaycan prezidentidir. Heç təsadüfi deyil ki, keçən bu bir neçə gərgin gündə, sosial medianın iran siqmentində ən çox paylaşılan şəkillər Azərbaycanı hədələyən İran rəsmilərinin şəkilləri deyildi, onlara gülə-gülə salam göndərən Azərbaycan prezidentinin şəkili idi".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31