Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi dövlətin ali məqsədidir

Demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, dünya birliyinə fəal inteqrasiya müstəqil Azərbaycanın əsas hədəflərindən biri kimi elan olunub. Ölkədə  həyata keçirilən demokratikləşmə prosesi sosial, hüquqi, siyasi, iqtisadi olmaqla cəmiyyət həyatının bütün sferalarını əhatə edir. Azərbaycan hüquqi, demokratik və vətəndaş cəmiyyəti quruculuğunu, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edib. Bu amallar demokratik dövlət quruculuğunda inamlı və qətiyyətli addım atan müstəqil Azərbaycan Respublikamızın 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyasının da başlıca qayəsini təşkil edir. Hüquqşünas Azad Rzayev qeyd edib ki, ilk milli Konstitusiyanın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaradıb. Ölkə Konstitusiyasında təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun dövlət idarəetmə sistemi formalaşıb, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edilib. Azərbaycanda müxtəlif yönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin, kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün yaradılmış şərait müstəqil dövlətimizdə siyasi plüralizmin, fikir azadlığının, demokratiyanın bərqərar olduğunu bariz şəkildə təsdiqləyir: "Müstəqil Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Avropa Şurasına üzv qəbul olunduqdan sonra Azərbaycan "İnsan hüquqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına" qoşulub. Bu zaman dövlət üzərinə milli qanunvericiliyin beynəlxalq Avropa standartlarına uyğun təkmilləşdirilməsi öhdəliyini götürüb. Bu istiqamətdə atılan addımlardan ən mühümü Ombudsman təsisatının yaradılmasıdır. 2001-ci il dekabrın 28-də Milli Məclis tərəfindən "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul olunub. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu uğurla həyata keçirilir. Bu siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər hüquqi dövlət quruculuğu prosesini şərtləndirən amillərdəndir. Azərbaycan Prezidenti İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. Milli Fəaliyyət Proqramında əhalinin müxtəlif, o cümlədən həssas qruplarına aid olan şəxslərin - qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının hüquqlarının təmin edilməsində səmərəliliyin artırılması məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunur. Bu baxımdan yoxsulluğun azaldılması, məşğulluğun təmin olunması, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və digər sahələrdə artıq qəbul olunmuş müvafiq xüsusi dövlət proqramlarının icrasına "Milli Fəaliyyət Proqramı" kontekstindən yanaşılmalıdır".

Onun sözlərinə görə, Prezident İlham Əliyevin  yürütdüyü iqtisadi, siyasi və hüquqi islahatların əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi məsələsi dayanır: "Təsadüfi deyil ki, ötən müddətdə bu məqsədlə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülüb. Ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair Dövlət proqramları və digər sənədlər qəbul edilib. Son illər respublikamızın universal və regional xarakterli beynəlxalq təşkilatlara daxil olması və çoxsaylı beynəlxalq müqavilələrə qoşulması ilə səciyyələnir. Həmin müqavilələrin mühüm bir hissəsi insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlib. Məhz bunun nəticəsidir ki,  BMT, ATƏT və Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində də respublikada insan hüquqlarının təmini məsələsinə xüsusi diqqət ayrılıb. Buna misal olaraq 2006-cı il noyabrın 14-də qəbul olunmuş "Avropa Qonşuluq Siyasəti" çərçivəsində Avropa İttifaqı və Azərbaycan arasında Fəaliyyət Planına demokratiyanın inkişaf etdirilməsi, insan hüquqları və əsas azadlıqların təmini, eləcə də qanunun aliliyinin gücləndirilməsinə dair tədbirlərin daxil edilməsini göstərmək olar. İnsan hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məqsədilə görülən tədbirlərin bir hissəsini də məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə sisteminin müasirləşdirilməsidir. "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi haqqında" prezident İlham Əliyevin Fərmanı da məhz insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin təmininə, məhkəmə sisteminin müasirləşdirilməsinə, məhkəmə hakimiyyətinin möhkəmlənməsinə yönəlib. Belə ki, ölkədə ilk dəfə olaraq inzibati məhkəmələrin fəaliyyətə başlamasını insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm bir addım kimi xarakterizə etmək olar".

Hüquqşünas onu da bildirib ki, bu gün də ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mühüm addımlar atılmaqdadır: "Söz, vicdan, sərbəst toplaşmaq və digər bu kimi azadlıqlar Azərbaycanın demokratik inkişafının mühüm və ayrılmaz tərkib hissələri kimi qəbul edilməkdədir. Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan vətəndaşları azadlıq, təhlükəsizlik, mülkiyyət, şəxsiyyətin ləyaqəti, şəxsi və ailə sirrini saxlamaq kimi insan hüquqlarına sahibdirlər. Hüquqi dövlət olaraq Azərbaycan bütün vasitələrlə insanın yaşamaq hüququnu müdafiə edir. İnsan həyatına və sağlamlığına qəsd ən ağır cinayət hesab olunur. İnsan hüquqları içərisində şərəf və ləyaqət - özünəhörmət, başqalarına hörmət və ədalətlilik əsas yer tutur. Azərbaycan Konstitusiyasının 46-cı maddəsində göstərilir: "Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insanın ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz". Azərbaycanda çoxsayl xalqların yaşadığını nəzərə alsaq deyə bilərik ki, dövlət hər kəsin, milli mənsubiyyətini qoruyub saxlamaq hüququnu müdafiə edir. Azərbaycanda hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ var. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz. Bir sözlə, hüquqi dövlət olan Azərbaycanda insan hüquq və azadlıqları yetirəncə qorunur. Bu məqsədlə vətəndaşların hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunması, qanunun aliliyinin tam təmin edilməsi istiqamətində işlər bu gün də davam etdirilir".

Alim Hüseynli

Yazı Azərbaycan  Respublikasının  Media İnkişafı Agentliyinin maliyyə dəstəyi  ilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31