İran üçün pis sürpriz
7 Oktyabr 2021 10:07 Siyasətİran hələ də 44 günlük Vətən müharibəsindəki qələbəmiz və ərazi bütövlüyümüzü bərpa etməyimizlə barışa bilmir. Davamlı olaraq Azərbaycana qarşı təxribatlar törədən, müəyyən təzyiq vasitələrindən istifadə etməklə ölkəmizə təzyiq göstərməyə çalışan qonşuluq münasibətlərinə zidd olan daha bir addım atıb. Belə ki, bir neçə gün əvvəl Tehran hava məkanından Naxçıvan Muxtar Respublikasına uçuşlara qadağa qoyub. Ancaq Tehranın qeyri-insani və qonşuluq münasibətlərindən uzaq davranışı heç də Azərbaycana mənfi təsir göstərməyib. Belə ki, AZAL-a məxsus təyyarələr artıq Ermənistan hava məkanından istifadə etməklə Naxçıvana uça bilir. Siyasi ekspertlər isə bunu İranın Azərbaycana qarşı məkrli planının işə yaramaması kimi xarakterizə edirlər.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da deyir ki, İranın pisliyi elə onun özünə qaldı. Partiya sədrinin sözlərinə görə, bu cənub qonşumuzun öz hava məkanını Naxçıvana gedən təyyarələrimizin üzünə bağlaması barədə qərar verməsinin üzərindən çox keçməmiş, öncə Gürcüstanın, sonra isə Ermənistanın atdığı əks addımlar İran üçün sözün əsl mənasında pis sürpriz oldu: "Belə ki, Gürcüstan İran nəqliyyat vasitələrinin ölkə ərazisinə quru yolu ilə daxil olmalarına qadağa qoydu. Bu həm də Azərbaycan-Gürcüstan münasibətlərinin ən yüksək səviyyədə olmasının göstəricisidir. Ermənistan isə öz hava məkanından Azərbaycan təyyarələrinin istifadə etməsinə icazə verdi. Beləliklə, "Azərbaycan Hava Yolları" şirkətinin təyyarələri dünəndən etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysləri yerinə yetirərkən Zəngəzur üzərindəki hava dəhlizindən istifadə etməyə başlayıb. Əlbəttə, İran nə Gürcüstandan, nə də Ermənistandan belə bir naqolay münasibəti gözləmirdi. Onların bu addımı İranın öz hava məkanını Azərbaycan təyyarələri üçün bloklamasını təsirsiz hala gətirdi".
MHP sədri onu da diqqətə çatdırıb ki, sözügedən ölkələr məlum addımı ilk növbədə öz milli mənafelərindən, geosiyasi maraqlarından çıxış edərək atıblar: "Ancaq bütün hallarda onların bu addımı İranın iç üzünün üzə çıxmasına şərait yaratdı. İran yaxşı qonşu olmadığını göstərdi. Bu gedişlə İran regionda tamamilə təklənə bilər".
xxx
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay isə deyib ki, İran rejimi Azərbaycana olan xəbis addımlarının növbəti şapalağını aldı: "Həm Azərbaycandan və eynilə Ermənistandan. Küt molla siyasəti budur. Küt xurafatla yüklənmiş bu yekəlikdə dövlət son anda, bizim ölkəyə qarşı söz və təhqirdən, hərbi manevr və təlim şifahi təhdidlərdən sonra, daha da, cin-şeytan atına minmiş kimi, qızışdı. Birbaş mənafemizə toxunan əməli addıma keçdi. Təzə qərar verdi ki, bizim hərbi təyyarələrə Naxcıvana İran ərazisindən uçuşları qadağan edir. Və hətta sərnişin təyyarələrimizin uçuşu da sual altında qaldı". İlqar Altay bildirib ki, bu ərəfədə Azərbaycan da çevik tərpənib məsələnin həll yolunu tapdı: "Ermənistanla kommunikasiya açılışı, ümümi danışıqlarına uyğun olaraq, onun ərazisisindən Naxcıvana reys uçuşları edilməsi barədə təcili razılıq əldə edildi. Ermənistanın da təbii ki, Azərbaycan üzərindən, Rusiya və başqa ölkələrə uçuş paralelliyi əldə etdi. Məsələ də həll oldu. Artıq, dünən səhərdən Naxcıvana uçuşlar edilir. Bu yeni marşrut həm uçuş məsafə və zamanını qısaldır, həm yanacaq az sərf olunub, məsrəflər azalır. Həm də İranın illərlə təhdidi, minnəti bitir".
Mərkəz rəhbəri qeyd edib ki, bu məsələdə İran özünü tam gülünc vəziyyətə qoydu: "Əsas da, onun neçə vaxt süd qardaşım deyərək güvəndiyi Ermənistanın onu qəti saya almadan, Azərbaycan üçün öz hava məkanını açması ilə. İndi Rusiya, Avropa mediası bunu yazır və gülür. Dünyanın işi belədir. İllərlə, onilliklərə apardığın gizli, mənfur qurama oyunun, qazdığın quyunun üstü bir anda, bir partlayışla açılır, ifşa edilirsən. Və üstəlik, həmin quyuya özün düşürsən. Bizim ölkəyə, xalqa İran, hələ çoxlarının bilmədiyi, çox problem, təxribatlar qurdu, sonra üstü açılacaq". İlqar Altay onu da deyib ki, istənilən halda, bu, İran molla rejiminin ölkəmizdə kök salmış uzantıları, şəbəkələri təhlükəli olaraq qalır, bu bitirilməlidir.
Füzuli