Cəbrayıllı yazıçıdan Prezidentlə arasında olan dialoq haqda MARAQLI AÇIQLAMALAR
6 Oktyabr 2021 18:34 SiyasətGülhüseyn Kazımov: "Gülərək dedi ki, sadə, səmimi olmaq üçün ilk növbədə adam olmaq lazımdır"
Xəbər verildiyi kimi, oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunda səfərdə olub. Cəbrayıl şəhərinin təməlini qoyan Prezident təməlqoyma mərasimində iştirak edən rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Prezidentlə görüşdə iştirak edən cəbrayıllılardan biri, filologiya üzrə fəlsəfə doktoru, muğam korifeylərimizin həyat və fəaliyyətinin tədqiqatçısı, Beynəlxalq Muğam Mərkəzinin "Undulmayanlar" layihəsinin koordinatoru, yazıçı Gülhüseyn Kazımov olub.
Gülhüseyn Kazımov görüşlə bağlı təəssüratlarını Musavat.com-la bölüşüb.
G.Kazımov öncə qeyd edib ki, Cəbrayıl rayonunun müharibə başlayandan cəmi 8 gün sonra azad ediləcəyini misli görünməyən uğur hesab edir: "Biz Prezidentimizə, ordumuza həmişə inanırdıq ki, gec-tez torpaqlarımızı azad edəcəyik. Müharibə başlayanda da inanırdıq ki, bu müharibənin sonunda torpaqlarımızı azad edəcəyik. Deyirdik ki, artıq öldü var, döndü yoxdur. Açığı, rayonumuzun müharibə başlayandan cəmi 8 gün sonra azad ediləcəyi bizi yaxşı mənada heyrətə gətirdi. Biz Prezident İlham Əliyevin güclü ordu qurduğunu bilirdik. Amma daha bu dərəcədə güclü, möhtəşəm ordu qurulduğunu təsəvvür etmirdik. Fikirləşirdik ki, müharibə uzun çəkəcək. Ancaq müzəffər ordumuz cəmi 8 günə Cəbrayılı azad edə bildi. Bu, çox möhtəşəm hadisə oldu, ordumuzun, Prezidentimizin qüdrətini göstərdi. Sən demə, İlham Əliyev dünyanın qüdrətli ordularından birini qurubmuş".

G.Kazımov bildirib ki, Prezidentin Cəbrayıl şəhərinin təməlini qoyması, bu mərasimdə Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə səmimi görüş keçirib söhbət eləməsi bütün Cəbrayılın azadlığının 1-ci ildönümündə onlara ən böyük hədiyyə olub:
"Biz həm 2020-ci ilin 4 oktyabrını, həm də 2021-ci ilin 4 oktyabrını heç vaxt unutmayacağıq. Cənab Prezident şəhərimizin təməlini bizlərlə birlikdə qoydu. Hətta onun təşəbbüsü ilə mərasimdə iştirak edən hər bir cəbrayıllı bünövrəyə kürəklə palçıq atdı. Yəni Prezident Cəbrayıl şəhərinin bünövrəsinin məhz bu rayonun nümayəndələri ilə atıldığını çox yüksək səviyyədə, səmimiyyətlə nümayiş etdirdi. Prezident İlham Əliyevin bu qədər sadə insan olduğu məndə heyrət yaratdı. İlham Əliyevlə şəxsən dialoqum oldu. Hətta 2-3 dəqiqə elə oldu ki, yalnız ikimiz ayrılıqda söhbətləşdik. Dedim ki, Cənab Prezident, bu qədər yüksək vəzifədə olduğunuz, müzəffər Ali Baş Komandan olduğunuz halda belə sadə, səmimi olmağı necə qoruyub saxlaya bilirsiniz. Gülərək cavab verdi ki, sadə, səmimi olmaq üçün ilk növbədə adam olmaq lazımdır.
Bizə Cəbrayıl şəhərinin yaxın gələcəkdə necə olacağı barədə layihəni nümayiş etdirdilər. Prezident bizim də fikrimizi soruşdu. Tikinti və Arxitektura Komitəsinin sədri Anar müəllim isə məlumat verəndə mənim doğma kəndim olan Kallar barədə ayrıca danışdı. Prezidentə məlumat verdi ki, Kallar kəndində faydalı qazıntı yataqları aşkar olunub. Prezident isə Kallar kəndi barədə suallar verdi. Bu zaman mən kəndimizin harada yerləşdiyi, coğrafi vəziyyəti barədə məlumat verdim. İlham Əliyev dedi ki, Kalları da quracağıq. Prezidentlə təkbətək şəkil çəkdirmək təşəbbüsünü irəli sürdüm, dəstəklədi. Beləliklə, Cəbrayıl ictimaiyyətinin tədbirdə iştirak eləyən 30 nəfərinin hamısı ilə Prezident tək-tək şəkil çəkdirdi".
G.Kazımov onu da bildirdi ki, yazdığı kitablardan birini Prezidentə hədiyyə edib:

"Bilirsiniz ki, Muğam irsinin tədqiqatçılarından biriyəm. Muğam Mərkəzinin "Unudulmayanlar layihəsi"nin koordinatoru kimi Azərbaycanın klassik xanəndələri haqqında tədqiqatlar aparıram. Bu təqdiqatlardan birinin nəticəsi olaraq yazdığım "Bülbülcan" adlı kitabımı Prezidentə təqdim etdim. Kitab 19-cu əsrin ikinci yarısında yaşamış xanəndələrimizdən biri-"Bülbülcan" kimi tanınan Əbdülbaqi Zülalova həsr edilib. Bülbülcanın büstü Muğam Mərkəzində var. Cənab Prezident dedi ki, bu kitabı işdən sonra axşam evdə oxuyacağam. Bir sözlə, Azərbaycan Prezidenti ilə unudulmaz səmimi görüş oldu".