“Ermənistandakı etiraz aksiyalarının iki səbəbi var” - DETALLAR - POLİTOLOQ YANAŞMASI

"Ermənistanda etiraz aksiyalarını Robert Koçaryan özü elan edibdir və o, öz tərəfdarlarını etiraz aksiyalarına çağırır. Demək olar ki, o, yayda keçirilən parlament seçkilərindən sonra bu seçkilərin nəticələrini qəbul etmək məcburiyyətində qaldı və bu inersiyanı, yəni siyasi proseslərdə fəallığı parlamentin ilk iclaslarında saxlamaq niyyətindədir, o mənada ki, biz görürük davalar baş verir, parlament müxalifəti hər vəchlə Paşinyanı aşağılamaq, onun fraksiyasına qarşı təxribatlar törətməklə məşğuldur." Olaylar.az xəbər verir ki, bu sözləri sia-ya açıqlamasında politoloq Fərhad Məmmədli deyib.

Politoloq qeyd edib ki, onlar ictimai-siyasi fəallığı qoruyub saxlamaq niyyətindədirlər.

"İndi aksiyalar nəyə görə baş verir? Birincisi, müharibənin ildönümüdür və bu, müharibənin uğursuz nəticələrini, Paşinyanın səhvlərini yada salmaq və bunun üzərindən öz tərəfdarlarını səfərbər etməkdir. Digər bir mövzu da Ermənistan ətrafında cərəyan edən proseslərdir. Çünki, hamı anlayır ki, təqribən bir aydan bir az artıq vaxtdan sonra 10 noyabr bəyanatının bir ili tamam olacaqdır və konkret nəticələr olmalıdır. Yaxud 11 yanvar bəyanatı ilə bağlı da konkret nəticələr olmalıdır. Bu isə komunikasiyaların açılması və qərarların qəbul edilməsidir.

Təsadüfi deyil ki, Putin Paşinyanı Moskvaya dəvət edibdir. Çünki, fikir versəniz, Rusiya özü tələsirdi ki, bu komunikasiya layihələri tez bir zamanda həyata keçirilsin. Ona görə də 10 noyabrdan iki ay sonra, yanvar ayında bəyanat qəbul olundu və bəyanatda tarixlər qeyd edildi ki, bir aydan sonra kamissiya işə başlamalı idi, iki aydan sonra artıq layihələndirmə işləri yekunlaşdırılmalı idi. Biz bu gün görürük ki, həmin gecikmə nəyə gətirib çıxardı? Həmin gecikmə İranın Ermənistana müdaxiləsinə gətirib çıxardı. Bu da heç bir vəchlə Rusiyanı qane edə bilməz.

Daxildə bunu anlayırlar ki, Paşinyana çox ciddi şəkildə təsirlər var və qərarlar qəbul edilməlidir. Bu qərarların astanasında olan Ermənistanda yenidən emosiyaların qalxması, bundan müxalifətin istifadə etməsi nəzərdə tutulur. Yəni, etiraz aksiyalarının iki səbəbi var. O ki, qaldı onların səmərəliliyinə, biz gördük ki, yenə də Koçaryanın tərəfdarları azlıq təşkil edir və düşünmürəm ki, onlar bu etiraz aksiyalarına hansısa bir kritik insan kütləsini toplaya bilsin. Kritik insan kütləsi deyəndə mən təxminən 40-50 min nəfərlik mitinqi nəzərdə tuturam", deyə politoloq Fərhad Məmmədli bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31