“Tarixi Zəfərimiz bu gün  bütün hədəflərimizə stimul verir”- DEPUTAT

"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə   ordumuz  tariximizə   qələbələr salnaməsi yazdı. Ay yarım davam edən əks-hücum əməliyyatları ilə  Ermənistana,  30 il işğalçının faşist mahiyyətini dəstəkləyənlərə bildirildi ki, torpaqlarımızın işğal altında qalmasına, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranmasına yol verilməyəcək. Möhtərəm Prezidentimiz İlham Əliyevin postmünaqişə dövrünün reallıqlarını özündə əks etdirən  xarici mətbuata son müsahibələrində də münaqişənin bitmədiyini iddia edərək vəziyyəti gərginləşdirmək istəyən dövlətlərə ciddi mesajlar ünvanlanır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Malik Həsənovun sözlərinə görə, dünyada baş verən müharibələrin təcrübəsi göstərir ki, qüdrətli ordunun mövcudluğu, xalqla birliyi, dövlətin siyasi, iqtisadi qüdrəti,  insanların həmrəyliyi və mübarizlik əhval-ruhiyyəsi istənilən qələbənin  qazanılması üçün baslıca şərtdir: "30 ilə yaxın dövrdə  işğal altında qalan Füzulini, Cəbrayılı, Zəngilanı, Ağdamı,  Qubadlını,   Kəlbəcəri, Laçını, Şuşanı, Hadrutu... düşməndən xilas edən Azərbaycan Ordusunun hər bir zabiti, əsgəri    xalqımızın iftixar, qürur mənbəyinə çevrildi. Butun dünya dəmir  iradəyə malik Azərbaycan xalqının gücünü, birliyini, iradəsini, qələbə əzmini  gördü. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyasının genişliyi də bu birliyin aydın mənzərəsini yaradır.  Soydaşlarımızın Böyük Qayıdışının təmin olunması üçün bütün addımlar atılır. Cənab İlham Əliyevin  son səfərləri çərçivəsində Tərtər rayonunun Suqovuşan qəsəbəsində və Talış kəndində, həmçinin Cəbrayıl rayonunda açılışı  və təməlqoyma  mərasimi keçirilən sosial obyektlərin  say tərkibinə diqqət yetirmək kifayətdir. Ən əsası yol infrastrukturu tamamilə  yenilənir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Cəbrayıla nə gözəl, geniş yol çəkilir. Vaxtilə Ermənistan rəhbərliyi buraya yol çəkmək istəyirdi. O da onların bütün arzuları kimi yarımçıq qaldı.  Bu yoldan Zəngəzur dəhlizində də istifadə olunacaq".  Millət vəkili vurğulayıb ki, tarixi Zəfərimiz bu gün  bütün hədəflərimizə stimul verir, yeni əməkdaşlıq formatlarının gerçəkləşməsində əsas rol oynayır, regionun  sülh, sabitlik məkanına  çevriləcəyinə əminliyi artırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31