İranın hərəkətləri ölkəmizin təhlükəsizliyinə təhdidlər yarana biləcəyi gözləntisini artırır
5 Oktyabr 2021 12:52 SiyasətAzərbaycan ərazilərinin işğalına son qoyulması, həmin bölgədə Ermənistanın qanunsuz əməllərinə, o cümlədən böyük həcmdə silah-sursat cəmləşdirməsi, qeyri-qanuni iqtisadi və digər əməllər, narkotik qaçaqmalçılığı, terrorçuların hazırlanması, İslam dini və mədəniyyət abidələrinin təhqir və məhv edilməsi hallarının dayandırılması və 30 illik həsrətdən sonra azərbaycanlı məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması, regionda sabitliyin və təhlükəsizliyin təmin olunması regionda marağı olan dövlətlərin yuxusunu ərşə çəkib. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, ölkəmizin nəinki regionda, eləcə də dünyada söz sahibinə çevrilməsi region dövlətlərinin də kürkünə birə salıb. Xüsusən, İran İslam Respublikası ölkəmizə hər cür ittiham atəşinə tutaraq regionda maraqlarının təmin olunmasına cəhd göstərir. Tutarlı arqument əldə edə bilməyən İslam Respublikası Azərbaycanda üçüncü qüvvənin olması iddiasını ortaya atıb. Ölkənin Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirərək bəyan edib ki, Azərbaycan və İran sərhədi yaxınlığında hər hansı üçüncü qüvvələrin olması, bu qüvvələrin təhrikedici cəhdləri ilə bağlı iddiaları qəbul etmirik, çünki bu fikirlərin heç bir əsası yoxdur. Ümumiyyətlə, Azərbaycan ərazisində nə dövlətimizə, nə də qonşu ölkələrə təhdid doğura biləcək hər hansı qüvvələrin, o cümlədən terrorçu ünsürlərin mövcudluğu müzakirə mövzusu belə ola bilməz. Əfsuslar olsun ki, hələ 44 günlük Vətən müharibəsi zamanı bəzi tərəflər tamamilə əsassız şəkildə bu kimi iddiaları səsləndirirdi. O zaman da bəyan etmişdik, indi də təkrar edirik ki, bu kimi iddiaların heç bir əsası yoxdur və bu günədək Azərbaycan tərəfinə bu xüsusda heç bir dəlil təqdim edilməyib. Buna baxmayaraq, dildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən, əməldə isə ən çirkin mübarizə vasitələrinə əl atan İranın ölkəmizə qarşı təhdidləri davam etməkdədir. İranın ali rəsmi şəxsləri belə ölkəmizi açıq şəkildə təhdid etməkdən çəkinmirlər. Belə ki, İmam Hüseyn Hərbi Məktəbin məzuniyyət mərasimində çıxış edən Xamenei deyib ki, İranın şimal-qərbində, bəzi qonşu ölkələrdə yaşanan hadisələrin həll yollu xarici güclərin bu ölkələrə müdaxiləsinin qarşısını almaqdır. Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, Xamenei dəstək verdikləri Ermənistanı nəzərdə tutmadığına görə, şimal-qərbdə qonşu ölkə Azərbaycandır və "xarici güclər" də Türkiyə və İsraildir. İsrailin bölgədə mövudluğu Tehranın iddia etdiyi formada deyil, Türkiyənin bölgədə mövudluğuna qarşı çıxırlar və bunu "sionist" iddiası ilə etməklə inanclı kəsimi də səfərbər etməyi planlaşdırırlar: "Xamenei çıxışının ardınca "cəza" mesajını verir: "Başqalarına güvənərək, öz təhlükəsizliyini təmin edə biləcəklərini düşünənlər, yaxında sillə yeyərək, cəzalarını görəcəklər". Lakin hər kəs bilməlidir ki, qardaşlarına quyu qazanlar öncə özləri o quyuya düşəcək. İranın dini rəhbərinin bu mesajının Bakıya ünvanlandığı bəllidir və açıq-açıq təhdid edir. "Qardaş" sözləri də Azərbaycanın inanclı kəsiminə ünvanlanıb. Baş verənlərə Xameneinin reaksiya verməsi o deməkdir ki, İrandan Azərbaycana qarşı total hücum daha da genişlənəcək. Bu isə sərhədlə yanaşı, daxildə də təhlükəsizliyə təhdidlər yarana biləcəyi gözləntisini artırır". Onun bildirdiyinə görə, "İran ölkəmizdəki təxribatları qadınların "əli" ilə həyata keçirir: "Onlar bu yolla "evin içərisində" olduqlarını demək istəyirlər. Çünki qadın yuvanı qurandır, xanımları bu prosesə cəlb etməklə Azərbaycanda hər evdə olduqlarını söyləyirlər. Qadınların təxribat törətməsi məişət məsələsi deyil, ciddi təhlükədən xəbər verir. Nəzərə almaq lazımdır ki, cənub qonşumuz siyasi şiəlik üzərindən hücumları davam etdirir, etdirəcək də". O, qeyd edib ki, İranın sərhəd təlimləri və Xamenei səviyyəsində səslənən təhdidlərinə qarşı Azərbaycan tərəfindən müəyyən addımlar atılır: "Xatırladaq ki, 5-8 oktyabr tarixdə Türkiyə və Azərbaycan Naxçıvanda yeni hərbi təlimlərə başlayır. Türkiyə Müdafiə Nazirliyi "bölgədə baş verənləri yaxından izləyir. Müdafiə naziri Zakir Həsənovun keçirdiyi hərbi müşavirədə Qarabağla yanaşı, sərhəddəki vəziyyəti də təhlil edildi, döyüş hazırlığı ilə bağlı göstərişlər verildi. Bundan başqa Cənubi Azərbaycanda soydaşlarımız, həm təlimdə iştirak edənlər, həm də mülki şəxslər-müxtəlif formalarda etirazlarını bildirirlər". Onu da qeyd edək ki, Azərbaycan sakitcə əlini əlinin üstünə qoyub oturaraq baş verənləri seyr etmir. Lazımi tədbirlər görməklə qalib ölkənin ərazi bütövlüyünü qorumağa hazır ordu formalaşdırır.
Nurlan