Kreml niyə inadla susur? – “Rusiya nə Tehranı, nə də Bakını narazı salmaq istəyir”
4 Oktyabr 2021 20:04 Siyasət"Rusiya mövcud İran-Azərbaycan gərginliyini izləyir və bütün prosesdən xəbərdardır. Lakin məsələyə bu və ya digər formada reaksiya verməməsi müəyyən mənada tərəflərdən birini narazı salmamaq məqsədi güdür".
Bu sözləri Sfera.az-a politoloq İlqar Vəlizadə deyib. Politoloqun sözlərinə görə, Kreml indiki halda verəcəyi bir bəyanatla rəsmi Tehranı, yaxud Bakını narazı salmaqdan ehtiyat edir:
"Buna görə də rəsmi Moskva baş verənlərlə bağlı mövqe bildirməyə tələsmir. Ümumiyyətlə, mövcud situasiyada Kremli maraqlandıran başlıca məsələ regionda sabitliyin olması və gərginliyin tez bir zamanda aradan qaldırılmasıdır.
Kremlin bu günə qədər proseslərə reaksiya verməməsi həm də mövcud vəziyyətin onun maraqlarına zərər verəcək istiqamətdə inkişaf etməməsi ilə əlaqədardır. Əgər Rusiyanın maraqları təhlükəyə düşsəydi, əmin olun ki, Kreml prosesə səssiz qalmaz, dərhal reaksiya verərdi".
Politoloqun sözlərinə görə, mövcud İran-Azərbaycan gərginliyinin hərbi müstəviyə keçməsi real deyil:
"Proses hansı formada inkişaf etməsindən asılı olmayaraq tərəflərin gərginliyi hərbi müstəviyə keçirəcəyini düşünmürəm. Bunu Kreml də yaxşı bilir. Buna görə də tərəflər arasında siyasi ritorikanın sərtləşməsi Rusiyanı narahat etmir. Yeri gəlmişkən, ilk dəfə deyil ki, İran ilə Azərbaycan arasında gərginlik yaşanır. Bundan öncəki situasiyalarda da Kreml məsələyə müdaxilə etməmişdi".