"Cəbrayılın işğaldan azad olunması Azərbaycanın tarixi, siyasi qələbəsi idi"

1993-cü il avqustun 23-də Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdir.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi.
"Azərbaycanın rayonlarının Ermənistan tərəfindən işğal edilməsinin səbəbi 1993-cü ilin iyun ayında Azərbaycanda yaranmış siyasi-hərbi böhran idi. Ermənistan və müttəfiqləri bu fürsətdən istifadə edərək ərazilərimizi işğal edə bildi. Məhz Cəbrayıl şəhəri və rayonu da həmin vaxt işğal olundu".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Nəsimi Məmmədli deyib.
"Qarabağın digər işğal olunan rayonları kimi Cəbrayılın işğalı da çağdaş tariximizin kədərli, ağrı-acılı günlarındən biri kimi tariximizə yazılıb.
Cəbrayılın işğalı çoxsaylı insan itkisi, ailələrin faciəsi və kütləvi köçü ilə yaddaşlarda qalıb. Böyük dağıntılara, talanlara, vandalizmə məruz qalan bu qədim yurdumuzda düşmən daş üstündə daş qoymayıb. Ölkəmizə və vətəndaşlarımıza milyardlarla dollarlıq zərər dəyib. 27 il davam edən məcburi köçkünlük cəbrayıllılara da bərpası mümkün olmayan mənəvi yaralar vurub. Minlərlə insan yurd, el-oba həsrəti ilə ömrünü başa vurub.
Cəbrayıl ərazisində bütün infrastrukturlar dağıdılıb. Ermənistan və müttəfiqləri 27 il ərzində abad yurdumuzu xarabalığa çevriblər.
Ermənistanla 44 günlük müharibənin ilk həftəsində Azərbaycan silahlı qüvvələri Cəbrayıl rayonunu işğaldan azad etdi. Düşmənin ən keçilməz istehkamları, səngərləri, müdafiə sistemləri dağıdıldı. Çoxsaylı igid əsgər və zabitlərimiz vətən uğrunda canlarını qurban verməklə ölkəmizə zəfər qürurunu yaşatdılar. Bu qələbə cəmiyyətdə böyük ruh yüksəkliyinə və ordumuzun gücünə inam yaratdı.
Cəbrayıl rayonu İran İslam Respublikası ilə həmsərhəd, strateji baxımdan mühüm əhəmiyyəti olan rayonumuzdur. Müharibənin ilk həftəsində bu ərazimizin işğaldan azad edilməsi hərbi, siyasi və psixoloji baxımdan olduqca önəmli idi. Azərbaycan dövləti öz cənub sərhədlərinə nəzarəti bərpa etmək istiqamətində uğurlu nəticə aldı".
Politoloq Məhəmməd Əsədullazadə isə deyir ki, Cəbrayılın işğaldan azad olunması Azərbaycanın tarixi, siyasi qələbəsi idi:
"Ötən il oktyabrın 4-də Azərbaycan ordusunun uğurlu qələbəsi nəticəsində Cəbrayıl rayonunun işğaldan azad olunması demək olar ki, digər rayonların azad olunmasına gətirib çıxartdı. Cəbrayıl bir açar rayon idi və bununla da Ermənistan ordusunda fərarilik, çaxnaşma başladı. Ermənistan ordusunun canub istiqamətində müdafiə səthi darmadağın edildi. Bu daCəbrayılın və digər ərazilərin işğaldan azad olunmasını sürətləndirdi və burada infrastrukturun qurulması, həmçinin, Cəbrayılın tarixi cəhətdən Azərbaycan ərazisi olması və tezliklə bu ərazilərə köçkün düşmüş soydaşlarımızın qayıtması ilə nəticələnəcək. Ümumiyyətlə Cəbrayılın bir neçə kəndi elə Azərbaycanın nəzarətində idi. Burada infrastruktur yüksəkdir səviyyədə qurulub, bundan sonra da Cəbrayıl rayonunun baş planı hazırlanacaq. Burada xüsusi kənd təsərrüfatının layihəsi icra olunacaq və Cəbrayıl işğaldan əvvəlki dönəmindən də müasir kənd və qəsəbələrlə əhatə olunacaq. Cəbrayılın işğaldan azad olunması Azərbaycanın tarixi, siyasi qələbəsi idi".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31