Nə Ermənistan, nə onun havadarları status məsələsini heç zaman görməyəcəklər- RƏY
4 Oktyabr 2021 18:43 Siyasət"Azərbaycanın Ermənistan üzərindən zəfərindən və öz torpaqlarını işğaldan azad etməsindən bir il ötür. Amma ermənilər və onlara havadarlıq edənlər Qərbdə hələ də Azərbaycanın əleyhinə informasiya müharibəsini dayandırmayıblar. Bütün imkanlarından istifadə edərək, ermənilərin yazıq obrazını yaratmaqla məşğuldurlar. Azərbaycanı isə haqsız yerə ittihama məruz qoymağa çalışırlar".
Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Rəfail Becanov deyib. Onun sözlərinə görə, 44 günlük müharibə dövründə olduğu kimi indi də Prezident İlham Əliyevin dünyanın müxtəlif media quruluşlarına müsahibələri onların yalançı təbliğatlarını yerlə - yeksan edir:
"Prezidentin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi də Ermənistanı və onların havadarlarını faktlarla məğlub etmək baxımından çox böyük əhəmiyyət daşıyır. Prezident tarixə, müharibənin gedişinə ekskurs etməklə, Ermənistanın bu gün də hansı formada danışıqlardan qaçmasını, sülh sazişi imzalanmasını əngəlləməyə çalışmasını detallarına qədər dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Prezident Azərbaycanın mövqeyini sərrastlıqla bir daha açıqladı ki, Ermənistanla birbaşa təmaslar qurmaqda və sülh sazişinin imzalanmasında biz maraqlıyıq. Lakin Ermənistan müxtəlif üsullarla, havadarlarının təzyiqi ilə prosesdən qaçmağa çalışır.
Prezidentin müsahibəsində Ermənistana da, dünya ictimaiyyətinə də yönəlik çox mühüm mesajlar var.
Birincisi, Prezident açıq şəkildə bildirdi ki, Ermənistanın hələ də minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi onun cinayətkar ölkə olmasını göstərir. İkincisi, status məsələsinə birdəfəlik nöqtə qoyulduğunu hamının diqqətinə bir daha çatdırdı. Bu isə o deməkdir ki, nə Ermənistan, nə onun havadarları status məsələsini heç zaman görməyəcəklər. Üçüncüsü, regionda sülh və sabitlik üçün Türkiyənin təklif etdiyi "3+3" regional əməkdaşlıq platformasında iştirakdan Ermənistan hələ də müxtəlif üsullarla yayınmağa çalışır. Dördüncüsü, ölkələrə göstərilən yardımlarda beynəlxalq qurumlar obyektiv olmalı, tərəfsizlik və ədalət gözlənməlidir. Mühüm məqamlardan biri də birgəyaşayışın şərtləri və Rusiya sülhmıramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməninin yaşamasıdır. Bununla hamıya çatdırıldı ki, rəqəmləri və sayı yalançı rəqəmlərlə şişirtmək lazım deyil. Orada 25 min erməni var və onlar da Azərbaycan vətəndaşıdır. Azərbaycan tərəfi onlara dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri verəcək.
Ən müham mesaj isə Azərbaycanın Avropa və dünya üçün gərəkliliyi mesajıdır. Azərbaycan bu gün Avropanın enerji təminatında mühüm yerlərdən birini tutur. Avropanın təbii qazla təchizatında iştirak edir. 15 ildən artıqdır ki, Avropa bazarında etibarlı neft təchizatçısı olan ölkədir. Bəs Ermənistan Avropa üçün nə edir? Təbii ki, müsahibənin çox mühüm aspektlərindən biri də budur. Avropa da, digər Qərb ölkələri də Azərbaycanla Ermənistanı müqayisə etməməlidir. Azərbaycana yanaşmada Azərbaycan kimi etibarlı tərəfdaşlıq göstərməlidirlər".