Əsir, yoxsa terrorçu?

"Baxmayaraq ki, Azərbaycan Prezidenti dırnaqarası "müharibə əsirləri" məsələsinə öz müsahibələrində dəfələrlə aydınlıq gətirib və bununla bağlı Azərbaycanın mövqeyi bütün beynəlxalq təşkilatlara çatdırılıb İspaniyanın  EFE agentliyinin İlham Əliyevdən müsahibə götürən müxbiri də bu sualdan yan keçə bilmədi. Görünür, Azərbaycan Prezidentindən müsahibə götürməyə hazırlaşdırılan jurnalistlərin dəftərində bir neçə sual var ki, onları təkrar olsa belə bütün jurnalistlər verməyə məcburdurlar". Bunu "Olaylar"a deyən politoloq Əlimusa İbrahimovun sözlərinə görə, əsir məsələsi də belə suallardan idi: "Bəlkə də onlar bu sualı təkrar-təkrar verməklə İlham Əliyevin mövzuya münasibətinin dəyişib-dəyişməyəcəyini öyrənmək istəyirlər. Yaxud, Azərbaycan Respublikası Prezidenti qarşısında özlərini o qədər itirirlər ki, yeni bir mövzu fikirləşməyə çətinlik çəkirlər. İstənilən halda İlham Əliyev həmişəki təmkini ilə əvvəlki müsahibələrdə bu barədə verdiyi açıqlamanı İspaniyalı jurnalist üçün də təkrar etdi:" Dırnaqarası müharibə əsirlərinə gəldikdə, mən sizin tamaşaçılarınız üçün bu məsələyə aydınlıq gətirmək istəyirəm. Mən dəfələrlə beynəlxalq hüququn normalarına və beynəlxalq konvensiyalara istinad edərək, hansı şəxslərin müharibə əsirləri hesab oluna biləcəyi ilə bağlı danışmışam. Beynəlxalq konvensiyalara əsasən, belə şəxslər müharibə zamanı saxlanılmış və ya əsir götürülmüş insanlardır. Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi tərəfimizdən dərhal qaytarılıb. Əslində, biz onları Ermənistan bizim əsirləri qaytarmamış geri vermişik. Ermənistan və bəziləri tərəfindən "müharibə əsirləri" adlandırılan sonra saxlanılmış və artıq həbsdə olanlar bu kateqoriyaya daxil deyillər. Bu adamlar işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda - müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra göndərilənlərdir. Onlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Bunlar 62 nəfərdən ibarət olub və onların bəziləri cinayətlər törədiblər. Onlar bizim hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir. Buna baxmayaraq, biz bu müddət ərzində onların bəzilərini geri qaytardıq ki, bu da xoş məramın göstəricisi idi".

Bundan tutarlı və əsaslandırılmış cavaba rast gəlmək mümkün deyil. Xaicdəki erməni havadarları Azərbaycan tərəfinin təqdim etdiyi və Azərbaycan Respublikası Prezidentinin dəfələrlə səsləndirdiyi bu sübutları eşitmək itəmir və təkrar-təkrar bu məsələyə qayıdırlar. Çünki bu həqiqət onlara sərf etmir və ermənilərə havadarlıq etmək üçün onlara yer saxlamır. Görəsən EFE agentliyinə Azərbaycan həbsxanalarında layiqli cəzalarını çəkən erməni vətəndaşları haqqında İlham Əliyevin bu ətraflı və əsaslandırılmış izahından sonra yenə də eyni sualla ona müraciət olunacaqmı? Yaxud bir məsələni neçə dəfə aydınlaşdırmaq lazımdır ki, nəhayət xarici jurnalistlər onu təqdim etdiyi suallar arasından çıxarsınlar? Yaxın günlərdə, İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə növbəti müsahibələrində toxunulacaq məsələlər bizim üçün yaranan bu sualları cavablandıracaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31