Rəfail Becanov: “Bizlər bu gün şəhidlərimizi rəhmətlə anaraq, bu qürurlu tarixi qeyd edirik”

Cəbrayıl şəhərinin 2020-ci il 4 oktyabr tarixində işğaldan azad olunması ilə əlaqədar olaraq Olaylar.az-a açıqlama verən cebhe.info-nun baş direktoru, siyasi ekspert Rəfail Becanov bildirib ki, Cəbrayılın işğalı 27 il davam etdi. 1993-cü il avqustun 23-də işğal olunan Cəbrayılda düşmən daşı daş üstə qoymayb. Bütün tarixi-mədəni abidələrimiz məhv olunub. Lakin Azərbaycan əsgəri 27 ildən sonra olsa da, qəhrəmanlıqla və şücaətlə Cəbrayılı düşmən işğalından azad etdi.

"Bilirsiniz ki, Cəbrayılın işğalı ilə biz torpaq itkisindən başqa mənəvi bir zərbə də almışıq. Tarixi Xudafərin körpüsü Cəbrayıl rayonunun  ərazisində yerləşir. Xudafərin Azərbaycanın quzeyini güneyi ilə  bağlayan tarixi bir körpüdür. Xudafərinə həmişə o taylı-bu taylı Azərbaycanın ümid körpüsü kimi baxılıb. Ona görə bu niskili daşımaq mənəvi cəhətdən də  çətin idi. Bu, bizim ən ağrılı yerlərimizdən biri idi.

Cəbrayıl məhz buna görə ermənilər üçün də əhəmiyyətli bir ərazi idi. Ona görə də Paşinyan hakimiyyətə gəldikdən sonra oraya yol çəkmək, müəyyən infrastruktur qurmaq istəyirdi.

Lakin Paşinyanın da, Ermənistan dedyimiz o ölkənin də, onların havadarlarının da arzuları ürəklərində qaldı. Cəbrayıl azad olundu.

Xüsusi qeyd etmək lazımdır ki, Cəbrayılın azad olunması ilə Azərbaycan ordusu müharibənin gedişində daha strateji bir üstünlük də əldə etdi. Cəbrayılın azad olunması ilə ordumuzun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Bu, böyük tarixi qələbə idi. Əslində ermənilər Azərbaycan ordusundan başqa taktika gözləyidilər. Lakin düşünülmüş və stretji baxımdan əsaslandırılmış hərbi taktika Azərbaycan ordusunun nəyə qadir olduğunu bir daha göstərdi. Qəhrəman ordumuz sözün bütün mənalarında müharibədə performans göstərdi.

O performanslardan biri də Cəbrayılın işğaldan azad olunması idi. 2020-ci ilin 4 oktyabrında Cəbrayıl şəhəri işğaldan azad edildi və Azərbaycan ordusunun qələbə əzmi bir daha nümayiş olundu.

Ali Baş Komandan Cəbrayılın azad olunduğunu elan edəndə sevincdən gözləri yaşarmayan bir kimsə ağlıma gəlmir. Cəbrayıl həm də ilk şəhər idi ki, düşmən işğalından azad edilirdi. Ona görə də 4 oktyabr Cəbrayılın azad olunması tarixi bizim üçün əziz bir gündür.

İndi Cəbrayılda bərpa-quruculuq işləri həyata keçirilir. Bu, dövlətin iradəsidir. Cocuq Mərcanlı kimi Cəbrayılın işğaldan azad olunan bütün şəhər, qəsəbə və kəndləri də abadlaşdırılacaq. Elindən-obasından didərgin düşən soydaşlarımız o yerlərə tezliklə qayıdacaq, torpağımıza yenidən nəfəs gələcək. 

Cəbrayıl artıq bir ildir öz azadlığına qovuşub. Şəhid qanı hesabına əldə olunan bu azadlıq böyük tarixdir. Bizlər bu gün şəhidlərimizi rəhmətlə anaraq, bu qürurlu tarixi qeyd edirik"

       Mehriban Xəlilli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31