Rusiyanın 101 ildir dəyişməyən işğalçılıq siyasəti

XX əsrin əvvəllərində müsəlman şərqində ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması hər şeydən əvvəl şimal qonşumuzu, o zamankı Sovet Rusiyasını ciddi şəkildə narahat edirdi. Hər zaman "parçala", "hökm et" prinsipi ilə yaşayan, bu istiqamətdə fəaliyyət göstərən, yaxın və uzaq qonşularına qarşı ərazi iddiası irəli sürərərək müstəmləkə siyasəti həyata keçirən Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə dövlət kimi qəbul edilməsi, müstəqil ölkə statusu əldə etməsi ilə barışa bilmirdi. Zaman-zaman daxildə qarşıdurmalar, burada yetişdirdiyi, bəslədiyi daşnakların əli ilə Xalq Cümhuriyyətinə zərbə vurmağa çalışsa da, lakin yenicə formalaşmış Xalq Cümhuriyyəti bütün bu əngəlləri dəf etməyi bacarırdı. Belə olan halda isə Rusiya açıq-aşkar işğalçılıq siyasətinə əl atdı və nə qədər də təəssüfedici olsa əli minlərlə insanın qanına batmış XI Qızıl Ordu 1920-ci il, aprel ayının 28-də Azərbaycana daxil olaraq Xalq Cümhuriyyətinin varlığına son qoydu. Məhz həmin tarixdən etibarən 28 aprel hər il Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin ildönümü kimi qeyd edilir. Bu günlərdə isə Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsinin 101-ci ildönümü tamam olur.

Məlumat üçün qeyd edək ki, Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 27-də Bakıya daxil olmuş və Azərbaycan Demokratik Respublikasını devirmişdi. Sovet dönəmində aprelin 28-i Azərbaycanda "sovet hakimiyyətinin qurulduğu" gün kimi bayram edilir və həmin günün şərəfinə bir sıra dövlət təsisatlarına adı verilirdi. Bakının şimal girişində "11-ci Qızıl Ordu" dairəsi kimi tanınan ərazidə Azərbaycanı işğal etmiş əsgərlərə abidə ucaldılmışdı. Sonradan həmin ərazidə 1990-cı il, 20 yanvarda Bakıya daxil olan sovet qoşunları onlarla adamı qətlə yetirdilər. Sovet tarixçiləri Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin böyük əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi.

Bolşevik qoşunların komandanları Bakının girəcəyində zəfər fotosu çəkdirir. 28 aprel, 1920. (Fotoda: Sergey Kirov, Anastas Mikoyan, Serqo Orcenikidze, Mixail Levandovski və işğala vasitəçilik etmiş yerli kollaboristlər) 11-ci Qırmızı Ordunu Azərbaycana gəlişində Nəriman Nərimanov müşayiət edirdi. Moskvada qərargahlanan bolşevik hökuməti Nərimanovu Azərbaycan Xalq Cümhuriyyətini əvəzləmiş qeyri-müstəqil Azərbaycan Sovet Sosialist Respublikasına rəhbər təyin etdi. Nərimanov 1925-ci ildə Moskvada ikən müəmmalı şəkildə öldü. 1991-ci ildə Soviet İttifaqı dağılanadək subyekt qurum olaraq Azərbaycanın bütün de-fakto rəhbərləri Kreml tərəfindən təyin olunurdu. Bakını zəbt edərkən bolşevik ordusu ciddi hərbi müqavimətlə üzləşməyib.

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Rusiyanın işğalçılıq siyasəti bu gün də öz mahiyyət etibarilə dəyişməyib. Yaxın və uzaq tarixdə baş verən, Çar və Sovet Rusiyasının həyata keçirdiyi işğalçılıq siyasətini bu gün müstəqil Rusiya Federasiyası davam etdirir. Gürcüstan, Ukrayna ərazilərinə qeyri-qanuni  müdaxilə və həmin ölkələrin ərazilərinin bir hissəsinin zəbt edilməsi, Qarabağda sülhməramlı missiya adı altında gizli ssenarilər, planlar həyata keçirmək fonunda bunu aydın şəkildə görürük. Bir sözlə Rusiyanın 101 ildir dəyişməyən işğalçılıq siyasəti bu gün də davam etməkdədir.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31