Deputat: “Bayden amerikalıların fəxrlə danışdığı ədalət prinsipini dəfn etdi”
27 Aprel 2021 15:41 Siyasət"Özünü demokratiya və ədalətin çarçısı hesab edən Birləşmiş Ştatlarda bir neçə gün əvvəl baş vermiş və dünya tarixinə utanc gətirən bir hadisəyə münasibətimi bildirmək istəyirəm. Prezident Cozef Bayden tarixdə olmayan, uydurulmuş "erməni soyqırımı" söyləməklə amerikalıların fəxrlə danışdığı ədalət prinsipini dəfn etdi". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı Mlli Məclisin plenar iclasında deyib. Qeyd edib ki, bu bəyanat verilməzdən əvvəl ən azı aşağıdakı suallara cavab axtarılmalı idi: o zaman Osmanlıda 1 milyon 500 min erməni yaşamadığı halda bu qədər erməni necə öldürülə bilərdi? Ölülər artıb törəyə bilərmi? Bu qədər erməni öldürülübsə, onların toplu məzarlıqları haradadır? Dünya müharibəsi illərində hərbi əməliyyatların gedişində həyatlarını itirmiş təqribən 10 milyon nəfər insanın 1 milyon 500 min nəfəri o vaxt dövləti olmayan erməni necə ola bilərdi? Osmanlının müharibədə itirdiyi təqribən 2 milyon nəfərin 1 milyon 500 min nəfəri necə erməni ola bilər? Əgər Osmanlı soyqırımı törətsəydi, bu gün Türkiyədə 60 min erməni hüzur içində yaşaya bilərdimi? Dünya birliyi tərəfindən tanınmış mövcud Türkiyə sərhədlərinə şübhə edən Ermənistan Respublikasından çıxan 100 min erməni bu gün Türkiyədə necə çörək pulu qazanardı?
Deputat qeyd edib ki, belə bəyanat verilməzdən əvvəl müharibədən sonra bölgəyə göndərilmiş Harbord missiyasının hesabatını və Birləşmiş Ştatların İstanbuldakı nümayəndəsi Mark Lambert Bristolun sənədlərini oxumaq gərəkdi. Mötəbər mənbələr təsdiq edir ki, "erməni soyqırımı" deyilən bir şey olmayıb, qondarmadır və yalnız siyasi məqsədlər üçün uydurulub: "Türkiyənin Ermənistan ilə münasibətlərini normallaşdırmaq üçün addımlar atdığı bir vaxtda belə bir bəyanat nə üçün verildi? 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər yerlərində, 1992-ci ildə Xocalıda törədilən soyqırımı görməyənlər 106 ilin əvvəlin uydurmasını nə üçün siyasiləşdirirlər? Bunun səbəbləri nədir? Fikrimcə, başlıca səbəblər Türkiyə dövlətinin Birləşmiş Ştatların və bəzi digər ölkələrin "Böyük Orta Şərq" planlarını pozması, NATO üzvü olmasına baxmayaraq, müstəqil xarici siyasət yürütməsi, Qara dənizdə və Aralıq dənizində qanuni hüquqlarını qətiyyətlə müdafiə etməsi, Rusiya ilə yaxınlaşması, S-400 anlaşması, Ankara və Moskvanın Yaxın, Orta Şərqdə, Qafqazda bərabər hərəkət etməsi, Vaşinqtonun erməniləri Rusiya təsirindən çıxarıb öz tərəfinə çəkmək və Cənubi Qafqazda revanşistlərə ruh verib münaqişəni yenidən qızışdırmaq niyyətləri ilə bağlıdır. Buraya söyləmək istəmədiyim digər səbəbləri də əlavə etmək olar".
Onun sözlərinə görə, Türk-amerikan münasibətlərini zədələyən belə bir bəyanatın ilk növbədə Birləşmiş Ştatlara, Ermənistana və ermənilərə ziyanı dəyəcək: "Birləşmiş Ştatların nüfuzunu sarsıdan bu bəyanat onun fövqəldövlət statusunun sonunun başlanğıcını qoyur. Artıq bundan sonra kimsə qalxıb dünyaya ədalət və demokratiya dərsi verə bilməz. Türklər soyqırımı törətməyiblər, əksinə erməni silahlı bandaları tərəfindən türklər və digər müsəlman xalqlar kütləvi surətdə qətlə yetiriliblər. Əsl vəhşilik nümunəsi təcavüzkar Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış və artıq azad edilmiş ərazilərimizdədir. İstəyənlər gedib gözləri ilə görə bilər. Bu bəyanat Ermənistanı və erməniləri yenidən topa çevirir, qonşularla münasibətlərini normallaşdırmağa imkan vermir. Erməni ünsürü daim həmin bəyanatdan istifadə edərək regionda gərginlik yaradacaq və 44 günlük müharibədə itirdiyini qaytarmaq üçün bəzi əsassız iddialara da düşəcək. Biz qardaş Türkiyənin haqq işinin yanındayıq. Kimsə türk millətinin etmədiyini ona qəbul etdirə bilməz. Cənab Prezidentin söylədiyi kimi, Türkiyəyə qarşı edilən hər hansı hərəkət Azərbaycana, Azərbaycana qarşı edilən Türkiyəyə qarşıdır. Çıxışımı Mark Lambert Bristolun İstanbuldan Vaşinqtona göndərdiyi sənədlərdəki bəzi fikirlərlə tamamlamaq istəyirəm. "Ermənilər haqqında həqiqətləri nə üçün deməyək?", "erməni məsələsi" haqqında həqiqəti demək lazımdır" - yazan səfir vurğulayırdı ki, ermənilər türklərin üzərinə hücuma keçdilər, bu da sonuncular tərəfindən cavab hərəkətlərinə gətirdi. Və o zaman ermənilər hər şeyi atdılar və qaçdılar, hətta öz arvadlarını və uşaqlarını qorumaq üçün dayanmadılar. Səfir amerikan administrasiyasına tövsiyə edirdi ki, əgər siz türkləri öyrənərək onları öz nəzarətinizdə saxlamaq istəyirsinizsə, onda onları hiddətləndirməyin, qəzəbləndirməyin, səhnədəki vəhşi buğa kimi qızdırmayın. Prezident Bayden Amerika tarixində etdiyi ən böyük səhvi düzəldəcəkmi? Heç bir tarixi əsası olmayan həmin ifadələri geri oxunmasa da, Birləşmiş Ştatların milli maraqları naminə Türkiyə ilə münasibətləri normallaşdırmaqdan ötrü yaxınlarda müəyyən addımlar atması əsl dövlət yanaşması olardı".