Ermənistanın Metsamor şiniməsi
26 Aprel 2021 23:06 SiyasətƏKBƏR QOŞALI
Bu gün Çernobıl Fəlakətinin Beynəlxalq Anım Günü və 35-ci ildönümüdür
1986-cı ildə dost Ukraynanın quzeyində (Çernobılda) baş verən, Ukrayna ilə yanaşı, Belarus və Rusiyada da müxtəlif dərəcəli çirklənməyə səbəb olan nüvə qəzası nəhəng humanitar faciə idi. Hətta partlayış yerindən yüz km.-lə uzaqlarda yaşayanlar da bu fəlakətdən təsirləndi. Bədbəxt hadisə nəticəsində minlərlə insan həyatını itirdi, ağır travma aldı, yaşayış yerini tərk etməyə məcbur qaldı... Hadisədən flora və fauna da öz "nəsib"ini aldı...
Azərbaycan Respublikası hökuməti və xalqı həm xilasedicilər göndərərək, həm də zərərçəkmişləri qəbul edərək, faciənin daha böyük fəlakətlərə çatmaması üçün fədakarlıq edib. Bugün də respublikamızda təxminən 5 min nəfər Çernobıl qəzasının nəticələrindən əziyyət çəkməkdədir.
Çernobılda həyatını itirənləri rəhmətlə anır, bəşəriyyətin bir daha belə fəlakətlər yaşamamasını arzu və təmənna edirik!
Çernobıl qəzasından 35 il ötüb, ancaq nüvə təhlükəsi bəşəriyyəti tərk etməyib. Çox təəsüflər ki, belə bir təhlükə indi bizə daha yaxındır. Söhbət hüquq, qayda-qanun tanımayan Ermənistanın ərazisindəki Metsamor AES-dən gedir. Metasamorun riskləri elm adamları, mütəxəssislər tərəfindən əsaslandırılıb, beynəlxalq qurumlar tərəfindən etiraf olunub. Metsamor AES Çernobılda özünü doğrultmamış texnologiyanın oxşarı olaraq inşa edilib, üstəlik də, aktiv seysmik bölgədə yerləşir. Hər mənada köhnəlmiş texnologiyası və zəlzələ bölgəsində yerləşməsi Metsamoru bölgənin, Qafqazın, Avarsiyanın və bütün dünyanın ən təhlükəli nüvə stansiyalarından biri halına gətirib. Ancaq Ermənistan ki Ermənistan - şiniyə-şiniyə AES-in istismarını davam etdirir - bununla da böyük bir arealdakı xalqların, ölkələrin taleyi ilə oynayır.
Daha 2020-ci ildə Avropa Birliyi Ermənistanı bir daha "Metsamor"u bağlamağa çağırdı. Çağırışda xüsusi vurğulanırdı ki, bu obyektin beynəlxalq səviyyədə qəbul görmüş "nüvə təhlükəsizliyi standartları"na cavab verəcək şəkildə təkmilləşdirilməsi qeyri-mümkündür. Deməli, normal dövlət neynəməliydi? - O AES-i ən qısa zamanda bağlamalı və təhlükəsiz şəkildə istismardan çıxarılmasını təmin etməliydi.
Bunlar azmış kimi, yüksək dərəcədə zənginləşdirilmiş uran kimi nüvə materiallarının qaçaqmalçılıq olaylarının təkrarlanması, AES-in və onun nüvə materiallarının düzgün fiziki qorunması ilə bağlı əlavə narahatlıqlar mövcuddur. Bu məsələlər bütün çevrə ölkələrini, əlaqədar beynəlxalq qurumları dərindən düşündürməlidir.