İlham Məmmədov: “Bayden erməni yalanlarına şərik çıxdı”

"Birləşmiş Ştatlar prezidenti Co Baydenin 1915-ci ildə baş verən hadisələri "soyqırım" kimi qələmə verməsi və bu ifadəni işlətməsi məyusluq doğurur. Dünyaya ədalət dərsi keçmək iddiasında olan, demokratiyanın beşiyi sayılan bir ölkənin prezidentinin belə bir addım atması həm ədalətsizlik, həm də anti-demokratik bir yanaşmadır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov ABŞ prezidentinin bəyanatına münasibət bildirərkən səsləndirib. Millət vəkili qeyd edib ki, tarixə qiymət vermək siyasilərin deyil, tarixçilərin işidir: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hər zaman bəyan edib ki, arxivlərin açılmasının və 1915-ci il hadisələrinə tarixçilərin qiymət verməsinin tərəfdarıdır".

Deputat qeyd edib ki, Co Bayden də erməni yalanlarına şərik çıxdı: "Əgər Baydenin iddia etdiyi kimi 1915-ci il hadisələri "soyqırımdırsa" o zaman Birləşmiş Ştatların Vyetnamda, Əfqanıstanda, ən yaxın tariximizdə İraqda həyata keçirdiyi qətliamlar nədir? Yaxud Bayden üçün insan amili, onların günahsız yerə öldürülməsi o dərəcədə əhəmiyyətlidirsə, nə üçün 44 günlük Vətən müharibəsində erməni canilərin Gəncə, Bərdə şəhərlərinə raket ataraq yüzlərlə dinc insanı qətlə yetirməsinə səssiz qaldı, həmin hadisələr barədə bir kəlmə belə danışmadı. Yaxud, 1992-ci ildə ermənilərin Xocalıda törətdikləri soyqırımı görməməzlikdən gəldi?".

İlham Məmmədov deyib ki, tarixdə özü bir başqa dövlətə, xalqa qarşı soyqırım həyata keçirən ölkənin, onun prezidentinin digər bir dövləti həyatda baş verməyən bir "soyqırımla" bağlı ittiham etməsi absurddur. Deputat onu da vurğulayıb ki, Birləşmiş Ştatlar prezidentinin məlum açıqlaması qardaş Türkiyədə olduğu kimi Azərbaycanda da dərin məyusluq yaradıb  və Azərbaycan cəmiyyəti hər zaman olduğu kimi bu məsələdə də haqlı mövqedə olan qardaşının, Türkiyənin yanındadır: "Amerikanın atmış olduğu tarixi yalnış addımdan ziyan çəkən də Birləşmiş Ştatlar özü olacaq. Heç bir qüvvə, heç bir tarixi saxtalaşdırma Türkiyəni yolundan döndərə, onu hədəflərindən yayındıra bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31