Yunus Oğuz: “Rusiyada müəyyən dairələr  qondarma separatçı rejimi yenidən diriltmək niyyətindədir”

Qarabağın baş separatçısı, terrorçu Araik Arutyunyanın təcili olaraq Moskvaya çağırılması barədə məlumatlar dolaşmaqdadır. Yayılan məlumata görə, Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri Moskvada Arutyunyanla qeyri-rəsmi görüşlər keçirəcəklər. Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz "Olaylar"a bildirib ki, Rusiya sülhməramlılarının 9 Mayda Qarabağda faşizm üzərində qələbə münasibətilə parad keçirəcəkləri barədə məlumatın yayıldığı bir zamanda Qarabağ separatçılarının qondarma "lideri", terrorçu Araik Arutyunyan Rusiyaya səfərini təsadüfi hesab etmək olmaz. Bu səfərin təfərrüatının açıqlanmaması çoxsaylı suallar doğurur: "Belə bir dönəmdə separatçıların "liderinin" Moskvaya dəvət olunması və xüsusi xidmət orqanları tərəfindən təlimat alması heç şübhəsiz ki, Cənubi Qafqazda bərqərar olmuş sabitliyin pozulmasına hesablanıb. Əslində üçtərəfli razılaşmaya görə, Qarabağda yerləşdirilən sülhməramlıların missiyası separatçılara dəstək vermək yox, bölgədə sabitliyi təmin etməkdir. Görünür qalib Azərbaycanın paytaxt Bakıda keçirdiyi parad nəinki Ermənistanı, eləcə də işğalçı dövlətə dəstək verən ölkələri narahat edib. Elə bu səbədən Rusiya xarici siyasətində  ikili standartların tətbiqinə rəvac verib. Görünür Rusiyada müəyyən dairələr cidd-cəhdlə qondarma separatçı rejimi yenidən diriltmək niyyətindədir. Rusiya həm də belə addımlarla Azərbaycan tərəfinə qıcıq vermək niyyəti güdür. Araik Baş nazir Paşinyana yaxın şəxs hesab olunur, heç şübhəsiz ki, bu səfər də onun təlimatları ilə reallaşdırılır. Odur ki, rəsmi Kreml separatçı "liderin" səfərinə aydınlıq gətirməli və strateji müttəfiqi olan Azərbaycanla münasibətlərin korlanmasının qarşısını almalıdır".

Partiya sədri qeyd edib ki, Araik Arutyunayn cinayətkar dəstənin lideridir, Baş Prokurorluq onun barəsində cinayət işi açıb, beynəlxalq axtarışa verib: "Beynəlxalq axtarışda olan şəxsin Moskvaya səfər etməsinə Rusiya hakimiyyəti imkan yaratmamalıdır. Əksinə, Rusiya hüquq-mühafizə orqanlarının beynəlxalq hüquqa əsasən, borcudur ki, onu saxlasınlar və Azərbaycan tərəfinə təhvil versinlər. Hesab edirəm ki, Azərbaycan dövləti və ictimaiyyəti  bu istiqamətdə fəaliyyətini gücləndirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31