Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi nə vaxt bağlanacaq? - AÇIQLAMA
22 Aprel 2021 14:25 Siyasət"İki ölkə arasında sülh danışıqlarının baş tutması üçün Ermənistan hakimiyyəti siyasi iradə göstərməlidir".
Bu sözləri müharibə bitdikdən sonra Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinin hansı əsaslarla bağlana biləcəyinə münasibət bildirərkən Milli Məclisin deputatı Elman Nəsirov deyib:
"Ölkələr arasında müharibənin yekunu olaraq sonda sülh müqaviləsi imzalanır. Amma onun imzalanması müəyyən zaman tələb edən məsələdir. Azərbaycan Prezidenti İlham Əliyev sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Lakin bunun üçün qarşı tərəf də addım atmalıdır. Ancaq hələ ki, bu istiqamətdə İrəvanın müsbət addımlar atdığının şahidi deyilik".
Deputatın fikrincə, əksinə Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində bu ölkədə daha çox populist bəyanatlar səslənməkdədir:
"Paşinyanın parlamentdə hökumətin hesabatı ilə bağlı etdiyi çıxışı zamanı səsləndirdiyi fikirlər də belə düşünməyə əsas verir. Həmin çıxışın olduğu tarixə nəzər salmayanda adama elə gələr ki, bu fikirlər Paşinyanın hakimiyyətdə olduğu ilk dövrdə səsləndirdiyi fikirlərdir, "Qarabağ Ermənistandır" kimi absurd fikri səsləndirdiyi zamana təsadüf edən çıxışdır. O Azərbaycanda Hərbi Qənimətlər Parkının açılmasını ermənifobiya adlandırıb və bunun Dağlıq Qarabağın Azərbaycandan ayrılması üçün guya əsaslar yaratdığından dəm vurub. Sanki 44 günlük müharibənin olmadığı, Paşinyan kapitulyasiya aktına imza atmadığı görüntüsünü yaradır. Bu populist bəyanatlar sadəcə seçici səsini toplamağa yönəlik yanaşmadır".
Həmsöhbətimiz bu qənaətdədir ki, yalnız Ermənistanda olacaq seçkilərdən sonra ikitərəf arasında sülh müqaviləsilə bağlı real məzmunlu danışıqlar başlaya bilər: "Çünki bunun əksi qarşıdurmadır ki, bu da Ermənistanı məhvə sürükləyəcək. Hazırda siyasi tənzimlənmə prosesi getməkdədir. Kommunikasiyalar, iqtisadi əlaqələrin bərpası yönündə müəyyən proseslərə start verilib. Ərazi bütövlüyü prinsipi, Qarabağın Azərbaycanın tərkib hissəsi olması dünyanın qəbul etdiyi, beynəlxalq hüquqa söykənən prinsipdir. Danışıqlar da bu əsasda getməli, sülh müqaviləsində də Qarabağın Azərbaycanın tərkib hissəsi olduğu təsbit olunmalıdır. Həmçinin, Azərbaycanla Ermənistan arasında bütün istiqamətlər üzrə əlaqələrin bərpası yönündə müvafiq razılaşmalar əldə edilməlidir".
Sfera.az