Putin hakimiyyətinin yaratdığı qeyri-səmimi Rusiya

Bu ölkə öz imzasına belə hörmətsiz yanaşır

Rusiya Federasiyası hələ indiki vəziyyətə düşməmişdi. Dərin iqtisadi və sosial böhran, yoxsul əhalinin sayının hər ötən il artması, müxtəlif subyektlərdə mərkəzi hakimiyyət əleyhinə etirazların artması, bütün bunlar son on illərdə şimal qonşumuza rəhbərlik edən rəhbərliyin, hakimiyyətin rus xalqına bəxş etdiyi "sürprizlərdir". Daha dəqiq desək Putin hakimiyyətinin. Kremli Boris Yeltsindən sonra rəsmən zəbt edən Vladimir Putini hakimiyyətə gəldiyi gündən düşündürən yalnız və yalnız yeni ərazilər zəbt etmək, köhnə imperiyanı bərpa etmək olub. Gürcüstana qeyri-qanuni hücum və işğalçılıq siyasəti, Ermənistanın separatçı və işğalçılıq siyasətinə qarşı heç bir addım atmamaq, əvəzində onun işğalına dəstək olmaq məqsədilə bu ölkəni silah-sursatla təmin etmək, bütün bunlar azmış kimi Ukraynanın ərazi bütövlüyünə açıq-aşkar təcavüz edərək Krımı işğal etmək Putin hakimiyyətinin "fəaliyyətləri"nin nəticəsidir.

Putin hakimiyyətinin "parçala, böl" siyasəti ona yaxın və uzaq olan ölkələrin ümumilikdə Rusiya Federasiyasına olan inamını, etimadını sarsıldıb. Necə ki, artıq Azərbaycanda da bu tendensiya müşahidə edilir. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq əldə edilən üçtərəfli razılaşmanın, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sənədin icrası belə demək mümkünsə yalnız Azərbaycan tərəfindən həyata keçirilir. Nə Ermənistan, nə də Rusiya Federasiyası 10 noyabr bəyanatına əməl etmir ki, bu da şimal qonşumuzun pozuculuq siyasətinin əyani sübutudur. Təsadüfi deyilmirdi ki, Rusiya heç bir halda Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir. 10 noyabr bıyanatından sonra cərəyan edən proselər və Kremlin Putinin timsalında erməni maraqlarına xidmət edən addımları deyilənləri təsdiqləyir. Bu isə Kreml rəhbərinin öz imzasına belə hörmət etmədiyini ortaya qoyur. Əks təqdirdə Vladimir Putin 10 noyabr bəyanatının Ermənistan tərəfindən icrasını ciddi şəkildə vassalı sayılan İrəvandan, Vətən müharibəsinə qədər ipə-sapa yatmayan, 44 günlük müharibədən sonra isə qazı alınan erməni baş nazir Nikol Paşinyandan tələb edərdi. Əgər bütün bunları etmir və zorla özünü pərçim etdiyi Qarabağdakı sülhməramlı qüvvələri qeyri-qanuni əməllərini davam etdirirsə, deməli Kreml rəhbəri, ümumilikdə Rusiya Federasiyası ikitərəfli münasibətlərdə səmimi və qarşılıqlı anlaşmalara sadiq deyil.  Putin hakimiyyətinin qeyri-səmimiliyi "İsgəndər-M" raketi ilə bağlı ortaya çıxan problemdə də özünü göstərir. Artlq bir neçə müddətdir ki, Ermənistanın 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana qarşı "İsgəndər-M" raketindən istifadə etməsi dəlil sübutlarla təsdiqini tapıb. Bu silahın yalnız Rusiyada mövcud olduğu və onun satışına 1983-cü il anlaşmasına əsasən qadağa qoyulduğunu nəzərə alsaq, o halda silahın Ermənistanda necə peyda olduğu ortaya maraqlı sual çıxarır. Azərbaycan rəsmi şəkildə Rusiya hakimiyyətindən bu məsələyə aydınlıq gətirilməsini istəsə də, lakin rəsmi Kreml diplomatik normalara belə qeyri-etik davranış sərgiləyərək Bakıya bununla bağlı konkret cavab vermir. Bütün bunlar azmış kimi öz qeyri-qanuni hərəkətlərini davam etdirməkdə israrlı görünür. Elə Rusiya sülhməramlı qüvvələrinin mayin 9-da Xankəndində parad keçirmək barədə hazırlıqlara başlaması da məhz şimal qonşumuzun daha bir qeyri-qanuni addımı, Azərbaycana qarşı hörmətsizliyidir.

Bütün bunlar onu deməyə əsas verir ki, Rusiya sülhməramlı missiyası adı altında əslində Putinin regional maraqları və keçmiş ittifaq ölkələrini təsir dairəsində saxlamağı təmin etməyə çalışır. Ümumiyyətlə, işğalçı bir ölkənin sülhməramlı missiya həyata keçirməsi kökündən yalnışdır. Əslində, bu Putin hakimiyyətinin növbəti işğallara doğru gedən yoludur.

Süleyman İsmayılbəyli

Milli Vəhdət Partiyasının sədr müavini

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31