Rus sülməramlıları öz funksiyalarını, missiyalarını vicdanla yerinə yetirməlidirlər

44 günlük Vətən müharibəsinin sonucu olaraq imzalanan 10 noyabr bəyanatına uyğun Qarabağa yerləşdirilən Rusiya sülhmıramlı qüvvələri fəaliyyətə başladıqları ilk günlərdən Azərbaycanın maraqlarına zidd addımlar atmağa başladılar. Təəssüfedici məqam ondan ibarətdir ki, rəsmi Moskva da sülhməramlı qüvvələrinin 10 noyabr bəyanatına zid addımlar atması. bir çox hallarda Azərbaycan cəmiyyətində ciddi etiraz. qıcıq doğuracaq hərəkətlərinə də göz yumur. Nəticə etibarilə Azəbaycan dövləti və xalqının şimal qonşumuza olan etimadı. inamı kiayət qədər azalır. Bu günlərdə Rusiya sülhməramlıları öz missiyalarına zidd olan daha bir prosesi həyata keçirirlər. Söhbət Xankəndində keçirilməsi nəzərdə tutulan 9 may Qələbə paradından gedir. Sözügedən hadisə də Azərbaycanda ciddi etiraza səbəb olub və cəmiyyətin mütləq əksəriyyətinin mövqeyi ondan ibarətdir ki, Rusiya sülhməramlıları öz qeyri-qanuni, Azərbaycanda qıcıq yaradacaq əməllərdən əl çəkməlidirlər. Elə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. O bildirib ki, nə erməni separatçıları, nədəki Rusiya sülhməramlıları Azərbaycanın Xankəndi şəhərində hərbi parad keçirə bilməz: "Bu o qədər açıq-aydın və danılmaz bir həqiqətdir ki, hətta bu həqiqətin istər siyasi, istərsə hüquqi baxımdan isbat edilməsinə belə hər hansı bir ehtiyac görmürük. Rusiya sülhməramlılarının işi-gücü parad keçirmək deyil ki. Rus sülməramlıları sadəcə olaraq Dağlıq Qarabağda öz birbaşa funksiyalarını, missiyalarını vicdanla yerinə yetirməlidirlər. Onların üzərinə düşən yeganə iş budur".

Partiya sədrinin sözlərinə görə, əgər onlar özlərini həqiqətən də sülhməramlı hesab edirlərsə, o zaman zəhmət çəkib bölgədə gerçəkdən də sülh yaratmalıdırlar: "Sülhməramlılıq tərəflərin birinə təssübkeşlik edib, digərini isə qıcıqlandırmaq, təxribata çəkmək deyil. Rusiya sülhməramlılarının mayın 9-da Xankəndidə alman faşizmi üzərində qələbə paradının keçirilməsini planlaşdırmaları təxribatdan başqa bir şey deyil. Sülhməramlı adını daşıyan rusiyalı hərbçilər Dağlıq Qarabağda erməni revanşizmini, erməni separatçılığını lokallaşdırmaq əvəzinə, parad "şou"su göstərməyə hazırlaşırlar. Bu tamamilə absurddur. Dünyadakı mövcud münaqişələrin tarixinə nəzər salsaq və həmin münaqişə zonalarında yerləşdirilən sülhməramlı kontingentlərin fəaliyyətini incələsək görərik ki, indiyə qədər heç bir sülhməramlı kontingent münaqişə zonasına daxil olan ərazilərdə öz ölkəsinin hərbi paradını keçirməyib. Rusiyanın Müdafiə Nazirliyi belə bir təxribatçı ideyanı hardan fikirləşib tapıb, nə üçün "icad" edib və bununla nəyə nail olmaq istəyir, bax, bütün bunlar qaranlıq məqamlardır".

Əlisahib Hüseynov qeyd edib ki, sülhməramlıların missiyası vəziyyəti gərginləşdirmək deyil, konfliktli vəziyyətləri aradan qaldırmaqdır, qarşıdurmalara yol verməməkdir: "Ancaq biz belə görürük ki, Xankəndində parad keçirməklə rus sülhməramlıları neytrallığı, tərəfsizliyi pozmaqda, ermənilərə açıq şəkildə dəstək verməkdə maraqlıdırlar. Deyəsən, onlar unudurlar ki, bu cür məsələlər öncədən rəsmi Bakı ilə razılaşdırılmadan gerçəkləşdirilə bilməz. Azərbaycan tərəfi həmin gün sülhməramlıların yerləşdikləri modul tipli kazarmaların ərazisində təntənəli keçidlərin təşkil edilməsinə normal yanaşar. Onlar öz əsgər və zabit heyətləri üçün bu cür lokal miqyaslı, qapalı tədbirlər keçirmək istəyirlərsə, buyursunlar, keçirsinlər. Ancaq hərbi hissə daxilində təntənəli keçid təşkil etmək ayrı şeydir, Xankəndinin mərkəzində parad keçirmək isə tamam ayrı məsələdir. Bir ölkənin hərbçiləri başqa bir ölkənin şəhərində qələbə paradı keçirə bilməz. Bu aksiomadır".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31