Tarixi torpaqlarımıza qayıdış Azərbaycan dövlətinin strateji siyasətidir
İlham Əliyevin Prezidentliyi dövründə verdiyi bütün sözlərə əməl etməsi də bu siyasətin əsasını təşkil edir”
22 Aprel 2021 11:22 Siyasət"İlham Əliyevin Prezidentliyi dövründə verdiyi bütün sözlərə əməl etməsi də bu siyasətin əsasını təşkil edir"
44 günlük Zəfər müharibəsinin nəticələrindən biri də bu gün daha geniş müzakirə olunan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir, Azərbaycanın həm də siyasi qələbəsinin göstəricisidir. Millət vəkili Oqtay Əsədov qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat regiondakı bütün ölkələr üçün real əməkdaşlıq imkanları yaradıb. Üçtərəfli bəyannamənin 9-cu maddəsi bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunmasını nəzərdə tutur. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir: "Zəngəzur dəhlizi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxımından son dərəcə mühüm elementdir. Bu, Ermənistan daxil olmaqla, regiondakı bütün ölkələrin maraqlarına xidmət edəcək. Azərbaycan da öz növbəsində, bu dəhlizin yaradılması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiqdir". Millət vəkilinin bildirdiyinə görə, Zəngəzur dəhlizinin açılması region ölkələri arasında ticarət və iqtisadi əlaqələrə müsbət təsir göstərəcək. Təbii ki, Azərbaycan da öz maraqlarını təmin etmək üçün lazımi addımlar atmalıdır: "Bu məsələyə aprelin 20-də Hacıqabul rayonuna səfəri çərçivəsində Azərbayvan Televiziyasına müsahibəsində bir daha toxunan Azərbaycan Prezidenti, cənab İlham Əliyevin bildirdiyi kimi, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Dövlətimizin başçısı qeyd etdi ki, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Təbii ki, cənab Prezidentin də qeyd etdiyi kimi, bizim əsas rəqibimiz zamandır, çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir: "Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır". Tarixi torpaqlarımıza qayıdış Azərbaycan dövlətinin strateji siyasətidir. Cənab İlham Əliyevin Prezidentliyi dövründə verdiyi bütün sözlərə əməl etməsi də bu siyasətin əsasını təşkil edir. Dövlətimizin başçısının Azərbaycan naminə, ölkəmizin ərazi bütövlüyünün təmini ilə bağlı verdiyi vədlərin reallığa çevrilməsi "Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır" fikrinin də gerçəkləşəcəyinə əminlik yaradır. İnanırıq ki, xalqımıza qarşı həyata keçirilən tarixi ədalətsizlik öz qiymətini alacaq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə güclü və bütöv Azərbaycan naminə Zəngəzur mahalına qayıdışımızla tarixi ədalətin bərpa olunacağına əminik". O.Əsədov qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verdiyini bildirib. Dövlət başçısı bəyan edib: "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq". Millət vəkili Vüqar Bayramov da hesab edir ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi post-müharibə dövründə region üçün prioritet məsələlərdəndir. Bu Azərbaycanın qərb bölgələrinin Naxçıvan Muxtar Respublikası ilə quru nəqliyyatı vasitəsi ilə birləşdirməklə yanaşı həm də regionda davamlı sülhün formalaşması baxımdan vacibdir: "Zəngəzur dəhlizi 1.1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri iqtisadi baxımdan birləşdirməklə yanaşı ölkəmizin starteji əhəmiyyətini də artıracaq. Dəhliz kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək. Xüsusən də, Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndırəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək".
Alim
Olaylar.az