Noyabrın 8, 9 və 10-da baş verənlərin mahiyyətinə dair bir neçə söz- Əkbər Qoşalı yazır

Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə şanlı Ordumuz işğalçı Ermənistanın ardıcıl hərbi təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə bu il sentybar ayının 27-dən etibarən müzəffər yürüşə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzin­də qurduğu mühəndis-istehkam qurğularını, çoxgirişli "siçovul yuvaları"nı, dağatıcılığı üzrə xüsusi təlimlər görmüş, təbii istehkamlarda dal­dalanmış silahlı bölmələrini (digər qoşun növlərinə aid birliklərini), ümumən Ermənistan silahlı qüvvələrini darmadağın etdi! Fədakar Ordumuz Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Şuşa şəhərini, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini, Kəl­bəcər rayonuna aid strateji məntəqələri, o cümlədən Murov yüksəkliyini və b. yerləri işğaldan azad etdi.

Ümumilikdə, 44 günlük şərəfli, ləyaqətli əks-hücum dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, fərqli coğrafiyalarda yerləşən, (dəniz səviyyəsindən) müxtəlif yüksəkliklərə aid çoxsaylı strateji zirvəni düşmən işğalından azad etdik. Torpağımızın hər qarşı, hər daşımız-dağımız, tək ağacımız, boz çölümüz... bizimçün əzizdir, doğmadır, əlbəttə. Əlbəttə, ictimai fikir rəmzi və strateji anlamda bütün Qarabağın kilid şəhəri kimi Şuşanı qəbul edir, Şuşanı arzulayır, Şuşanı tələb edir, Şuşalı günlərə inanırdı! - Şuşa inancını bizə məhz dövlətimiz, şəhidlərin qanını yerdə qoymayan ordumuz, müzəffər Ali Baş Komandanımız, tarixə müraciətimiz və böyük gələcəyə baxışımız aşılayırdı.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük önəm daşıyan, (artıq vurğuladığımız kimi), rəmzi və strateji məna kəsb edən Şuşa şəhərinin işğaldan azad edilməsi, "kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir" fikrini bir daha təsdiq və təsbit etdi. Şuşa Qarabağdır, Qarabağ Azərbaycandır! Azərbaycan türk dünyasıdır, türk dünyası tərəqqipərvər dünyadır!

Bəli, Şuşa Şuşadır - Şuşadan başqa Şuşa yoxdur; Şuşa həm tamamlayıcı hadi­sədir, həm də özünəxas başlanğıcdır. Heç təsadüfi deyil ki Şuşamız azad edildikdən dərhal sonra - Bayraq Gününə təvafüq edən 9 noyabrda, cənab Prezident daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunması barədə müjdə verdi. Dostun da, düşmənin də tanış olduğu bu müjdənin əhatə etdiyi coğrafiya, relyef, kəmiyyət və keyfiyyət müjdənin əyarını göstərir.

Noyabrın 8-də, 9-da və 10-da baş verənlərin mahiyyətini daha yaxşı anlamaqçün daha iki ünvandan reaksiyalara diqqət etmək önəmlidir. Biri, artıq "keçmiş işğalçı" deyə biləcəyimiz Ermənistanda baş verənlər, yazılanlar, pozulanlar, özlərinin özlərinə hədələri, narazıların, narahatların dövlət orqan­larına basqınları, ilkin talanlar, ilk bəyanatlar... özlüyündə çox şey ifadə edir. Ermənistan narahatdır, ermənilər narahatdır. Ermənistanda "bez pridel"dir, böyük xaosöncəsi titrəşimlər, təlatümlər baş verir orda... Hələ daha nələr olacağını Bir Allah bilir. "Uğursuz dövlət"di zatən, nə desən çıxar ordan. Başlarına dəymiş Azərbaycan Dəmir Yumru­ğun­dan sonra ayılıblarsa, bəlkə bir az ağıllı davranalar; onsuz da düz-əməlli işləməyən bir baş Dəmir Yumruqdan sonra daha da zay olubsa, yenə can onların, cəhənnəm onların, hallarına yanası halımız yoxdur...

21-ci yüzilliyin 20-ci ilinin 8, 9 və 10-cu günlərinə münasibətdə, özəliklə məhz 10 noyabra münasibətdə əvəzsiz qardaşımız Türkiyədən gələn reaksiyalar çox önəmlidir, qiymətlidir. Türkiyə dövlətinin üçtərəfli razılaşma Bəyanatına münasibəti aydınlaşdırıcı, müəyyənləşdirici, sabitləşdirici faktor kimi çıxış edir. Türkiyə Cümhurbaşqanı, Türkiyə Böyük Millət Məclisi başqanı, Türkiyə Xarici işlər naziri, Türkiyə Milli Müdafiə naziri və başqa rəsmlərin ən yeni açıqlamaları ictimaiyyətimizə bəllidir.

Əvəzsiz qardaşımıza nə qədər övgü, tərif yağdırsaq, nə qədər vəsf etsək azdır!

Yaşa, var ol, əziz Türkiyə!

Nə təvafüqdür ki, 10 noyabr qardaş Cümhuriyyətin qurucusu Qazi Mustafa Kamal Atatürkün əbədiyyətə intiqalının ildönümü günüdür. Atatürk 57 illik fiziki yaşamı boyunca türk millətinin, doğma Vətəninin müstəqilliyi üçün girdiyi hər mücadiləni hərbi və siyasi dühası ilə zəfərlə taclandırıb. Atatürkün "Sevinci sevincimiz, kədəri kədəri­mizdir" dediyi qardaşı Azərbaycanın əlamətdar günüdür bu gün. - O sevinc ki bölüşdükcə çoxalır, o kədər ki bölüşdükcə azalır...

Bəli, Şuşanın alınması, qəhrəman əsgərimizin mətin ayaq səslərinin Xankəndində eşidilməsi Ermənistanı hərbi dirənişdən əl çəkdirdi, möcüzəyə inamdan daşındırdı. - İşğalçı ölkənin bütün manevr imkanları çökdü, "guya demokrat" Paşinyanın və höku­mə­tinin gözünə qaranlıqlar köçdü, uğursuz dövlət dünya ictimaiyyətini aldatmaq taktikası ilə də dalana dirəndi. Erməni hiyləgərliyi məna və məz­mununu, təsirini çox önəmli ölçüdə itirdi. Düşmən öz maksimalist tələblərinin girovuna və nəhayətdə qurbanına çevrildi. Er­mənistanda Ermənistanlılıq qalmayıb; Dağlıq Qarabağda erməni nüfuzu sabun köpüyünə dönüşüb; dünyada erməniliyin xışı yerə batmaz olub...

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin imza­ladığı Bəya­nat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır.  Ermənistan nə istəyirdi? - Dağlıq Qarabağa müstəqillik - Azərbaycan torpaqlarında ikinci erməni dövləti qurmaq. Ermə­nis­tan, şəxsən Paşinyan "Artsax" adlandırdıqları qondarma "respublika"nı yalnız keçmiş DQMV hüdudları içində deyil, işğal edilmiş bütün Azərbaycan torpaqları üzrə şəkil­ləndirmişdi. Ermənistanın, şəxsən Paşinyanın Azərbaycana 1 kv.metr torpaq qaytarmaq fikri yox idi. Bu fikir yoxluğu çoxsaylı "siçovul yuvaları" ilə sabitdir; nə qədərini məhv etdiyimiz, nə qədərini qənimət götürdüyümüz silahlar, hərbi texnika... zərərsizləş­dirdi­yimiz, sıradan çıxardığımız çoxsaylı şəxsi heyət... dağıtdı­ğı­mız, yardığımız, sıfırladığımız səngərlər, xətlər, sığınacaqlar, tunellər... bizim olanları bizə qaytarmaqçünmü təşkil edilmişdi, əcaba?!. Məhz Dəmir Yumruqla 44 gün başlarına döyə-döyə, iti qovan kimi qova-qova həyatı başa saldıq Ermənistan uğursuz dövlətinə də, ən uğusruz Baş nazirə də...  

Məhz həmin Ermənistan, məhz "7 şərt" müəllifi Paşinyan, məhz "yeni müharibə, yeni ərazilər" tezisi ilə çıxış edən Tonoyan, bütövlükdə Ermənistan hərbi-siyasi rəhbərliyi Azər­baycan Prezidentinin dəfələrlə bəyan etdiyi öhdə­likləri - "vaxt cədvəli"ni quzu-quzu qəbul etdi. Aram Sarkisyan, nə bi­lim, II Qaragein-filan... "Təslim olduğumuzu KİV-dən öyrən­dim" kimi açıqlamalar verir, neynəyir, öz işləridir; öz işləri deyilsə də, işləkləridir - yenə özləri bilər, bir-biri ilə dartışsınlar, dalaşsınlar, barışa bilsələr də barışsınlar, artıq bir məna ifadə etməz. Paşinyan cəhənnəmə kiminlə gedəcəyini seçmə hüququnu özündə saxlayır - "cəhənnəmə gedən özünə yoldaş axtarar"...

Hələ bir "şəhər komendantı" da vardı - özünəgörə keçilməz "Ohonyan xətti" çəkmiş Seyran Ohonyanı deyirəm. Adam general-polkovnikdi guya, "qalib ordu"ya rəhbərlik etmişdi, neynəmişdi... - bəlli oldu ki, bir şəhər komendantlığına da yaramırmış. Bir daha bəlli oldu ki o və onun kimi digər erməni general-polkovniklərinin "güc"ləri başqa ünvanlardan "zaryadka" olunurmuş zamanında və budur, "şarj aləti" şəbəkədən ayrılınca, "ya söndürülüb ya da əhatə dairəsindən qıraqda qalıb"lar...

***

Əcdadların hərb gələnəkləri ilə çağdaş elektron hərbin yeniliklərini universal şəkildə birləşdirən və uğurla tətbiq edən Azərbaycan Ordusu dünya hərb tarixinə adını qızıl hərflərlə yazdı. Müharibə meydanında ağır yenilgilər alan Ermənistan ordusu cəbhədən uzaqlardakı mülki əhalimizə xain raket hücumları təşkil edərkən də, Azərbaycan Ordusu müharibədə öz qızıl ləyaqətini sonadək qorudu, necə deyərlər, birtərəfli centlmen savaş apardı.

Müharibənin siyasi-diplomatik meydanında baş verənlər də ibrətamizdi. Klassik erməni yalanlarının, erməni saxtakarlıq və etibarsızlıqlarının təkrarlanması müqabilində Azərbaycan Prezidenti Ermənistana, dünya erməniliyinə, erməniyanlılara əsl diplomatiya dərsi keçdi. Cənab İlham Əliyevin dünyanın 30-a yaxın aparıcı media orqanına verdiyi yüksək əyarlı və tarix ayarlı müsahibələri ümumdünya informasiya məkanında ölkəmizə, qarşı olan hücumları darmadağın etdi, şüurlara təsir etdi, fikirləri dəyişdirdi.

Haqqında bəhs olunan birgə Bəyanatda "Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır" məzmunlu 5-ci bənd, Rusiya və Türkiyə sülhməramlılarının əraziyə gəlməsini ehtiva edir. Bu, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazi­lərindən çıxarılması ilə sinxron qaydada aparılacaq.

Bir daha vurğulamaqda fayda var: Аrtıq "qoşunların təmas xətti" anlayışı yoxdur. Atəşkəs hal-hazırda Ermənistan və Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur.

Özəlliklə vurğulamalıyıq ki Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyev həmişə bildirirdi ki, müharibənin həlli sürəcində Türkiyə də iştirak etməlidir. Qardaş ölkə atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə monitorinq mis­siya­sında fəal yer alacaq. Gizlətməyin yeri deyil, Azərbaycan ictimai fikri Türkiyə hərbçi­lərinin prosesdə iştirakını Azərbay­canın maraqlarının əleyhinə hər hansı ad­dım atılması qarşısında ən güvəncəli amil hesab edir.

Başqa bir mühüm məqam, proses çərçivəsində Naxçıvanın blokadadan azad edilməsi olacaq. Ermənistan ərazisi ilə Naxçıvan və materik Azərbaycanın digər rayonları arasında etibarlı dəhliz yaradılacaq.

Aydındır ki, məğlub olan varsa, qalib olan da var. Məğlub olan kasıb Ermənistan ciddi itkilərin ağrısını hələ uzun müddət çəkəcəksə, qalib olan bizlər bütün sferalar və əməli fəaliyyət sahələri üzrə üstünlüklərimizlə, qazanclarımızla daha üstün həyatımızı təmin edəcəyik.

Azərbaycan Prezidentinin "Mən nəyi necə və nə zaman etməyi bilirəm" formulu ötən günlərdə bir neçə dəfə özünün ən parlaq ifadəsi ilə təcalla etdi. Mən 10 noyabr Bəyanatına da məhz həmin formulla baxılmasını, dövlət babaya güvənilməsini alterna­tivlərin ən yaxşısı hesab edirəm.   

Azərbaycan bütövlükdə bölgədə yeni siyasi gerçəklik yaradıb. 

Bütün dünya (dost da, düşmən də) aydın şəkildə gördü ki, Azərbaycan dövləti, xalqı heç vaxt məğlubiyyətlə barışmır və gec-tez öz tarixi, hüquqi, mənəvi haqlarına yiyələnməyi bacarır.

Prezident İlham Əliyevin son 17 il içində yürütdüyü siyasət, həyata keçirdiyi strategiya torpaqlarımızın işğaldan azad olunmasının ən başlıca səbəblərindəndir. Güclü dövlət, güclü ordu nəyə qadirdir hamı gördü. Daha da görəcəklər...

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

BAYRAĞIMIZ UCA OLSUN!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31