Ali Baş Komandan Ermənistanı kapitulyasiyaya məcbur etdi

Sədaqət Vəliyeva: "Azərbaycanla Ermənistan arasında yalnız dövlət sərhəd xətti  mövcud olacaq"

Azərbaycan tarixi zəfərə, tarixi qələbəyə imza atdı. Sentyabrın 27-də baş verən erməni təxribatına cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı qısa müddətdə uzun illər ərzində erməni işğalı altında olan şəhər və rayonlarımız, kənd və qəsəbələrimizin düşməndən təmizlənməsinə yol açdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurlu hərbi əməliyyatlara imza atan müzəffər Azərbaycan Ordusu 1 aydan artıq müddət ərzində həyata keçirdiyi uğurlu gedişləri ilə bir sıra vacib məqamları önə çıxardı, dünyanın diqqətini özünə yönəltdi.

Həyata keçirilən uğurlu hərbi əməliyyatlar Azərbaycan Ordusunun nəinki regionun, eyni zamanda dünyanın güclü ordularından olduğu reallığını ortaya qoydu. Həmçinin bu əməliyyatlar Azərbaycan xalqının torpaqlarının işğal altında qalması ilə barışmayacağını əməldə sübuta yetirdi. Ən əsası Azərbaycan regionun nizamını dəyişdi, regiona yeni nəfəs, düzən gətirmiş oldu. Bütün bunlarla yanaşı ən başlıca məqam Azərbaycan Ordusu ermənilərin məğlubedilməzlik sindromunu tamamilə qırdı. Təsadüfi deyil ki, hərbi əməliyyatların davam etdiyi bu müddət ərzində Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın kənd, çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Ən əsası noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Bütün bu amillər və döyüş meydanında erməni hərbiçilərinin sarsıdıcı zərbə alması nəticə etibarilə Ermənistanı təslimçi sülhə məcbur etdi və noyabrın 10-da bütün dünya buna şahidlik etdi. Beləliklə, Rusiya Federasiyasının prezidenti Vladimir Putinin də iştirakı ilə tərəflər arasında sülh razılaşma əldə edildi. Və bununla da Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsi rəsmən təsdiqləndi.  Milli Məclisin deputatı Sədaqət Vəliyeva qələbə xəbəri, zəfər müqaviləsi barədə danışarkən qeyd edib ki, Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" ifadəsi Qələbəmizin rəmzinə, xalqımızın qələbə ruhuna çevrildi. Onun sözlərinə görə, bütün Azərbaycan, dünya azərbaycanlıları milli qürur və qələbə  tarixini yaşayır: "Müzəffər Ali Baş Komandanımız, rəşadətli ordumuz, qürurlu, ləyaqətli xalqımız  Ermənistanı rəzil duruma saldı, kapitulyasiyaya məcbur etdi. Birlik rəmzi olan "dəmir yumruq" düşmənlərimizə tarixi dərs verdi və torpaqlarımız işğaldan azad edildi. Artıq dekabrın 1-dək Qarabağımız tam azad olunacaq, referendum olmayacaq, Naxçıvana qədim torpaqlarımızdan keçərək gedəcəyik. Gözünüz aydın olsun!". Sədaqət Vəliyeva bildirib ki, artıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu: "Uzun illər davam edən işğala son qoyuldu, işğalda olan bütün torpaqlarımız erməni silahlı qüvvələrindən azad edildi. Ermənilərin arzusu olan Dağlıq Qarabağın "statusu" məsələsinə də son qoyuldu və yurd həsrətilə yanan, qovrulan bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq".

Deputat deyib ki, artıq Azərbaycanla Ermənistan arasında yalnız dövlət sərhəd xətti  mövcud olacaq: "Artıq nə təmas xətti var, nə də təhdid. Azərbaycan düşmənlərini iti qovan kimi qovdu, başlarını əzdi, onlara layiq olduğu yeri göstərdi. Eyni zamanda, əldə olunmuş razılaşmaya əsasən münaqişə tərəflərinin razılaşdırmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədi ilə atəşkəsə nəzarət üçün  Sülhməramlı Mərkəz yaradılır. Bu Mərkəzdə Türkiyə və Rusiya hərbçiləri fəaliyyət göstərəcək. Bundan sonra bütün azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının qanunları tətbiq olunacaq, bütün azad olunmuş torpaqlarımızda yalnız Azərbaycan manatı dövriyyəyə buraxılacaq, bütün azad olunmuş torpaqlarımızda Azərbaycan Polisi xidmət göstərəcək. Tarixi, siyasi və iqtisadi əhəmiyyətə malik olan Naxçıvanla Azərbaycanın arasında  bütün kommunikasiya xəttləri bərpa ediləcək. Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" ifadəsi Qələbəmizin rəmzinə, xalqımızın qələbə ruhuna çevrildi".

Süleyman

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31